İlham Əliyev mayın 31-də Bakıya gəlməli idi...
31.05.2023 [10:10]
...Zəng vurmaqda məqsədi mayın 31-də, özündən bir gün əvvəl Moskvadan təyyarə ilə Bakıya yola düşməli olan oğlu İlhamı qarşılamasını tapşırmaq idi
İyunun 1-nə təyin edilmiş təyyarə ilə uçuşun nəyə görə baş tutmadığını izah etməyin vaxtıdır.
Mayın 30-da, yəni Partiya Nəzarəti Komitəsindən yüksək vəzifəli şəxslərin Heydər Əliyevə zəng vurduqları və Moskvanı tərk etməməsi üçün onu dilə tutduqları gün axşam saat doqquzda Bakı küçələrindən birində “Azərnəşr”in direktoru Əjdər Xanbabayev odlu silahdan açılan atəşlə öz avtomobilində qətlə yetirildi.
Bu qətldən Heydər Əliyev həmin gün axşamdan xeyli keçmiş Bakıya, qardaşı Cəlala zəng vurarkən xəbər tutdu. Zəng vurmaqda məqsədi mayın 31-də, özündən bir gün əvvəl Moskvadan təyyarə ilə Bakıya yola düşməli olan oğlu İlhamı qarşılamasını tapşırmaq idi. Bütün şəhəri sarsıtmış dəhşətli xəbəri ona Cəlal müəllim söylədi.
Əliyevin tərəfdarları şübhə etmirdilər ki, bu cinayat Heydər Əliyevin vətənə qayıtmasına mane olmaq üçün törədilmiş qorxutma aksiyasıdır. Əjdər Xanbabayev şəhərdə və respublikada pak və abırlı bir insan kimi tanınırdı. Əliyevin təqib olunduğu dövrdə onunla vaxtaşırı telefon əlaqəsi saxlayırdı.
Əjdər ona ilk dəfə 1989-cu ilin payızında zəng vurmuşdu. 1992-ci ildə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində Heydər Əliyev Ə.Xanbabayevin qətli ilə bağlı iş üzrə videoyazıya alınan şahid ifadələri verərkən demişdi:
- Mənim Moskvada yaşadığım dövrlərdə mənzil telefonumun nömrəsi az adama məlum idi. Mən özüm də istəmirdim ki, telefonumun nömrəsini bilsinlər, həm də Azərbaycanın o vaxtkı rəhbərləri mənimlə Azərbaycan arasında əlaqələrə çox qısqanc yanaşırdılar... Sözün qısası, 1989-cu ilin ikinci yarısında mənə zəng etdilər və mən dəstəyi götürdüm. Zəng edən bildirdi ki, o, Əjdər Xanbabayevdir. Mən soruşdum ki, siz kimsiniz? O, mənim yadıma saldı ki, “Azərnəşr”in direktorudur və Azərbaycanda işlədiyim dövrə aid bəzi məqamları yadıma saldı. Mənim yadıma düşdü. Əjdər Xanbabayev bildirdi ki, Moskvadadır və mənimlə görüşmək istəyir. Mən etiraz etmədim və öz ünvanımı dedim. Həmin gün və ya ertəsi gün o bizə gəldi, söhbət etdik...
Sonralar, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən respublika ziyalılarının nümayəndələri ilə görüşlərdən birində Xanbabayev haqqında bu sözləri demişdi:
- O, adi bir adam idi. Burada oturanların çoxları kimi nə vəzifə sahibi idi, nə də mənim vaxtımda vəzifə almış adam idi. Adi ziyalı, vətənpərvər bir adam idi...
Bu qiymətdən yüksək nə ola bilərdi? Heyrətamiz dəqiqliklə söylənilmişdi, Əjdər Xanbabayev şəxsiyyətinin başlıca məziyyətlərini əks etdirirdi.
Əjdər Xanbabayev gözdən salınmış Əliyevin Türkiyə və İran jurnalistləri ilə müsahibələrini təşkil etmiş, sonra isə Heydər Əliyevin Bakıya qayıdışına hazırlıq görülməsində fəal iştirak etmişdi. Gəlişi ərəfəsində Moskvaya, ona zəng vuraraq vəd etmişdi ki, aeroportda onu ziyalılar şadyanalıqla qarşılayacaqlar. Heydər Əliyev xahiş etmişdi ki, lüzumsuz hay-küy qaldırılmasın, təmtəraqlı qarşılanma təşkil edilməsin. Elə qardaşı Cəlal öz maşınında qarşılasa, kifayətdir - axı, aeroportdan nə iləsə çıxıb getmək lazımdır. Əjdər onda demişdi:
- Amma mən sizi hökmən qarşılayacağam!
Qarşılaya bilmədi. Muzdlu qatilin gülləsi həyatını yarıda qırdı.
Bu sifarişli qətlin təfərrüatı belə bir məntiqi zəncir əmələ gətirir.
Heydər Əliyevin qardaşı, Əjdər Xanbabayevlə dostluq etmiş Cəlal Əliyev Bakıda nəşr edilmiş xatirələrində danışır ki, respublikada çox məşhur olan bir şəxs mayın 29-da ona zəng vurub görüşmək istədiyini bildirmişdi. Təyin edilmiş vaxtda onlar Cəlal müəllimin işlədiyi Elmlər Akademiyasının yanındakı bağda görüşmüşdülər. Orada həmin şəxs Bakıya gələcəyi təqdirdə Heydər Əliyevi gözləyən təhlükə barəsində məlumat vermişdi.
- Təcili olaraq qardaşınıza zəng vurun, - deyə müqəddiməsiz-filansız xəbərdarlıq etmişdi. - Ona çatdırın ki, Bakıya gəlməsin. Yoxsa onu təyyarənin pilləkəni önündə güllələyəcəklər.
Cəlal müəllimin dediyinə görə, bu sözləri başqa adam söyləsəydi, məlumatın düzgünlüyünə şübhə edərdi. Amma xəbərdarlıq edən o vaxt kifayət qədər nüfuzlu bir adam idi, odur ki, deyilənlərə qulaq asmaya bilməzdi.
Xatırladım ki, DTK-nın sədri Kryuçkovun sözlərində də buna bənzər bir xəbərdarlıq vardı. Telefon danışığında o, Azərbaycanda vəziyyətin gərgin olduğunu söyləmişdi. O vaxt Heydər Əliyev bu xəbərdarlığa zarafatla cavab vermişdi: “Bizi vətənlə qorxuda bilməzsən!” Bəlkə də, söhbət eyni bir şayiədən gedirmiş.
Cəlal Əliyev çətin seçim qarşısında qaldı. Aldığı məlumat onu karıxdırdı. Bir tərəfdən bu, yalan ola bilərdi. Bəlkə, xüsusi olaraq ortaya atılmışdı ki, qardaşı Bakıya gəlmək fikrindən vaz keçsin. Amma, bəlkə, doğrudur? Əgər, həqiqətən, terror aktı törədiləcəksə? Belə olarsa, Cəlal əziz adamını itirməsini heç vaxt özünə bağışlamaz.
Nə etsin? Nə tədbir görsün? Təcili məsləhətləşmək lazım idi. Odur ki, Cəlal müəllim Əjdər Xanbabayevə zəng vurdu.
- Nəşriyyata mənim yanıma gəlin, - Əjdər görüşmək istədiyini bildirən Cəlalın telefon dəstəyində həyəcanlı səsini eşitdikdə belə dedi. - Sabah səhər saat 10-da sizi iş otağımda gözləyəcəyəm.
Təyin edilmiş vaxtda Cəlal Əliyev köhnə dostunun yanında idi. Elmlər Akademiyasının yaxınlığındakı bağda görüş zamanı aldığı məlumatı ona danışdı.
- Nə edək? - Cəlal müəllim soruşdu.
- Moskvaya zəng vurmaq lazımdır, - dedi Əjdər. - Heydər Əliyevə məlumat verək.
Xanbabayev Moskva ilə danışıq sifariş etdi. Şəhərlərarası stansiyada sifarişi qəbul edən telefonçu qıza Heydər Əliyevin nömrəsini söylədi.
Çox gözlədilər, amma Moskvanı birləşdirmədilər. Gözləməkdən yorulan Əjdər məsələni araşdırmağa, niyə bu qədər müddət ərzində Moskva abonenti ilə calaşdırmadıqlarını aydınlaşdırmağa başladı. Aydın bir cavab ala bilmədi. Belə olduqda hökumət telefonu ilə respublikanın Rabitə Nazirliyinə zəng vurdu.
- Dörd saat bundan əvvəl Moskvaya sifariş verilib. İndiyədək birləşdirməyiblər.
Yüksək instansiyaya müraciət öz təsirini göstərdi. Tezliklə telefon dəstəyində Heydər Əliyevin səsi eşidildi:
- Alo, eşidirəm.
Cəlal və Əjdər aldıqları məlumatı söylədilər. Heydər Əliyev inanmaq istəmirdi. Onun qayıtmasını arzulamayanlar, doğrudanmı, belə addım atarlar? Çox güman, bu, onu qorxutmaq üçün göstərilən cəhddir.
- Mən onsuz da gələcəyəm, - Heydər Əliyev qətiyyətlə dedi.
Söhbət qurtardıqdan sonra Cəlal Əjdərin kabinetini tərk etdi. Heydər Əliyevin qarşılanmasına son hazırlıq işlərini başa çatdırmalı idi.
Axşam Cəlal aeroportda qarşılamanın bəzi məqamlarını dəqiqləşdirmək üçün Əjdərin ev nömrəsini yığdı.
- Əjdər ağır yaralanmışdır, indi xəstəxanadadır, - telefon dəstəyində eşitdiyi bu sözlər onu heyrətə saldı.
Cəlal qulaqlarına inanmaq istəmirdi. Amma eşitdiklərinin hamısı gerçək idi. Əjdər ayılmayaraq, bir neçə saatdan sonra vəfat etmişdi.
Sonralar Heydər Əliyev bir neçə dəfə bu mövzuya toxunmuşdur. O, televiziya aparıcısı Andrey Karaulovla müsahibəsində demişdir:
- Təbiidir ki, mən faktları tutuşdurmağa başladım: mayın 30-da gündüz saat 12-də o, telefonda mənimlə danışmış, axşam saat doqquzda isə qətlə yetirilmişdir. Bildiyimə görə, o, sakit, abırlı bir adam idi, çirkli işlərlə əlaqəsi yox idi, siyasətlə maraqlanmırdı. Uzun illər Azərbaycanın ən böyük nəşriyyatında - “Azərnəşr”də işləmişdi, ziyalıların nümayəndələri arasında hörməti vardı. Təbii ki, bütün bunlar məndə sual doğururdu: nəyə görə o, məhz həmin gün və hansı səbəbdən qətlə yetirilmişdi?
Nikolay Zenkoviç,
“Heydər Əliyev Tale Yolları” kitabından
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

