Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pakistan-Əfqanıstan danışıqlarında III raund...

Pakistan-Əfqanıstan danışıqlarında III raund...

01.11.2025 [09:35]

Bu dəfə liderlər İstanbula gələcək

İki ölkə arasında sülh əldə olunmasa...

Oktyabrın ilk ongünlüyündən başlayan Əfqanıstan ilə Pakistan arasındakı gərginlik səngimir. Düzdür, hərbi toqquşmalara ara verilsə də, bunun hər an başlama ehtimalı qalmaqdadır. Tərəflər arasında baş tutan ilk iki danışıqlar prosesi də səmərəsiz olub - qeyd edək ki, tərəflər arasında Türkiyə və Qətərin vasitəçiliyi ilə iki danışıqlar raundu keçirilib. 18-19 oktyabrda Dohada, 25-30 oktyabr tarixlərində isə İstanbulda keçirilən görüşün ən mühüm nəticəsi hələlik atəşkəsin əldə olunmasıdır. Tərəflər atəşkəsi davam etdirmək barədə razılığa gəlsələr də, əsas nəticəyə nail olmaq üçün yenidən görüşə ehtiyac duyulur. Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, əlavə icra şərtləri 6 noyabrda İstanbulda keçiriləcək liderlərin görüşündə müzakirə olunacaq və müəyyən ediləcək.

Atəşkəs əldə olunub - amma müvəqqəti...

Vurğulayaq ki, oktyabrın 9-da Pakistan təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, Əfqanıstan sərhədi yaxınlığında silahlıların hücumu nəticəsində azı 11 pakistanlı hərbçi həyatını itirmişdi. Bununla başlanan toqquşmanın sonradan miqyası böyüdü - “Taliban”ın rəhbərlik etdiyi Əfqanıstan hökuməti isə Pakistanı hava məkanını pozmaqda ittiham etdi. Bildirildi ki, Pakistan qüvvələri təxminən 2600 kilometr uzanan şərti sərhəd olan Durand xətti yaxınlığındakı bazara zərbələr endirib. Sonrakı günlərdə “Taliban” qüvvələri bir neçə istiqamətdən Pakistanın sərhəd mövqelərinə hücum etsə də, geri oturduldu. Pakistan ordusu şimal-qərbdəki Xayber Paxtunxva əyalətindəki Kurram Agentliyindəki nəzarət məntəqələrinə edilən hücuma Əfqanıstan ərazisindəki terrorçu qrupların mövqelərinə zərbə endirməklə cavab verdi. Pakistan Xarici İşlər Nazirliyi daha sonra Əfqanıstanla müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqladı.

Əfqanıstan “Təhrik-e Taliban”a yardım etməyi dayandırmasa...

Münaqişənin başlanma səbəbi kimi isə İslamabadın Əfqanıstanı “Təhrik-e Taliban”a yardım etməsini dayandırmaqla bağlı tələbi göstərilir. Qeyd edək ki, “Taliban” 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan və Pakistan arasında sərhəd münaqişələri dəfələrlə alovlanıb. Pakistan hökuməti “Taliban”ı İslamabadı təhdid edən “Təhrik-e-Taliban” hərəkatına sığınacaq verməkdə ittiham edir. Qruplaşmanın son dövrlərdə Pakistan təhlükəsizlik qüvvələrinə hücumları artırıblar. Bu il dərc edilən BMT hesabatında yaraqlı dəstənin de-fakto hakimiyyətdən - Kabildəki Taliban hökumətindən əhəmiyyətli dərəcədə logistik və əməliyyat dəstəyi aldığı bildirilir. AFP-nin Pakistan ordusunun sözçüsünə istinadən verdiyi məlumata görə, yanvar ayından 15 sentyabra qədər yaraqlılarının hücumları nəticəsində 311 Pakistan əsgəri və 73 polis əməkdaşı da daxil olmaqla 500-dən çox insan həlak olub. “Mənbələr bildirib ki, Kabil rejimi Pakistanın terrorizmlə mübarizə tələblərini tam yerinə yetirməkdə hələ də istəksizdir. Etibarlı mənbələr görüşün fikir ayrılıqları ilə müşayiət olunduğunu bildirib: Pakistan öz təkliflərində israr edib, Əfqanıstan Taliban nümayəndə heyəti isə Kabildən gələn təlimatlara əsasə hərəkət edir”, - deyə telekanal bildirib.

Qeyd edək ki, münaqişə başlandığı gündən etibarən beynəlxalq diqqət mərkəzindədir. Hələ ilk günlərdə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Pakistan ilə Əfqanıstan arasında davam edən hərbi qarşıdurmanı nizamlaya biləcəyinə inanır. “Mən eşitmişəm ki, hazırda Pakistanla Əfqanıstan arasında müharibə gedir. Mən indi başqa bir münaqişə ilə də məşğulam, çünki münaqişələrin həlli sahəsində yaxşıyam,” - deyə Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Qarşıdurmada Hindistan amili...

Bir sıra siyasi şərhçilər baş verənləri Pakistan-Hindistan münasibətləri çərçivəsində dəyərləndirir. Belə ki, bir zamanlar Əfqanıstanla Pakistan müttəfiq dövlətlər sayılsa da, Talibanın yenidən hakimiyyətə qayıdışından sonra bu əlaqələr fərqli məcra qazanıb - toqquşmaların məhz 9 oktyabrda, Taliban xarici işlər naziri Əmirxan Müttəqinin Hindistana rəsmi beş günlük səfəri dövrü ilə üst-üstə düşməsi də bu mənada təsadüfi sayıla bilməz. Qeyd edək ki, səfər zamanı ikitərəfli əməkdaşlıq, Əfqanıstanda Hindistan infrastruktur layihələrinin bərpası və Kabildə Hindistan səfirliyinin açılmasının mümkünlüyü müzakirə edilmişdi. Beləliklə, Əmirxan Müttaqinin Hindistana səfəri və “Təhrik-e Taliban”ın Pakistan qoşunlarına hücumu qruplaşmanın İslamabaddan uzaqlaşdığı və artıq etibarlı müttəfiq hesab edilə bilməyəcəyi təəssüratını gücləndirib. Bu mənada, İslamabadın narahatlığı başadüşüləndir - Hindistanın Əfqanıstandakı artan təsiri və fəaliyyəti regionda hərbi və geosiyasi tarazlığı dəyişə bilər və nəticədə “Təhrik-e Taliban” fəallaşdırılar. Onsuz da Pakistanın bəzi regionlarında, əsasən puştun bölgələrində həmin qruplaşmanın yaratdığı təhlükə ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdiddir.

İqtisadi nizamsızlıq: kimə nə sərfəlidir?

Ciddi gərginliyə baxmayaraq, Əfqanıstanın Pakistandan iqtisadi asılılığı da mövcuddur - Pakistanla münasibətlərin kəsilməsi Talibanı Karaçi və Qvadar limanlarına çıxışdan məhrum edəcək ki, bu da kövrək Əfqanıstan iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu vəziyyət təkcə Hindistana (Əfqanıstanda siyasi təsirini genişləndirmək və Pakistana təzyiq göstərmək baxımından) deyil, həm də digər region ölkələrinə (Əfqanıstanla milyardlarla dollarlıq ticarət dövriyyəsi və Karaçi və Qvadarı əvəz edə biləcək limanları ilə) fayda verir. İlk baxışda bu minimal iqtisadi “fayda” da heç bir dövlətin marağında deyil - çünki Əfqanıstandakı hər hansı bir qeyri-sabitlik bütün Yaxın Şərq, Orta Asiya və bölgənin təhlükəsizliyinə təsir göstərir. Bu, xüsusilə Pakistanın strateji tərəfdaşı və Talibanla proqnozlaşdırıla bilən münasibətlər axtaran Çin üçün keçərlidir. Davam edən hərbi qarşıdurma Sincanı Qvadar limanı ilə birləşdirən Çin-Pakistan İqtisadi Dəhlizini (CPEC) iflic edə bilər. İran isə qanunsuz sərhəd keçidləri ilə mübarizə aparmaq üçün Xorasan Rəzəvi əyalətində Əfqanıstanla sərhəddə 74 kilometr uzunluğunda, 4 metr hündürlüyündə tikanlı məftillərlə örtülmüş beton divar tikir.

Rusiya da münaqişənin qızışmasında maraqlı görünmür - bununla belə, Əfqanıstanda və ümumiyyətlə Mərkəzi Asiyada artan hər hansı qeyri-sabitlik Moskvanın regionda hərbi mövcudluğunun və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın - həm KTMT daxilində, həm də ikitərəfli şəkildə - əhəmiyyətini gündəmə gətirə bilər.

Digər tərəfdən, Pakistan və Taliban arasında silahlı qarşıdurma Mərkəzi Asiyanı xarici bazarlarla birləşdirən infrastruktur layihələrinin - nəqliyyat, tranzit və enerji layihələrinin həyata keçirilməsinə mane olur.

Beləliklə, Pakistanla Taliban arasındakı gərginliyin ortamüddətli perspektivdə Avrasiyada regional təhlükəsizlik üçün əsas məsələ olaraq qalacağı qənaətinə gəlmək olar. Şübhəsiz ki, regional və regiondan kənar aktorlar Əfqanıstan-Pakistan münasibətlərini diqqətlə izləməyə davam edəcək - diqqət isə yenidən İstanbula dikiləcək...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30