Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentinin dəyişməyən “ənənəsi”

Avropa Parlamentinin dəyişməyən “ənənəsi”

10.10.2026 [12:25]

Milli Məclis təşkilatı dövlətimizin daxili işlərinə qarışmamağa çağırıb

Azərbaycana qarşı düşmən mövqeyində olan Avropa Parlamenti oktyabrın 8-də ölkəmizlə bağlı növbəti qərəzli qətnamə qəbul edib. Qətnamədə “siyasi məhbusların” azadlığa buraxılmasına, onlara qarşı cinayət ittihamlarını ləğv etməyə “çağırış” edilib. “Sənəddə” AXCP sədri Əli Kərimlinin, Anar Məmmədlinin və onunla birlikdə mühakimə olunaraq 12 il həbs cəzası kəsilmiş Anar Abdullayevin adları “xüsusi” qeyd olunur. Qurum erməni cinayətkarlar da daxil olmaqla, guya ölkəmizdə 300-dən çox siyasi məhbusun olduğunu iddia edib.

Təşkilat lobbi qruplarının maraqlarını təmsil edir

Əlbəttə, Avropa Parlamentinin belə mövqeyi cəfəngiyyatdan başqa bir şey deyil. Qurumun budəfəki iddiaları da cavabsız qalmayıb. Belə ki, Milli Məclis oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edib. Qeyd edilib ki, Avropa Parlamentinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü siyasi xətt İkinci Qarabağ müharibəsindən sonra daha böyük dərəcədə qarşıdurma xarakteri alıb. Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə çağırışları Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, Avropa Parlamentinin suveren ölkənin dövlət orqanlarının səlahiyyət dairəsini müəyyən etməyə, onun hüquq-mühafizə və məhkəmə qurumlarına göstərişlər verməyə, ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyənləşdirməyə haqqı çatan fövqəlmilli hakim kimi çıxış etmək cəhdlərindən əl çəkməməsi təəccüb doğurur. Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir. Bütün bunlar təşkilatda Azərbaycanofob, türkofob və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar.

Avropa Parlamenti korrupsiyaya qurşanıb

Milli Məclis bəyan edib ki, Avropa Parlamentinin özündə mövcud olan vəziyyət də ciddi suallar doğurur. Son illərdə baş verən hay-küylü korrupsiya təhqiqatları, o cümlədən deputatların pulla ələ alınması, siyasi qərarların qəbuluna qanunsuz təsir göstərilməsi bu təşkilat qarşısında onun siyasi nüfuzuna toxunan və qəbul edilmiş parlament prosedurlarına etimadı sarsıdan məsələlər qoyub. Bununla əlaqədar belə bir qanunauyğun sual yaranır: qərarların qəbulunda şəffaflıq, dürüstlük və müstəqillik ilə bağlı ciddi çağırışlara cavab verməli olan bir qurumun siyasi və mənəvi ittihamları və öyüdləri nə dərəcədə inandırıcı ola bilər? Başqa dövlətlər qarşısında qəti tələblər irəli sürməzdən əvvəl Avropa Parlamenti öz standartlarının tətbiqində ardıcıl olduğunu göstərməli, korrupsiyaya və qeyri-qanuni lobbi təsirinə qarşı etibarlı təminatlar yaratmalıdır. “Avropa Parlamentinin insan hüquqları ilə bağlı problemlərə ayrı-seçkili münasibəti də ciddi suallar doğurur. Azərbaycan barəsində qətnamələr qəbul edilib birmənalı tələblərin irəli sürüldüyü və sanksiyaların tətbiqinə çağırışlar edildiyi bir zamanda Avropa ölkələrinin özündə hüquq-mühafizə orqanları tərəfindən hədsiz güc işlədilməsi, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması, törədilmiş hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsi ilə bağlı çoxsaylı problemlər qalmaqdadır. Bu problemlərin miqyasını beynəlxalq hüquq müdafiə təşkilatlarının məruzələri də təsdiq edir. Xüsusən bir sıra Avropa ölkələrində nümayişlərin keçirilməsi zamanı polis tərəfindən hədsiz güc işlədilməsi halları sənədlər ilə təsbit edilib”- deyə, vurğulanıb.

“Heç kim Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”

Qətnamədə yer alan əsassız iddialara gəlincə, Milli Məclis bəyan edib ki, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq doğma yurdlarından qovulub, bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları barədə həmişə susmağa üstünlük verib.

Milli Məclis Avropa Parlamentini ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə, dövlətimizin daxili işlərinə qarışmamağa çağırıb. Eyni zamanda, bəyan edib ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31