Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Təqaüdə çıxmalıdırlar”

“Təqaüdə çıxmalıdırlar”

05.07.2024 [10:45]

ABŞ-da keçirilən sorğuda vətəndaşlar Bayden və Trampın prezidentliyə namizəd olmasını istəmədiklərini bildiriblər

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqadər siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə indiki prezident, demokratların namizədi Co Bayden və keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp arasında gedir. Bir neçə gün öncə hər iki namizəd debata da çıxdılar. ABŞ Prezidenti  81 yaşlı Co Baydenlə 78 yaşlı Donald Tramp arasındakı  debat dünya ölkələrində maraqla izlənildi. Onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəliblər. 90 dəqiqə davam edən debatın moderatorları  Ceyk Tapper və Dana Baş olublar. Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb.

Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknot saxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçün tərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub. CNN-in apardığı auditoriya sorğusuna əsasən, debatın qalibi 67 faiz səslə Tramp olub. Qərb ölkələri isə  ABŞ Prezidenti Co Baydenin keçmiş dövlət başçısı, prezidentliyə namizəd Donald Trampla debatdakı zəifliyindən təşvişə düşüb. Bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb. Xarici diplomatlar və rəsmilər xüsusilə Co Baydenin hərəkətlərindən məyus və hətta narahat olduqlarını ifadə ediblər. “Tramp özünün tipik qəribə açıqlamalarını versə də, Baydenin qəbul edilən zəifliyi daha çox göz qabağındadır. Xarici siyasət müzakirələri səthi xarakter daşıyır. Bayden öz fikrini söyləyə bilmir, - deyə  avropalı diplomatlar nəşrə  bildiriblər. Vitse-prezident Kamala Harris isə debatdan sonra ABŞ Prezidenti Co Bayden barədə fikirlərini söyləyib. Onun sözlərinə görə, amerikalılar onun debat çıxışlarına deyil, ölkə üçün gördüyü işlərə diqqət yetirməlidirlər.

CNN telekanalının keçirdiyi sorğunun nəticələri isə göstərib ki, əksər seçicilər ABŞ Prezidenti Co Baydenlə keçmiş dövlət başçısı Donald Trampın debatının onların namizəd seçiminə təsir etmədiyini bildirib. Verilən informasiyaya əsasən, qeydiyyatda olan hər on seçicidən təxminən səkkizi (81 faiz) debatı izlədikdən sonra ABŞ-ın növbəti prezidenti üçün seçimlərini dəyişməyib. Respondentlərin 14 faizi debatın onları düşündürdüyünü, lakin seçimini dəyişmədiyini bildirib. Sorğu iştirakçılarının yalnız 5 faizi seçimlərini dəyişdiyini bildirib.

Sorğu həmçinin debatların Baydenin imicinə mənfi təsir göstərdiyini müəyyən edib. ABŞ-ın hazırkı rəhbərinin reytinqi 37 faizdən 31 faizə enib. Tramp isə əksinə, öz reytinqini 40 faizdən 43 faizə yüksəltməklə mövqeyini möhkəmləndirib.

NBC News kanalının keçirdiyi sorğu isə yeni məqamları ortaya çıxarıb. Belə ki, sorğunun nəticələrinə əsasən ABŞ vətəndaşları 2024-cü ildə keçiriləcək prezident seçkilərində əvvəlki rəqiblərin namizəd olmasını istəmirlər. 81 yaşlı Baydenin namizəd olmasını istəməyənlərin yarısı prezidentin yaşının “əsas səbəb” olduğunu bildirir. “Hazırkı mərhələdə bu, 2020-ci il seçkilərinin davamına çevrilməsi olardı” - deyə Hart Research təşkilatından demokrat Ceff Horvitt bildirib. “Onların hər ikisi təqaüdə çıxmalıdır”, - deyə sorğuda iştirak edən Vaşinqton ştatından sakin söyləyib. Bu tələb xüsusilə Baydenlə bağlı daha çox səslənir. Trampa gəlincə, amerikalıların 60 faizi, o cümlədən respublikaçıların üçdə biri, keçmiş prezidentin 2024-cü ildə namizədliyini irəli sürməməli olduğunu düşünür. Vətəndaşların belə rəylərinə baxmayaraq, hər iki şəxs seçkilərdə iştirak etməkdə israrlıdır.

Bu arada, Prezident Co Bayden ölkənin Ali Məhkəməsinin keçmiş prezident Donald Trampın Kapitoliyə hücumla bağlı mühakimədən qismən toxunulmazlığının tanınması qərarını tənqid edib. “Praktiki baxımdan, bu qərar o deməkdir ki, prezidentin edə biləcəyi işlərdə artıq məhdudiyyətlər yoxdur. Bu, prinsipcə yeni prinsip və təhlükəli presedentdir. Prezidentin səlahiyyətləri artıq qanunla məhdudlaşdırılmır”, - deyə Bayden bildirib. “DW” nəşri yazır ki, ABŞ-da prezident seçkilərinə 4 ay qalmış bu ölkənin Ali Məhkəməsi qərar çıxarıb ki, təqibdən mütləq toxunulmazlıq prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində törətdiyi hərəkətlərə şamil edilir. Eyni zamanda, müdafiə onun fərdi şəxs kimi “qeyri-rəsmi” həyata keçirdiyi hərəkətlərə şamil edilmir. Konkret olaraq, üzvlərinin əksəriyyəti mühafizəkar olan ABŞ Ali Məhkəməsi 2021-ci il yanvarın əvvəlində Kapitoliyə hücumla bağlı işdə Donald Trampın rolunu araşdırıb. Ali Məhkəmə Trampın işini aşağı instansiya məhkəməsinə qaytarmaq qərarına gəlib və indi bu məhkəmə keçmiş prezidentə qarşı irəli sürülən ittihamların həm rəsmi, həm də qeyri-rəsmi olaraq 2020-ci il prezident seçkilərində uduzduqdan sonra onun hərəkətlərinə nə dərəcədə aid olduğunu müəyyən etməli olacaq.

Tramp isə Ali Məhkəmənin qərarını “Konstitusiya və demokratiyanın böyük qələbəsi” adlandırıb. Qərar ona daha bir mühüm möhlət verir, çünki bu o deməkdir ki, onun Vaşinqtonda federal məhkəmədə sonuncu prezident seçkilərini manipulyasiya etmək cəhdləri ilə bağlı mühakiməsi yalnız 5 noyabr prezident seçkilərindən sonra baş tutacaq.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Mask inkar etdi

24 İyul 12:24

Xəbər lenti

Xəbər lenti

Turizm

Yayda istirahət...

24 İyul 10:55

MEDİA

Vətənpərvərlik!

24 İyul 10:42

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31