Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yolverilməzdir!

Yolverilməzdir!

16.11.2023 [11:05]

Mətbuat Şurasından Fransaya etiraz...

Azərbaycan Mətbuat Şurası (MŞ) Fransanın dünya mediasını Azərbaycanla bağlı əks-təbliğata çəkməsinə etiraz edib. Şura bununla bağlı müvafiq bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərə dair qərəzli, ermənipərəst mövqeyi ictimaiyyətimizdə və ölkəmizin jurnalist cameəsində narazılıq və narahatlıq doğurmaqdadır: “Bu narazılığın müxtəlif media materiallarında, eləcə də ayrı-ayrı vətəndaşlara məxsus sosial şəbəkə profillərində ifadəsini tapması təbiidir”.

Sənəddə təəssüflə bildirilir ki, dünyanın bəzi media orqanları məsələyə xüsusi rəng qatmaqda, cəmiyyətimizin Fransanın birtərəfli və qərəzli mövqeyindən haqlı etirazlarına qeyri-adekvat məzmun qazandırmaqda və Azərbaycan dövlətini hədəfə almaqda mənfi beynəlxalq rəy formalaşdırmaqdadırlar. Fransanın dezinformasiya ilə mübarizə qrupunun yaydığı son məlumatın Qərb mediasında tirajlanması da bu cür xoşagəlməz niyyətin göstəricisidir.

Bəsit yanaşmanın göstəricisi...

Bəyanatda həmçinin deyilir: “Qeyd edək ki, “Reuters” agentliyinin xəbərinə görə, sözügedən qrup 2024-cü ildə Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunlarının boykot edilməsi istiqamətində fəaliyyət göstərənlər arasında bir azərbaycanlının olduğunu müəyyənləşdirib. Həmin şəxs X sosial şəbəkəsindəki profilində Fransanı qınayaraq bildirib ki, insan hüquqlarının pozulduğu ölkədə Olimpiya Oyunlarının keçirilməsi yolverilməzdir. Hazırda dünyada Fransanın qlobal miqyasda apardığı siyasətdən narazılığın artdığı şəraitdə bu təşkilatın qərəzli şəkildə yalnız Azərbaycana köklənməsi anlaşılan deyil. Bütün bunlar son dərəcə bəsit yanaşmanın göstəricisidir”.

Bəyanatda o da qeyd olunur ki, hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var: “Hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət məsələləri deyil, fərd anlayışı, o cümlədən istifadəçilərin öz düşüncə və baxışlarını yayması aktualdır. Həmin baxışlarda qaydalara zidd cəhətlər varsa, bunun araşdırılması və müvafiq tədbir görülməsi sosial şəbəkələrin müstəsna hüququdur”.

Sənəddə vurğulanıb ki, sıravi bir sosial şəbəkə istifadəçisinin bölüşdüyü fikirlərin dövlətlə, indiki halda Azərbaycan dövləti ilə əlaqələndirilməsinə cəhdin özü belə olduqca qeyri-peşəkar və bəsit yanaşmadır: “Belə təqdimat təsdiq edir ki, Fransanın sözügedən təşkilatı da ölkəmiz əleyhinə aparılan qərəzli təbliğatın alətidir”.

Təlimat Yelisey sarayından alınır...

Bildirilir ki, Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan yarıtmaz xəttinin təkanverici qüvvəsinin məhz Fransa dövləti olması artıq hamıya aydındır. Ölkənin nüfuzlu media orqanları belə təlimatları Yelisey sarayından aldıqlarını gizlətmirlər: “Bu addımlarla Fransa dövləti özünün daxili və xarici siyasətdəki uğursuzluğunu, ölkədə hökm sürən ksenofobiya, antisemitizm kimi meyilləri, insan hüquqlarının pozulması hallarının artmasını, habelə neokolonialist siyasətinin yaratdığı fəsadları pərdələməyə çalışır. Cənubi Qafqaz coğrafiyasında erməni avantürizmini körükləyən, onu maliyyələşdirən, silahlandıran Fransa fəaliyyətinə qloballıq libası geyindirdiyini zənn edir. Əslində isə neokolonializm siyasətini növbəti regiona transfer etməklə orada yeni münaqişə ocaqları yaradır. Bu xüsusda, Azərbaycanın hədəfə alınması, ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı qərəzli məqamların qabardılması Fransa dövləti adına son dərəcə miskin mənzərə formalaşdırır”.

Əsl həqiqətlərə diqqət yetirin...

MŞ belə mənfi təmayülləri qətiyyətlə pisləyərək, dünya mediasını Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında iştirakdan uzaq durmağa, həssaslıq nümayişinə səsləyir. Şura həmçinin ölkəmizlə bağlı dezinformasiya yayımından, dəqiqləşdirilməmiş, təsdiqini tapmamış məsələləri işıqlandırmaqdan çəkinməyə, əsl həqiqətlərə diqqət yetirməyə çağırıb.

Azərbaycanın qətiyyəti onları çətinə salıb...

Mövzu barədə “Yeni Azərbaycana” danışan politoloq Turan Rzayevin sözlərinə görə, vaxtilə saxta sülh mesajları verən Fransa kimi ölkələr artıq gerçək simalarını nümayiş etdirirlər: “Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, əsassız ittihamlar irəli sürülür. Görünən odur ki, Azərbaycanın qətiyyəti, suverenliyini tam bərpa etməsi onların işini çətinə salıb. Bunun nəticəsidir ki, həmin qüvvələr artıq özlərinin əsl simalarını, dağıdıcılığa, terrorizmə və işğalçılığa yönəlik mahiyyətlərini ortaya qoyurlar”.

İradəmizə təsir edə bilməzlər!

Politoloq vurğulayıb ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan doğru yolla irəliləməkdə davam edəcək: “Prezident İlham Əliyevin dediyi kimi, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz, heç kim bizimlə diqtə dilində danışa bilməz!”.

Y.BAYRAMOVA

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31