Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
12.09.2023 [10:26]
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi çoxəsrlik tariximizin hər bir səhifəsinin vərəqlənməsində, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin geniş təhlilində və gənc nəslə çatdırılmasında əhəmiyyətli rola malikdir. Böyük qürur hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir.
Dövlət başçısı İlham Əliyev “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur” fikirləri ilə hazırda tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın ən yüksək zirvələri fəth etməsində Heydər
Əliyev-Xalq birliyinin, həmrəyliyinin rolunu açıqlayır. Məhz bu birlik Azərbaycanın bütün çətinliklərdən uğurla çıxmasını, hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmasını şərtləndirdi. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqlarını yada salaq. Ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, dövlət maraqlarını arxa plana keçirən ünsürlərin rəhbərlik etməsi ucbatından ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bütün çətinliklərə, faciələrə baxmayaraq xalq sabaha olan ümidlərini itirmədi. Əmin idi ki, hər zaman xalqının yanında olan, doğma Azərbaycanını zirvələrdə görmək istəyən Ümummilli Lider yenə də xalqına, dövlətinə dəstək olacaq, zəngin idarəçilik təcrübəsindən istifadə edərək ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcək və müstəqil dövlət kimi mövqeyini möhkəmləndirəcək. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xalqın Ona olan bu inamını və etimadını doğrultdu, yeni Azərbaycan qurdu, onu inkişaf, tərəqqi yoluna çıxardı. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı dahi şəxsiyyət Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində də öz əksini tapmışdır. Həmin müraciətdə də belə bir inam ifadə edilirdi ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdə yalnız və yalnız Heydər Əliyev xilas edə bilər.
Dahi şəxsiyyət Heydər Əliyev həmin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək belə bir fikri də xüsusi qeyd etmişdir ki, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir. Ümummilli Lider həmin cavabında Azərbaycan dövlətinin, xalqının yaşadığı bu çətin vəziyyətə biganə qalmağa heç kəsin haqqı olmadığını bildirmiş və bu, inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazırdır.
Göründüyü kimi, həm ziyalıların ulu öndər Heydər Əliyevə müraciəti, həm də dahi şəxsiyyətin bu müraciətə cavabı özündə xalq-Lider birliyini, inamını ehtiva edir. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi ilə yaradılaraq məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk gündən ümumxalq partiyasına çevrildi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkədə daxili sabitliyi təmin edən Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri bəyan etdi. Sabitlik bütün inkişafın əsası kimi önə çəkildi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi istəyin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətlərinin əsl sahibi olmaq arzusu ilə yaşayan Azərbaycan xalqı Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayırdı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP və TAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə böyük uğurlar qazandırdığını bir daha təsdiqləyir. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin gerçəkləşməsi ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına stimuldur.
Ümummilli Liderin iqtisadi və siyasi islahatların vəhdətini təmin etməsi uğurlarımızın davamlılığında öz sözünü dedi. 1995-ci il 12 noyabrda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı mərhələ dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur. Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də daha şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.”
Nizami ordunun yaradılması, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan dahi şəxsiyyətin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri davamlıdır. Bu baxımdan ki, dahi şəxsiyyət 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın bugünkü və gələcək uğurlarının əsasını qoydu. Ulu Öndər həmin tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirərək axıra çatdıra bilmədiyi işləri Onun axıra çatdıracağına əminliyini ifadə etdi.
2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualını cavablandırarkən bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımızda yeni vəzifələr dayanır: “Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”
Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini verən cənab İlham Əliyevin atdığı addımlara diqqət yetirsək xalqa arxalandığı, xalqı, dövləti üçün çalışdığı hər birimizdə böyük qürur hissi yaradır. Vətəndaş məmnunluğunun artırılması dövlətin siyasətinin əsasını təşkil edir. Bu baxımdan son 20 ilə yaxın dövrdə neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Əsas hədəflərdən biri Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək idi. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu potensialdan maksimum istifadə etmək qarşıya mühüm vəzifə kimi qoyuldu. Bunun üçün Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edilir.
Günümüzün reallıqlarından da göründüyü kimi, ulu öndər Heydər Əliyevin “Neft- Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı da etdi ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Həmçinin iqtisadi inkişafa uyğun olaraq sosial müdafiənin gücləndirilməsi fonunda əmək haqqlarının ildə ən azı iki dəfə artırılması vacibdir. Xalq hər addımda özünə diqqət və qayğını görməkdən böyük məmnunluq hissi keçirir.
Dahi şəxsiyyət Heydər Əliyevin bu çağırışı da dövlətimizin siyasətində əsas yer tutur ki, Azərbaycanı təkcə müstəqil, zəngin təbii sərvətlərlə malik deyil, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi də tanıtmalıyıq. Ulu Öndər harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Öncə ayrı-ayrı dövlətlərdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Sonra onların vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Bu gün qürurla qeyd edirik ki, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi yüksək səviyydədir, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu birliyimiz, həmrəyliyimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutur. “Dəmir yumruq” birliyimizin, həmrəyliyimizin rəmzinə çevrildi. Ötən il Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşanın dünya azərbaycanlılarını 30 ildən sonra bir araya gətirməsi, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin məhz bu məkanda müzakirə edilərək dünyaya birliyimizin nümayişi qürurverici hadisələrdən oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə, ilk növbədə, hiss etdiyim qürur hissidir. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Mən bilirəm, həmçinin siz də bilirsiniz ki, Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz Zəfər yolunu necə keçiblər, yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə necə gediblər. Azərbaycan xalqının ruhu necə də yüksəkdir. Yəni, bütün bunlar xalqımızı hər birimizə bir daha tanıtdı. Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha hər birimizə, ilk növbədə, bütün dünyaya göstərdi” fikirləri ilə xalqımızın yenilməzliyini, məğrurluğunu, torpağına sahib çıxmasını, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin doğma Azərbaycan üçün çalışdıqlarını böyük qürur hissi ilə vurğulayır. İşğaldan azad edilmiş torpaqlarımızda dağılmış şəhərləri, kəndləri görməyin nə qədər ağır hiss olduğunu qeyd etməklə yanaşı, bu mühüm anı da diqqətə çatdırır ki, hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud təməl mərasimində iştirak edəndə bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir: “Təkcə, bax, bu bölgənin havası deyil, - mən əminəm, siz də eyni hissləri keçirirsiniz, - özümüzü Şuşada yaxşı hiss edirik, yaxud da ki, Zəngilanda, Laçında. Təkcə havaya görə deyil, daxildən gələn xoşbəxtlikdir. Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur.”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin hər bir arzusunu reallığa çevirdiyi üçün özünü xoşbəxt hiss edir. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Bu qayıdışın tam şəkildə başa çatacağı gün uzaqda deyil.
Ümummilli Lider Heydər Əliyevin çağırışlarında belə bir istək də özünün aydın ifadəsini tapırdı ki, Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır. Dövlət başçısı İlham Əliyev dahi şəxsiyyətin bu arzusunun reallığa çevrilməsi istiqamətində mühüm addımlar atır. Belə ki, cənab İlham Əliyev ötən il doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tarixi ədalətə söykənərək böyük əminliklə qeyd etdi ki, biz Qərbi Azərbaycana qayıtmalıyıq.
Xalqımız tam əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri, tarixi faktlara, real həqiqətlərə əsaslanan siyasətimiz, birliyimiz sayəsində bu hədəfə də nail olacağıq. Azərbaycanın hər bir uğuru, gələcəyə hesablanmış addımları Heydər Əliyev siyasətinin təntənəsidir. Bu yol Azərbaycana hər zaman möhtəşəm uğurlar qazandıracaq.
Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

