Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev irsi Azərbaycanımızı işıqlı gələcəyə aparan yoldur

Heydər Əliyev irsi Azərbaycanımızı işıqlı gələcəyə aparan yoldur

02.05.2023 [10:59]

“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”

Heydər ƏLİYEV,

Ümummilli lider

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür.

Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin məhv edilməsi məqamlarını yaşayan, hərc-mərcliyin baş alıb getdiyi, cinayətkar dəstələrin tüğyan etdiyi bir şəraitdə ölkəyə rəhbərlik etməyə başlayaraq onu çox qısa bir müddətdə sivil dövlətlər sırasına çıxarmışdır.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Lakin, 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.

Nəzər saldıqda, ötən əsrin 90-cı illəri Azərbaycanın tarixində ağır faciələrin yaşandığı bir dövr kimi xatırlanır. Həmin vaxt sovetlər birliyi süqut edəndə ittifaq respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, ərazisinin 20 faizi işğal edilmişdi, 20 mindən çox şəhidimiz vardı, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Sovet rejiminin qəddarlığı nəticəsində respublikada baş verən “20 Yanvar” faciəsindən sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyar işğaldan qorundu, əhali müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də birinci sessiyası keçirilən gün Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız parlament binasının üzərində dalğalandı. Məhz müstəqillik uğrunda mübarizə tariximizin bu ən parlaq səhifəsi ilə milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən dahi şəxsiyyət fiziki varlığını təhlükə qarşısında qoyaraq, öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdirlər.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq dahi öndərə müraciət etdi. Heydər Əliyev milyonlarla insanın təkidli istəyini qəbul edərək, 1993-cü ildə Bakıya gəldi və beləliklə, ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.

Bu illər elə mürəkkəb bir dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.

İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə üz tutdu, Vətənimizin təhlükədə olduğunu vurğulayaraq, millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətə rəhbərlik etibarlı əllərdədir və ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur.

Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə fədakarlıq göstərdi.

Bəli, bax, budur xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Ümumilikdə, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı.

 Ölkəmizin sabitlik diyarına çevrilməsi hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslarına görə dünyanın diqqətində olan Azərbaycana marağın daha da artmasına, 1991-1993-cü illərdə mövcud siyasi gərginliyə görə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinin aradan qaldırılmasına səbəb oldu. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə xarici şirkətlərlə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla da iqtisadi inkişafın, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu.

Ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu, dövlətçiliyimizin demokratik əsasları yaradıldı. 1995-ci ildə ilk Milli Konstitusiyamız referendum yolu ilə qəbul olundu. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasına çevrildi. Ali Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsini şərtləndirdi. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu.

Ölkədə azad mətbuatın inkişafı istiqamətində bir-birindən əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu öndər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Ölkədə yaradılan demokratik şəraitin nəticəsidir ki, bu gün xeyli sayda KİV qeydiyyatdan keçib, jurnalist təşkilatları yaradılıb.

Atılan bu kimi addımların əsasında təbii ki, ölkəmizin iqtisadi və maliyyə imkanları dayanır. Ulu öndər Heydər Əliyevin iqtisadi və siyasi islahatların vəhdətliyinin qoruması Azərbaycanın davamlı inkiafında əsas yer tutdu. Ümummilli liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərdi. Bu sazişdən sonra imzalanan onlarla müqavilə və anlaşma memorandumları da bunu təsdiqləyir. Ulu öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Son 19 ildə cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi beynəlxalq aləmdə təqdir edilir. Ulu öndər Heydər

Əliyevin böyük uzaqgörənliyi sayəsində 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu öndərin təşəbbüsü ilə 2001-ci il noyabr 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Ümummilli lider bildirmişdir: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik”. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya ətrafında sıx birləşdirdi, Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini vermək üçün səylərini birləşdirməyə çağırışlar etdi.

Azərbaycan tolerant ölkədir, müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayırlar. Ümummilli lider Azərbaycan əhalisinin çoxmilli tərkibini sərvətimiz, üstünlüyümüz kimi dəyərləndirirdi.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. Fəaliyyətini daim yeni dövrün tələblərinə uyğun quran YAP dövlətimizin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə özünün sanballı töhfələrini verir.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilməkdədir. 2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir.

Azərbaycan dövləti hazırda düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən erməni vandalizminin qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım

Əliyevanın şəxsi diqqəti və nəzarəti ilə düşməndən təmizlənən bölgələrdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bütün tarixi, mədəni, dini abidələrimiz, eləcə də digər xalqlara məxsus inanc yerləri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycanın zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.

Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Qarabağa “Böyük Qayıdış” davamlı olaraq həyata keçirilir. Doğma torpaqlarından, dədə-baba yurdundan qovulan məcburi köçkünlərimizin bir neçə ailəsi artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. İşğaldan azad olunan ərazilərimizin hər birində bərpa- quruculuq işləri durmadan davam edir.

Bildirmək lazımdır ki,  Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratmış oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir çağırışlara cavab verən, regional və beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edən, eyni zamanda həmin təşəbbüsləri uğurla reallaşdıran müasir və güclü bir dövlətə çevrilməyi bacarmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən, dünyanın bir çox ölkələrini birləşdirən nəqliyyat dəhlizi, eyni zamanda əlverişli logistik mərkəz rolunu oynayan əhəmiyyətli ölkədir.

Hamımızın çoxdan gözlədiyi böyük bir tarixi qələbə uzaqgörən dövlət başçımız

İlham Əliyevin səyi nəticəsində xalqımızı yenidən sevindirdi. Belə ki, 23.04.2023-cü il tarixində Laçın-Xankəndi yolunun girişində Ermənistanla sərhəddə Azərbaycan dövlətinin sərhəd-keçid məntəqəsi yarandı. Bu tarixi nailiyyət bizim konstitusion hüququmuz olmaqla hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı şəkildə dəstəklənir. Erməni dairələrinin və onların havadarlarının aqressivləşməsinə baxmayaraq, bu proses regionda uzunmüddətli sabitlik və ən əsası Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərpası üçün təminat yaratmış oldu.

Təbii ki, əldə edilən bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır. Xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Aygün HƏŞİMOVA,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə  Ekspertizası Mərkəzinin əməkdaşı

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31