Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tariximizi təbliğ edək!

Tariximizi təbliğ edək!

13.09.2023 [11:40]

“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılacaq

Günel ABBAS

Tarixi abidələrimizin, adət-ənənələrimizin təbliği gənclərdə vətənpərvərlik ruhunun artırılması, tariximizin gələcək nəsillərə ötürülməsi baxımdan olduqca əhəmiyyətlidir. Bu baxımdan Heydər Əliyev Mərkəzində yaxın zamanda açılması nəzərdə tutulan “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisini qeyd etmək yerinə düşər. Sərgidəki eksponatlar vasitəsi ilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin xırda bəylikdən böyük imperiyaya qədər keçdiyi yolu, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq. Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Harbiye Hərb Muzeyində saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümüdür.

Tarixçi, deputat Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, adət-ənənələr min illər ərzində formalaşır. O, əlavə edib ki, ölkəmizin qədim dövlətçilik tarixi var və bunu təbliğ etməliyik: “Bu mənada sözügedən sərginin keçirilməsi tariximizin təbliğatı baxımından əhəmiyyətlidir. Tarix həmişə dövlətçilik ənənəsi ilə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycan dünyanın o dövlətləri sırasındadır ki, tarix boyu ərazisinə, iqliminə, insan məskənlərinə görə ən qədim dövlətlərin siyahısındadır. Bu gün Füzuli rayon mərkəzindən 14 km kənarda yerləşən Azıx mağarası bunu sübut edir. Xalq olaraq düşüncə sahibi kimi dövlətini qurur, ərazisi, əhalisi, iqtisadiyyatı olur. Beləliklə, illər ərzində elmə, təhsilə, mədəniyyətə xüsusi önəm verir, qonşu dövlətlərlə münasibətlər qurur. Bu cəhətdən tarixi İpək yolunun Azərbaycan torpaqlarından keçməsi, bura gəlib gedənlərin çoxluğuna səbəb olub. Dünyanın ən qədim abidələri bizim ölkədədir. Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi dövlətlər qədim idarəçilik tariximizdən xəbər verir.

Gənclərimiz dünyanın hər yerində Azərbaycan həqiqətlərini yayır. Həmçinin, öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq edirlər. Azərbaycan dövlətçiliyi həyatın bütün sahələrində, o cümlədən gənclər üçün hər cür şərait yaradıb. Ona görə də gənclərimiz və hər birimiz dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ilə bağlı əlimizdən nə gəlirsə etməliyik”.

Tarixçi Elmar Musayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ilə bağlı vacib addımlar atılır: “Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənəti, aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi, Mədəni İrsi siyahısına daxil edilib. Xalqın formalaşmasında əsas rüşeym rolunu oynayan mədəniyyətdir. O mədəniyyətin qorunub saxlanılmasının beynəlxalq miqyasda təbliği çox önəmlidir. Bu gün türklüyün təbliği ilə bağlı müxtəlif birliklər var. İstər qeyri-hökumət təşkilatları, istərsə də dövlət səviyyəsində, istər gənclərin özləri təbliğatla bağlı müəyyən layihələr həyata keçirirlər.

Türklüyün təbliği ilə bağlı kifayət qədər iş görülür. Amma bununla belə sırf türk şüarı ilə türkçülük ideyaları ilə yox, xalqın tarixinin öyrənilməsi çox önəmli məsələdir. Çünki tarixi bilmədən o xalqın keçmişinin nəyə bağlı olduğunu bilməzsən. İnsan öz Vətənini gəzməsə, tarixi abidələri gözləri ilə görməsə, hər hansı bir əcnəbiyə onu çatdıra bilməz. Mənim əsas fikrim ondan ibarətdir ki, bu gün gənclər Azərbaycanın tarixini, mədəniyyətini mükəmməl bilməlidir ki, bunu təbliğ edə bilsin.

Tarixə gənclər arasında biganə münasibət var. Düşünürlər ki, tarix elə xronologiyadan ibarətdir. Tarix elmi sırf hadisələri qeydə almır. Tarix elmi xalqın milli kimliyinin formalaşması prosesinin nəzəri xronologiyasını öyrənir. Müəyyən etaplarla müqayisəni aparır. Təbliğat sistemini düzgün qurmaq, insanlara onu çatdırmaq lazımdır. Təbliğatı da, qəliz anlaşılan terminlərlə yox,  sadə insanların anlayacağı şəkildə aparmaq zəruridir”.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31