Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq haqq səsimiz

Beynəlxalq haqq səsimiz

01.12.2022 [10:35]

Ombudsman təsisatı 20 illik hüquq müdafiəçisi kimi

Günel ABBASOVA

Tarixi inkişaf mərhələlərindən keçən bəşər sivilizasiyasının son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. İnsan hüquqlarının daha səmərəli təmin və müdafiə olunması üçün fərdlərin və bütövlükdə, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi, onların şüurlu, məqsədyönlü fəaliyyəti və təşəbbüskarlığı zəruridir. Cəmiyyətin daxili imkanlarını, özünü təşkil mənbələrini hərəkətə gətirəcək alternativ strukturların mövcudluğu vacibdir. Cəmiyyət üzvlərinin mövcud siyasi sistemin mahiyyəti və hüquqi mexanizmlər, institutlar haqqında müxtəlif baxışları vardır ki, onlar insan hüquq və azadlıqlarını da əhatə edir.

Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır. Azərbaycan məhz bu mühiti yaratmağı bacaran ölkələrdəndir.

Humanist addımları ilə dünya ölkələri arasında fərqlənən Azərbaycanda 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq, ölüm cəzası ləğv edilib. Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi məqsədilə imzaladığı 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuşdu. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamıdır.

Ümumiyyətlə, demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali prinsiplərindən biridir. Müstəqil Azərbaycan dövləti də bu prinsipə sadiqliyini daim nümayiş etdirir. Məlumdur ki, 10 dekabr tarixi beynəlxalq aləmdə Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul edib. Ombudsman təsisatının yarandığı 10 dekabr tarixi Azərbaycanda da Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bundan başqa, Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib.

Ali məqsədimiz

Tarixi nəzərdən keçirəndə aydın olur ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir və bu, təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmin edilməsinə imkan yaradıb. Hazırda Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir.

Bu gün Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin olunmasını mümkün edən mühit formalaşdırır. Xarici mütəxəssislər də bildirirlər ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Eyni zamanda, Azərbaycanda azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması, sərbəst toplaşmaq hüququ insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin aparıcı komponenti sayılan hüquqi dövlət anlayışı kompleks şəkildə hüquq və azadlıqların təminini özündə ehtiva etməklə yanaşı, sabit inkişafın da təməli rolunda çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edilməkdədir.

Hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqlarının təmini və qorunması, fundamental azadlıqların təmini Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb. Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən qanunvericiliklər toplusu - ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Eləcə də, bu gün Milli Məclisdə İnsan hüquqları daimi komitəsi, Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisidir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Bir sözlə, ölkəmizdə əsas fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri ilə qorunur, inkişaf etdirilir.

Ombudsmanın müharibə və postmüharibə dövründə fəaliyyəti

Müharibənin ən ağır günlərində də, postmüharibə dövründəki həssas günlərdə də Ombudsman aparatının səmərəli fəaliyyəti xüsusi qeyd edilməlidir. Vurğulamaq lazımdır ki, sözügedən günlərdə Ombudsman mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə, beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı faktlara və işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı məsələlərə çəkib. Bu münasibətlə ünvanlanan bəyanatlarda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların səbəb olduğu insan tələfatı, habelə mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi, insan həyatına və sağlamlığına, ümumilikdə insan hüquqlarına və regionun inkişafına zərərli təsiri barədə məlumatlar yer alıb. Ombudsman beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda tam sülhü bərqərar etmək, təhlükəsiz mühit yaratmaq, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə tez bir zamanda qayıtmasını təmin etmək üçün bütün səyləri birləşdirməyə və dünyada mina qurbanlarının sayının artmasının qarşısını almağa yönəlik addımlar atmağa çağırıb.

Ombudsman respublikamızda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələri, xarici ölkələrin səfirləri, həmçinin ölkəmizə səfər edən beynəlxalq qurumların rəhbər və nümayəndələri ilə görüşlərində də onlara Ermənistan tərəfindən törədilən insan hüquqları pozuntuları ilə bağlı geniş məlumat verib. Ombudsman Azərbaycana səfər edən Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvlərini - “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçini və komitə katibliyinin rəhbərini qəbul etmiş, onlara İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə də geniş təqdimat edib. Təqdimatda müharibə dövründə həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş uşaqlar, tamamilə və ya qismən dağıdılmış tarixi, dini və mədəni abidələr barədə məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı işgəncə və pis rəftar hallarına dair faktlara yer verilib.

Vətən müharibəsi dövründə mülki şəxslərin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alındığını, insan hüquq və azadlıqlarının kobud surətdə pozulduğunu, işğaldan azad edilmiş ərazilərdə hələ də mina probleminin mövcud olduğunu, nəticədə həm azərbaycanlı mülki şəxslərin, həm də o ərazilərdə xidmət edən hərbi qulluqçuların minaya düşərək həlak olduqlarını və ya sağlamlıqlarını itirdiklərini diqqətə çatdırıb.

Qeyd olunan hesabat, bəyanat və müraciətlərdə Ermənistanın aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə aralarında uşaq və qadınlar da olmaqla, çoxsaylı dinc sakinləri qətlə yetirməsi, dini, tarixi və mədəni abidələri, o cümlədən məscid və digər ibadət yerlərini, eləcə də qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket komplekslərindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi ağır cinayətlər obyektiv və real faktlarla təqdim edilmiş, bu məlumatlar yerli və beynəlxalq mətbuatda dərc olunmuşdur. Ombudsmanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalarla bağlı bəyanatında qeyd edilmişdir ki, minaların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə təhdid olmaqla bərabər, məcburi köçkünlərin həmin ərazilərə qayıdışına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Bütün ölkələrdə olduğu kimi ölkəmizdə də Ombudsmanın ictimai və siyasi həyatda real, əhəmiyyətli rolu var. Təsisatın 20 illik yoluna nəzər saldıqda əminliklə demək olar ki, ölkəmizdə məhkəmədənkənar insan hüquqlarının müdafiəsi orqanı kimi, Ombudsman təsisatı bundan sonra da hər bir kəsin hüquqlarının və layiqli həyatının təmin olunmasına, Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət etməklə yeni nailiyyətlər əldə ediləcək.

Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi jurnalist yazı müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır.

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31