Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın bir möcüzədir...

Laçın bir möcüzədir...

28.11.2023 [11:09]

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri bu gün yenidən qurulur, inkişaf edir, daha da gözəlləşir. Yerli sakinlərin geri qayıdışı isə bu diyarda  həyatı canlandırır.  Xatırladaq ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Lakin beynəlxalq birlik bütün bunlara susub. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu qan tökülmədən təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Giləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Laçın yeni dövrünə qədəm qoyub

İşğaldan azad olunmuş  Laçın özünün yeni dövrünə qədəm qoyub. Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən Laçın şəhərinə təşkil olunmuş səfər zamanı bu reallığın bir daha şahidi olduq. Qeyd edək ki, azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə ilk köçən sakinlərə evlərin açarlarını təqdim edib. Bu mərasimdə dövlətimizin başçısı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Elnur Abdullayev: Laçının klassik xalq memarlıq üslubunu qoruyub saxlamağa çalışırıq

Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bizimlə söhbətində “Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev bildirib ki, Laçında abadlıq-quruculuq işləri keçən ilin sentyabrında başlayıb: “İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanılıb. 8 ay müddətində şəhəri təhvil vermişik. Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını təqdim etdi. Demək olar ki, hər həftə şəhərə qayıdış var. Hazırda Laçın şəhərində 346 ailə, 1326 nəfər köçüb. Zabux kəndinə də növbəti köç baş verib və 121 ailə 475 nəfər gəlib. Toplam 467 ailə 1801 nəfər Laçına qayıdıb”. O qeyd edib ki, işğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla 2020 fərdi, 29 ümumi yaşayış evi olub. İşğal zamanı 2020 evdən 1500-ü dağıntılara məruz qalıb. “Laçında 712 obyekt üzərində tikinti-quruculuq işləri davam etdirilir. Onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 9-u ümumi yaşayış yeridir. 9 ümumi yaşayış massivi 144 mənzildən ibarətdir. Laçının soyuq iqlimini nəzərə alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da alternativ enerji üçün istifadə olunur. Digər yandan, Laçın şəhərinin klassik xalq memarlıq üslubu var. Tikinti işləri qaya daşları ilə aparılıb. Biz “Laçın olduğu kimi bərpa olunsun”, - deyə göstəriş almışıq. Buna görə də, maksimal olaraq xalq memarlıq üslubunu qoruyub saxlamağa çalışdıq. Buna da nail olduq”-deyə, həmsöhbətimiz vurğulayıb.

Əhali təbii bulaq suyu ilə təmin olunub

E.Abdullayev deyib ki, əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilərək yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub: “Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib. Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir. Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-ci ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. Eləcə də, Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini lazımi səviyyədə davam etdirir”.

İnsanların məşğulluğu diqqət mərkəzindədir

Həmsöhbətimiz Laçında əhalinin məşğulluq məsələsinin prioritet olduğunu da vurğulayıb: “Əhalinin sosial durumunun artırılması üzrə dövlət proqramına uyğun olaraq, quruculuq işi başlayarkən ilk buna diqqət göstərmişik. Yanvar ayından başlayaraq Laçın sakinləri ilə görüşlər keçirməyə başladıq. Laçın  şəhərinin yaxınlığındakı Zeyirdi kəndinin ərazisində olan 52 ha ərazidə Aqro və Sənaye Parkı inşa edilib. Burada 46 müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. 46 müəssisə üzrə 1169 vakansiya mövcuddur. Artıq 430 nəfər Laçın sakini işə götürülüb, 7 müəssisə fəaliyyətə başlayıb. Digər müəssisələr də öz fəaliyyətlərinə yaxın vaxtlarda başlayacaq. Eləcə də, “Aydınoğlu” mebel fabriki artıq qurulub. Mebel fabrikinin bütün texnologiyaları Türkiyə istehsalıdır və yeni standartlara cavab verir. Burada 54 nəfər işləyir. Bununla yanaşı, ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya, istixanalar var. Fəaliyyət göstərən istixana komplekslərinin sayı 12-dir. Artıq bu istixanalarda məhsuldarlıq da var. Hələ ki, istixanalarda yetişdirilən məhsullar Laçın sakinləri üçün nəzərdə tutulur. Lakin məhsullara daxili bazarda artıq tələbat yaranıb. Biz bu il bal və digər məhsulların istehsalına başlamışıq. Çünki biz gələcəkdə dünyaya çıxışı təmin etmək istəyirik. Bunun üçün marketinq işləri də aparılır. İnsanları işlə təmin edərkən onları müəyyən kurslara cəlb edirik. Elə sahələr var ki, onlar Laçında yoxdur. Neft-qaz sahəsini buna misal gətirmək olar. Laçına köçən şəxslər burada müəyyən sahədə çalışıb, pul qazanmalıdır. Vakansiyaları müəyyən etdikdən sonra insanlarla görüşür, kim hansı sahəni istəyirsə ona uyğun hazırlıq kursları keçirik. Darıkaha ərazisində peşəyönümlü kurslar açmışıq. Burada peşəyönümlü təhsil almaq mümkündür. Laçında investisya üçün qapılar açıqdır. Qapalı və açıq tipli yarmarkalar hazırlanıb. Burada sakinlər öz məhsullarını sata bilir. Buraya ətraf ərazilərdən mallarını satmaq, yaxud alış-veriş üçün gələnlərdən ötrü gecələmə yerləri də var”.

Qeyd edək ki, Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından biridir. Artıq Həkəri çayında göl də yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb.

Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların sevinc dolu səsləri eşidilir. Bir sözlə, Laçın bir möcüzədir. Bu diyar torpağı, suyu, təbiəti, hətta səması ilə ayrıca bir gözəllikdir!

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31