Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 8 NOYABR - Şərəf və Qəhrəmanlıq Salnaməsi

8 NOYABR - Şərəf və Qəhrəmanlıq Salnaməsi

08.11.2023 [12:03]

“Bu qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Artıq üç ildir ki, xalqımız, bütövlükdə, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbənin sevinci ilə yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğala son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

İstər Şuşanın və Xankəndinin, istərsə də digər rayon və şəhərlərimizin, düşmənin yiyəlik etdiyi yüksəkliklərin yağıdan təmizlənməsinə Azərbaycan 30 il idi ki, hazırlaşırdı. Bu müddətdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu ordumuz dahi şəxsiyyətin müdrik varisi Prezident İlham Əliyev tərəfindən möhkəmləndirilərək, güclü-qüdrətli Silahlı Qüvvələrə çevrilmişdi və işğalçını torpaqlarımızdan qovmaq üçün Ali Baş Komandanın əmrini gözləyirdi.

2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan torpaqlarının işğalı ilə barışmayacağını bəyan etdi. Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq Azərbaycana qarşı diversiyaları davam etdirib, erməni siyasətçiləri tərəfindən aşağılayıcı və təxribatçı bəyanatlar verdi. 2020-ci il sentyabrın 27-də isə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən, 2 uşaq həlak oldu. Sentyabrın 27-də cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Öncə qələbə müjdələri Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərdən gəldi. Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın, Füzulinin neçə-neçə kəndi hərbçilərimizin hünəri ilə geri qaytarıldı. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur, Xırmancıq, Ağbulaq, Axullu kəndləri alındı. Oktyabrın 18-də artıq Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalandı. Gözümüzü televiziya ekranlarından çəkmirdik. Hər gün bir yeni müjdə, bir yeni qələbə xəbəri eşitməyə adət eləmişdik. Cənab İlham Əliyevin xalqa hər müraciəti ilə bir rayonun, bir böyük ərazinin qarı düşməndən təmizləndiyi qalibanə şəkildə bəyan olunurdu.

Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan ötən hər bir gün Prezident İlham Əliyev də diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alırdı. “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!” - deyə Prezident İlham Əliyev bildirirdi.

Tezliklə növbə Qubadlıya, Xocalıya, Laçına çatdı. Vətən deyib irəli atılan, ölümün gözünə dik baxan igidlərimiz addım-addım yürüdülər, əzəli-əbədi torpaqlarımızı qarış-qarış, yamac-yamac, kənd-kənd azad etdilər.

Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.

Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Beləliklə, dövlətimizin başçısı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz qələbənin əldə edilməsində həlledici rol oynadı.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Demək olar ki, 44 günlük İkinci Qarabağ müharibəsindən ötən aylarda Azərbaycanın işğaldan azad edilmiş əraziləri tikinti, quruculuq meydanına çevrilib. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları, uzunluğu 100 kilometrdən çox olan Zəfər yolu, dünyaya səs salan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində 2022-ci ilin əvvəlində sakinlərini qarşılayan ilk “ağıllı kənd” - Zəngilanın Ağalı kəndləri, baş planı təqdim edilən Ağdam və Şuşa şəhərləri bu işlərin əsas ünvanlarıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və buna bir ürək tutumunca sevinir. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərindəki çıxışında dedi: “...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi...”. İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını daha əhatəli görür.

Bu yenilikləri, quruculuq və bərpa işlərini xeyli sayda sadalamaq olar. Görülən bu işlər fonunda dünya erməni faşizmi ilə sülhsevər Azərbaycan xalqının fərqini görür. Azərbaycan dövləti həm müharibə davam etdiyi, həm də Zəfərimizdən sonra işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Lakin işğalçı xislətindən əl çəkməyən ermənilər isə yeni təxribatlar törətməyə cəhd göstərdilər, ərazilərimizə minalar basdırdılar. 2022-ci il sentyabrın 12-14-də Ermənistan üçtərəfli sazişin şərtlərini kobud şəkildə pozaraq sərhəddə təxribatlar törətməyə çalışdı. Lakin layiqli cavabını aldı.

Ermənistan o zaman təxribat törətməklə açıq-aydın göstərdi ki, üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırır, sülhün tərəfdarı deyil. İşğalçı ölkə xarici havadarlarına güvənməklə məqsədinə nail ola biləcəyini düşünürdü. Müzəffər Azərbaycan Ordusu Ermənistanın bu xülyasını da, mənfur planını da  unikal cavab əməliyyatı ilə alt-üst edərək qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdi.

Təəssüf ki, qəsbkar ermənilər bədnam əməllərindən yenə də əl çəkmədilər. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən təxribatlar törədildi. Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmaları, ərazilərimizin minalanmasını davam etdirmələri, döyüş mövqelərini mühəndis cəhətdən təkmilləşdirmələri, həmçinin səngər və sığınacaqlarının sayını çoxaltmaları gərginliyin artması ilə nəticələndi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndinin mərkəzi meydanında, Azərbaycanın dövlət gerbi, dövlət bayrağı altında xalqımıza müraciət etdiyi o an bütün dünya azərbaycanlılarının son əsrlərdəki ən böyük qürurverici anlarındandır.

Bu gün düşmən bilməlidir ki, Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində qətiyyətlə təsdiqləndi.

Vüqar Quliyev,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

Paylaş:
Baxılıb: 1026 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31