Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sovet dövrünün möcüzəsi!

Sovet dövrünün möcüzəsi!

12.07.2023 [11:06]

BAM-ın tikintisində Heydər Əliyevin rolu...

Yeganə BAYRAMOVA

Onun şəxsiyyəti təkcə respublikada deyil, onun hüdudlarından kənarda da şöhrət qazanıb. Sovet dövründə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı Rusiyada Heydər Əliyevi xüsusilə yaxşı tanıyır və ehtiramla yad edirlər. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərdi. Mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyev Sovet İttifaqının nüfuzlu siyasətçilərindən biri idi. O, şəxsi, işgüzar, peşəkar keyfiyyətləri ilə Sovet dövlətində ən yüksək və məsul vəzifələrdə çalışaraq, ölkənin qarşısında duran mürəkkəb vəzifələri həll etdi. Çox sayda nümunələr çəkə bilərik, bunlardan ən önəmlisi Ulu Öndərimizin Sibirin və Uzaq Şərqin ən böyük kəşfi olan Baykal-Amur Magistral (BAM) xəttinin tikintisindəki roludur.

Heydər Əliyev böyük ərazidə yerləşən Sovetlər İttifaqının nəqliyyat sisteminə, iqtisadiyyatın inkişafında onun həlledici roluna yüksək qiymət verirdi. O, nəqliyyatı bir növ bütün ölkənin qan dövranı - arteriya damarı hesab edirdi. Nəqliyyatın işinə özünün yaratdığı konsepsiya ilə rəhbərlik edirdi. Hesab edirdi ki, nəqliyyata rəhbərliyə iqtisadi, siyasi və psixoloji baxımından yanaşmaq lazımdır. Heydər Əliyevin idarəetmə konsepsiyasına görə, nəqliyyatın iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, o, istehsalın kooperativləşdirilməsini, müttəfiq respublikaların təsərrüfat əlaqələrinin, ölkələrin və vilayətlərin, ərazi-istehsalat komplekslərinin səmərəliliyini müəyyənləşdirir, onların vahid xalq təsərrüfatında birliyini təmin edir. Siyasi cəhətdən - nəqliyyat insanların vahid ailənin üzvü olmasını hiss etməsinə şərait yaradır, şəhərlə kəndi yaxınlaşdırır, beynəlxalq əmək bölgüsündə iştirak etməyi xeyli asanlaşdırır. Psixoloji cəhətdən - hər bir vətəndaş nəqliyyat xidmətindən gündəlik istifadə edir. Ona görə də nəqliyyat, xüsusilə şəhər nəqliyyatı, onun işinin keyfiyyəti əhalinin böyük kütləsinin psixoloji mühitinə, bütün xalqın əmək əhvali-ruhiyyəsinə ciddi təsir edir.

Ümumiyyətlə, Heydər Əliyevin xarizmasından irəli gələn yüksək siyasi mədəniyyəti, natiqlik məharəti və insanlarla asanlıqla ünsiyyət qurmaq bacarığı, incə yumor hissi onu təkcə mənsub olduğu Azərbaycan xalqının deyil, keçmiş postsovet xalqlarının da sevimlisinə çevirmişdi. Bu şəxsiyyət tutduğu vəzifə ilə yox, öz xarizması ilə insanlarda böyük inam hissi oyadırdı...

Öz dövrünün nəhəng logistika layihəsi kimi ərsəyə gələn BAM isə əslində, insan fədakarlığının təcəssümü idi. 1974-cü ildə bu magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunur. BAM-ın tikintisi başlayan zaman Ulu Öndər Azərbaycana rəhbərlik edirdi. Həmin vaxt o müttəfiq respublikalardan birinin rəhbəri olaraq BAM-ın tikintisi və ümumittifaq əhəmiyyətli layihədəki işlərlə yaxından məşğul olurdu. BAM bu gün təkcə nəqliyyat infrastrukturunun mühüm elementi kimi deyil, həm də Avrasiya materikində yeni inkişaf layihəsinin vacib elementi kimi qəbul edilir.

Tarixə nəzər

BAM-ın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilir və onun ətrafında Ulkan qəsəbəsi salınır. Bu da Heydər Əliyevin daimi nəzarəti altında idi. Reallaşdırılan inşaatda Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunur. Ulkanda olanlar hiss edirlər ki, bu layihə azərbaycanlılar tərəfindən həyata keçirilib. BAM-ın tikintisinə azərbaycanlıların ilk inşaat dəstəsi 1975-ci ilin əvvəlində gəlir. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır.

Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur. 1982-ci ildə onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi bu vaxta qədər göstərdiyi fəaliyyətin və əldə etdiyi uğurların hamı tərəfindən, o cümlədən partiya və dövlət rəhbərləri tərəfindən etiraf edilməsi demək idi. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini təyin edilməklə Sovetlər Birliyinin 20-dən çox nazirliyi onun kurasiyasına keçdi. Nazirlər sovetinin ən nüfuzlu üzvlərindən biri kimi Heydər Əliyevə ictimai və iqtisadi sahələrdə böhran yaşayan Sovet dövlətinin ən ağır istiqamətləri tapşırılır. BAM miqyasına və əhəmiyyətinə görə elə bir böyük layihə idi. Həmin layihənin əsasında bu gün nəinki Rusiyanın, materikin dəmiryolu nəqliyyatının gələcək strategiyası inkişaf edir.

Cəmi 10 günə məruzə hazırladı...

Heydər Əliyev Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirir, bu sahəni ölkənin “arteriya damarı” adlandırırdı. Tikilən yolun bütün sahələrinə baxmağa, işlərin gerçək vəziyyəti barədə tam obyektiv məruzə hazırlamağa ona cəmi 10 gün bəs etmişdi. Səfərdə Heydər Əliyevi müşayiət və müşahidə edənlər sonralar onun bu səfərindən heyrətlə danışırdılar. Sadə fəhlə adamlar ilk dəfə idi ki, hakimiyyəti təmsil edən insanın nə qədər sadə, sadə olduğu qədər də əzəmətli olduğunu görürdülər. Amma bu, Heydər Əliyev üçün ənənəvi bir iş üslubu idi, o, həmişə bütün məsuliyyəti öz üzərinə götürürdü. BAM istisna olmadı.

Ona görə də tarixçi alimlər, analitiklər belə bir fikirdə həmrəydirlər: “Sovet İttifaqı Heydər Əliyev kimi rəhbərlə Çinin keçdiyi tədrici kommunist transformasiyası yolu ilə inkişaf edə bilərdi, ancaq təəssüflər olsun ki, bu fürsətdən istifadə edilmədi”. Və nə yaxşı ki, istifadə edilmədi. Çünki bu, Azərbaycanın və ittifaqa daxil olan digər 13 respublikanın müstəqilliyi üçün tarixi bir şansa çevrildi. Amma fakt tarixi təsdiqini tapır. Çünki Heydər Əliyev beş illik fəaliyyətində də öz missiyasını, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdi. Elə buna görə də Rusiyanın məşhur dövlət xadimlərindən biri, Ulu Öndərin müasiri, böyük diplomat Yevgeni Primakov sonralar yazırdı: “Elə insanlar var ki, tərəddüd etmədən demək olar ki, onlar tarix yaradırlar.

Heydər Əliyev belə insanlardan idi”.

Ulu Öndərə mane olanlar var idi...

1984-cü il yanvarın 23-də Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiyasında nitq söyləyən Heydər Əliyev çıxışında aidiyyəti strukturların fəaliyyətini ətraflı təhlil etdi və mövcud nöqsanlardan danışdı. Həmçinin qarşıda duran vəzifələri və görüləcək işləri müəyyənləşdirdi. Onun dərin məzmunlu çıxışı müvafiq istiqamətdə proqram sənədi kimi qəbul edildi. Nəticədə, bütün göstəricilər üzrə illik plan artıqlaması ilə yerinə yetirildi.

SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov deyirdi: “Biz BAM-n tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə verib”.

BAM sosial-iqtisadi və mədəni mərkəzə çevrildi

Heydər Əliyev Moskvada işləyərkən ilk vaxtlarda dəmiryolunda taxıl, kömür, taxta-şalban daşınmasında böhran müşahidə olunurdu. BAM-ın tikintisi çətinliklərin aradan qaldırılmasına kömək etdi. Bu tikinti ilə dəmir yolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi istismara verildi. BAM-ın coğrafi ərazisi mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevrildi.

Bir faktı da qeyd edək ki, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ərəfəsində ölkədə nəqliyyatın işi tələbata cavab vermirdi. Planlar yerinə yetirilmirdi, ciddi çətinliklər və geridəqalma halları mövcud idi. 1981-1982-ci illərdə dəmiryolu nəqliyyatında vəziyyət ağır idi. Xeyli kapital qoyulmasına baxmayaraq, dəmiryolunun inkişafı ildən-ilə geri qalırdı. 1982-ci ilin dekabrından dəmiryol nəqliyyatı sahəsinə Heydər Əliyevin nəzarət etməsi ilə vəziyyət dəyişdi. Artıq 1983-1984-cü illərdə dəmiryolu işçiləri yük daşınmasında geriləməyə son qoydular. 1984-cü ildə bütün göstəricilər üzrə plan artıqlaması ilə yerinə yetirildi. 1981-1982-ci illərdən qalan borclar ləğv edildi. Nəqliyyata geniş miqyasda köməyin təşkili, dəmiryol kollektivlərinin səfərbər edilməsi nəticəsində onların işində dönüş yarandı. 1985-ci ilin oktyabrında yük daşınmasında qalan borclar aradan qaldırıldı. On ayda plandan əlavə 7,5 milyon ton xalq təsərrüfatı məhsulları daşındı. Yükdaşıma sahəsində çalışan işçilərin əmək məhsuldarlığının artırılması sahəsində plan tapşırığı yerinə yetirildi. Bütün bunlar onun mükəmməl təşkilatçılıq bacarığı, qətiyyətinin nəticəsi idi.

Mərdlik və dəyanət nümunəsi...

1985-ci ildə BAM xəttinin tikintisinin ikinci mərhələsi başlandı. Lakin SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasında nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi. Bu barədə Heydər Əliyev XX əsrin böyük tikintilərindən biri olan Baykal - Amur Magistralının inşasının başlanmasının 25 illiyi ilə əlaqədar təbrik teleqramında deyib:

“Sovet İttifaqının rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq etmiş bir şəxs kimi, mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək nəsib olmuşdu. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasında nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31