Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyasi uğurlarımızın iqtisadi əsasları...

Siyasi uğurlarımızın iqtisadi əsasları...

24.05.2023 [10:37]

Qələbələrimiz ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasının təntənəsidir

Müasir dünyanın siyasi mənzərəsi iqtisadi münasibətlər sisteminin təzahürüdür. Başqa sözlə, bütövlükdə siyasi, hərbi və digər sferalarda qazanılan və qazanılacaq hər bir uğurun təməlində düzgün qurulmuş, strateji əsaslara malik iqtisadi siyasət dayanır. Bu mənada, Azərbaycanın XXI əsrin ilk onilliyindən başlayaraq Cənubi Qafqazın aparıcı siyasi-hərbi aktoruna çevrilməsi düzgün qurulmuş, milli mənafeyə əsaslanan, milli maraqlara xidmət edən iqtisadi siyasətə söykənir. Təbii ki, bu uğurlu iqtisadi-siyasi yol asan əldə edilməyib - müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan bəzi qüvvələr ölkənin iqtisadi təməllərini sarsıtmış, konsepsiyasız şəkildə iqtisadiyyatı “idarə etməyə çalışmış”, nəticədə ortaya talançlıqdan başqa bir nəsnə çıxmamışdır.  

Heydər Əliyev müasir Azərbaycanın iqtisadi əsaslarını formalaşdırdı

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev müasir, müstəqil Azərbaycanın həm də iqtisadi əsaslarını formalaşdırdı. Məhz bugünkü uğurlarımız, dünyada layiqli iqtisadi tərəfdaş qismində tanınmamız və qəbul edilməmiz əsası Ulu öndərimiz tərəfindən qoyulan düzgün, qətiyyətli və milli maraqlara söykənən siyasi-iqtisadi kursa əsaslanır. Ulu öndərimizin rəhbərliyi altında qısa zaman çərçivəsində həyata keçirilən islahatlar yenicə müstəqilik əldə etmiş Azərbaycanın gələcək iqtisadi inkişafının əsas konturlarını müəyyənləşdirmiş oldu. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Bir məqama diqqət yetirmək gərəkir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox Fərman və Sərəncam imzalanıb. Bundan başqa, 30-a yaxın dövlət proqramı təsdiq edilib. Bu normativ-hüquqi sənədlərin başlıca məqsədini müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin edilməsi təşkil edirdi. Ümumilikdə isə 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunub. Məhz ulu öndər Heydər Əliyev strategiyasının həyata keçirilməsi sayəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuldu.

Bütün sahələrin paralel inkişafı təmin edildi...

Ümumiyyətlə, ümummili lider Heydər Əliyev 1993-cü ildən başlayaraq Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını mərhələli şəkildə həyata keçirdi. Bu fəaliyyət öz müsbət nəticələrini verdi. İslahatların hüquqi bazasını təşkil edən “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Torpaq islahatı haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Banklar və bank fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında” və bir sıra digər qanunlar qəbul edildi, vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər olundu, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olundu.

Vurğulamaq lazımdır ki, həmin dövrdə həyata keçirilən islahatlar istər sənaye, istərsə də qeyri-sənaye sahələrinin, o cümlədən neft sənayesinin yenidən qurulmasını təmin edirdi. Bu mənada, ən əsası özəl sektorun yaradılması, sahibkarldığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar yeni bazar münasibətlərinin formalaşdırılmasına təkan vermiş oldu. Xüsusilə qeyd olunmalıdır ki, aparılan iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Bu isə 1996-cı ildən  ümumi daxili məhsulun artmasında əsaslı rola malik oldu.

Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

“Heydər Əliyev İli” Azərbaycanın qələbələrinin dövrüdür...  

“Heydər Əliyev” İli elan edilmiş 2023-cü il Azərbaycanın mühüm qələbələr qazandığı bir dövrə təsadüf edir. Əldə olunan nailiyyətlər bütövlükdə təməli düzgün qoyulmuş, daha sonra isə uğurla davam etdirilmiş iqtisadi siyasətə əsaslanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. 2003-cü ildən bu yana sənaye istehsalı, kənd təsərrüfatı, xarici ticarət dövriyyəsi, ixrac, qeyri-neft ixracı bir neçə dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları on dəfələrlə artıb. Ölkəmizdə yoxsulluq səviyyəsi olduqca aşağıdır. Eyni zamanda, bu uğurlar Vətən müharibəsi və postmüharibə dövründə də özünü bariz şəkildə ortaya qoyur. İşğaldan azad edilmiş regionlarda aparılan meqa fəaliyyət Azərbaycanın özünün gücü, iqtisadi qüdrəti sayəsində uğurla davam edir. Qısa zamanda bir neçə hava limanı tikilib istifadəyə verilib. Yeni kəndlər, qəsəbələr salınır və Qarabağın keçmiş gözəlliyi və tarixi şöhrəti özünə qayıdır. Bu böyük tarixi hadisə birmənalı şəkildə Azərbaycanın iqtisadi gücünün, qüdrətinin və düzgün istiqamətlənmiş dövlət siyasətinin təntənəsidir...

Pərviz SADAYOĞLU

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31