Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Üç həftədən sonra nə baş verəcək?

Üç həftədən sonra nə baş verəcək?

03.06.2022 [10:42]

Taleh AĞAVERDİYEV

HIMARS artıq Avropaya çatıb

ABŞ Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım elan edib. İyunun 1-də ABŞ-ın aparıcı qəzetləri və xəbər agentlikləri ölkənin Ukraynaya M142 HIMARS (High Mobility Artillery Rocket System) uzaqmənzilli reaktiv yaylım atəş sistemi (RYAS) və onlar üçün mərmi verəcəyini açıqlayıb. Məlumatı ABŞ prezidenti Cozef Bayden də təsdiqləyib. Yeni yardım paketi çərçivəsində ABŞ Ukraynaya həm də 4 Mi-17 helikopteri, onlarla Javelin tank əleyhinə raket kompleksi, 15 döyüş maşını, beş əks batareya radarı, iki hava müşahidə radarı, 6000 tank əleyhinə silah, 15000 155 mm çaplı mərmi, ehtiyat hissələri və digər avadanlıqlar verəcək.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə bildirib ki, ölkəsi Ukraynaya Amerikanın M270 MLRS raket komplekslərini verəcək. Bu addım Vaşinqtonun Ukraynanı HIMARS sistemi ilə təmin etmək qərarı ilə sıx əlaqələndirilib. Əslində, HIMARS və M270 MLRS oxşar imkanlara və atəş məsafəsinə malikdir, lakin HIMARS daha yüngül versiyadır, təkərli şassidə 80 km/saat sürətlə hərəkət edir. İstifadə edildikdə ukraynalılar Rusiya PUA-ları onları aşkar etməmişdən əvvəl atəş açıb qaça bilərlər. M270 MLRS tırtılda hərəkət edir, yəni HIMARS-dan daha yavaşdır. Lakin HIMARS eyni vaxtda altı raket ilə atəş aça bilər, M270 MLRS isə 12.

Beləliklə, Amerikanın RYAS-in Ukraynaya tədarükü ətrafında intriqa həll olundu. Ukrayna bir neçə həftədir ki, qoşunlarının Rusiya şəhərlərini atəşə tutmayacağına dair verdiyi vədlərə baxmayaraq, RYAS-in tədarükünü tezləşdirmək istəyir... Birləşmiş Ştatlar 300 kilometrə qədər atəş məsafəsinə malik uzaqmənzilli sistemlərin tədarükünün Ukrayna qoşunlarına Rusiya ərazisinin dərinliyində olan hədəfləri vurmağa imkan verəcəyindən ciddi şəkildə ehtiyat edirdi. Çünki bu, böyük ehtimalla eskalasiyanın kəskinləşməsinə və ABŞ-ın münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq. Mayın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ərazisinə çata bilən silahların tədarükünün “qəbuledilməz eskalasiyaya doğru ciddi addım” olacağını bildirmişdi.

Sonda kompromis həll yolu qəbul edildi. Məsələ bundadır ki, bu sistemlərin atəş məsafəsi hansı sursatın istifadə olunduğundan asılıdır. Düşməni məğlub etmək üçün Amerika RYAS-i çoxlu müxtəlif raketlərə malikdir - həm klaster döyüş başlığı ilə idarə olunmayan M26 raketləri (45 km-ə qədər uçur), həm də idarə olunan GMLRS M30 və ya M31 (və onların A1 işarəsi ilə təkmilləşdirilmiş versiyaları). Raketin uçuşu GPS ilə idarə olunur. Hər iki RYAS-in atmağa qadir olduğu ən güclü sursat ATACMS raket ailəsidir. Bu raketlərin bütün növləri idarəolunandır. Modifikasiyadan asılı olaraq, ATACMS 140-dan 300 km-ə qədər (qeyri-rəsmi məlumatlara görə, 500 km-ə qədər) məsafədə hədəfləri vurmağa qadirdir. Bu, Sovet “Toçka-U” və ya Ukraynanın “Olxa-M”-dən (120 km yaxın) çoxdur. Və Rusiyanın gözlənilməz reaksiyasına səbəb olmamaq üçün ABŞ Ukraynaya məhz bu raketləri verməyəcək.

Ukrayna, çox güman ki, GMLRS ailəsindən 70 km-ə qədər (maksimum məsafəsi gizli saxlanılır) mənzilə malik raketləri alacaq. Bu, Sovet istehsalı olan raketlərə malik “Smerç” RYAS ilə təxminən eynidir. Bu raketlərlə Amerika RYAS-in uçuş məsafəsi ABŞ-ın bu yaxınlarda Ukraynaya tədarük etdiyi M777 haubitsalarından təxminən iki dəfə çoxdur.

Hərbi ekspertlərin fikrincə, HIMARS və M270-in Rusiyanın istifadə etdiyi RYAS-in qarşısında əsas üstünlüyü dəqiqlik və sürətdir. Rusiya raketlərindən fərqli olaraq GMLRS raketi “bir atış - bir hədəfi vurma” prinsipi ilə işləyir. Yəni bir M270 batareyası (6 RYAS) eyni vaxtda 72 hədəfi vura bilər, Rusiya RYAS-in idarə olunmayan raketləri isə bir, yaxud ya iki hədəfi vurma effektinə malikdir. Atışdan sonra “Smerç”in döyüş heyətinə onu yenidən yükləmək və yeni mövqe tutmaq üçün bir saat lazımdır. M270 isə bir saatda 6-10 dəfə yenidən yüklənə bilər.

Ukrayna əsgərlərinə və mülki əhaliyə ən çox ziyan hazırda Rusiya artilleriyası tərəfindən verilir. Lakin Qərb yaxın gələcəkdə bu balansı bərabərləşdirməyə çalışır. Ukrayna artıq ABŞ və müttəfiqləri tərəfindən tədarük edilmiş 100-dən çox 155 mm-lik haubitsa yerləşdirib. Tezliklə Fransa Ukraynaya “Caesar” özüyeriyən artilleriya qurğularının yeni partiyalarını, Polşa - daha 18 ədəd müasir KRAB özüyeriyən haubitsalarını tədarük edəcək. Ancaq tək başına bu silahlar Rusiya ordusunun Donbasda topladığı böyük atəş gücünü kompensasiya etmək üçün kifayət deyil.

Amerika RYAS-nin Ukraynaya tədarükü isə döyüş meydanında vəziyyətin dəyişməsinə mühüm töhfə verə bilər. Onların köməyi ilə Ukrayna ordusu Rusiya müdafiəsinin dərinliklərindəki hədəfləri vura biləcək: Rusiya artilleriyasını, komanda məntəqələrini, təchizat xətlərini, hava hücumundan müdafiə sistemlərini və düşmənin hava bazalarını məhv edə (məsələn, bir M30A1 raketi 10-a qədər vertolyotu məhv edə bilər), qoşunların konsentrasiyasına zərbə endirə biləcək. Bununla belə, hərbi ekspertlər hesab edir ki, müharibənin gedişatını dəyişmək üçün Ukraynaya ən azı 48 M142 və ya M270A1 qurğusu lazımdır (bəzi məlumatlara görə, ABŞ Ukraynaya 4 M142 RYAS-i verəcək).

Dünən xarici KİV-lərin verdiyi məlumata görə, bu raket sistemləri artıq Avropadadır. Ukrayna hərbçilərinə RYAS-nin idarə edilməsi, onlara texniki qulluq və onlardan istifadə üçün taktikaların hazırlanması üzrə təlim keçmək üç həftəyə qədər çəkə bilər. Ekspertlərin fikrincə, onlar iyunun sonuna kimi Ukraynaya daxil ola bilərlər.

Eyni zamanda, Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya hökuməti Ukraynanı müasir IRIS-T SLM hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək qərarına gəlib. Görünür, bu addım Amerika RYAS-nin qorunmasını təmin etmək məqsədi daşıyır. Həmçinin ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya dörd MQ-1C Grey Eagle PUA-tı satmaq qərarına gəlib.

Amma Ukraynaya raket sistemlərinin tədarükü gizli risklər daşıyır ki, bunlardan biri də Rusiya qoşunları tərəfindən Ukrayna ərazilərinin kütləvi şəkildə raket atəşinə tutulması ola bilər. Rusiya tərəfi artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səviyyəsində Kiyevin vədlərinə inanmadıqlarını bəyan edib. Məsələ bundadır ki, Ukrayna sərhədindən Belqoroda qədər olan məsafə 40 kilometrdən də azdır. Yəni hətta adi M30/31 raketləri ilə də Ukrayna Silahlı Qüvvələri nəzəri olaraq Belqorodu atəşə tuta biləcəyi bir məsafəyə malikdir. Bundan əlavə, Rusiya hesab edir ki, Ukrayna Amerika RYAS-ni adi mərmilərlə alaraq, onları məsələn, Polşadan alınan uzaqmənzilli raketlərlə yenidən təchiz edə bilər. Belə ki, Varşava 500 belə sistem almağı planlaşdırır. Onlara NATO müttəfiqləri kimi ABŞ ATACMS ailəsinin raketlərini verə bilər. Və bu halda Kursk (190 km), Voronej (280 km), Bryansk (380 km) kimi Rusiyanın şəhərləri məhv edilmə zonasında olacaq.

Paylaş:
Baxılıb: 397 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Bakıda anbar yanır

18 Avqust 14:53

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31