Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Xorvatiya əlaqələri genişlənir

Azərbaycan-Xorvatiya əlaqələri genişlənir

07.09.2023 [10:40]

Nardar BAYRAMLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində Xorvatiyanın İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun (Institute for Development and International Relations -IRMO) təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa müzakirələrində çıxış edib. Xorvatiyada fəaliyyət göstərən akademik dairələr və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində Azərbaycan və Xorvatiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Müzakirələrdə çıxış edən nazir Ceyhun Bayramov, strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafında qarşılıqlı təmasların, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələr mexanizminin müstəsna rol oynadığını bildirib. İki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş olunmasının təqdirəlayiq olduğunu bildirib. Azərbaycan və Xorvatiya arasında münasibətlərin müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji təhlükəsizliyi, alternativ enerji, investisiyalar, nəqliyyat, logistika, əczaçılıq, turizm və s. sahələr üzrə inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Sülh gündəliyinin irəli aparılmasının qarşısında duran çağırışlar qismində Ermənistanın prosesi ləngidən mövqeyi və təxribatları, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı addımları, o cümlədən Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini hələ də tam olaraq çıxarmaması, Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası fəaliyyətinə müdaxilələr, mina təhdidinin davam etdirilməsi təxribatları vurğulanıb.

Nazir Ermənistan tərəfinin Laçın yolu ətrafında yaratdığı saxta təbliğatın heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq, Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri tərəfindən prosesə maneçilik törətdiklərini diqqətə çatdırıb. Bölgədə “blokada” və “çətin humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki il yarım ərzində Laçın yolundan sui-istifadə hallarını xatırladıb.

30 ilə yaxın münaqişədən sonra bölgədə sülhün bərqərar edilməsi üçün yaranan tarixi imkanın itirilməməsi üçün beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu bildirilib.

Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib.

Ceyhun Bayramov səfər çərçivəsində sentyabrın 6-da Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə də görüşüb. Görüş zamanı Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşdırma, alternativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.

Görüşdə, həmçinin regionda postmünaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

Həmin gün Azərbaycanın XİN rəhbəri Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb. Görüşdə tərəflər Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıblar. Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb.

Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbaycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd edilməsinin “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübuta yetirdiyi diqqətə çatdırılıb.

Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Ceyhun Bayramov dünən həmçinin Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviçlə də görüşüb. XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, eləcə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə tərəflər, həmçinin postmünaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31