Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paralel kainatlar...

Paralel kainatlar...

27.10.2022 [11:46]

Kainat həyatımızla bağlı bütün ehtimalları sınayır

SƏİDƏ Rəhimli

Ağlasığmaz dərəcədə böyük olan bu kainatda yalnız bizlər varıq? Əlbəttə ki, belə deyil. Kainatda yaşayan başqa canlıları hələ kəşf etməmiş olmağımız onların var olmadığı mənasına gəlmir. Texnologiyanın inkişafı sayəsində kainat haqqında sirli qalan məqamları sıra ilə aydınlaşdıra bilirik. 2022-ci il sentyabrın 26-sında NASA-nın verdiyi məlumatlara görə, yaşanıla biləcək şəraitə sahib olan “super-Dünya” adlandırdıqları bir planet kəşf ediblər.

Yəni biz bu kainatda tək deyilik. Bu həqiqət gec və ya tez kəşf olunacaq. Bəlkə də, elə canlılar var ki, yaşamaq üçün oksigenə ehtiyacları yoxdur və çox uzaq planetlərin birində yaşayırlar. Yüz milyardlarla, hətta trilyonlarla qalaktikalar kosmosda fırlanır, hər biri milyardlarla və ya trilyonlarla ulduzdan ibarətdir.

Kainatın belə sirli olması alimlərin bu haqda fərqli fikirlər irəli sürməsinə səbəb olub. Bəzi tədqiqatçılar kainatın diametrinin 7 milyard işıq ili ola biləcəyini, bəziləri də bunun sonsuz ola biləcəyini düşünürlər. Kainat haqqında irəli sürülən fikirlərdən biri də “paralel kainatlar” ideyasıdır. Paralel kainatların mövcudluğu ideyası artıq sadəcə fantastik hekayələrdən ibarət deyil, bunu dəstəkləyən elmi nəzəriyyələr də mövcuddur. Bu nəzəriyyələr tam sübut olunmayıb, amma təkzib də oluna bilmir.

“Paralel kainatlar” ideyası ilk dəfə 1954-cü ildə Prinston Universitetinin tələbəsi Hugh Everett tərəfindən irəli sürülüb. Onun ideyasına əsasən, bizim kainatımızdan kənarda paralel kainatlar mövcuddur. Bu kainatların hər hansı birində dünya müharibələri fərqli nəticələnmiş ola bilər, dinozavrlar hələ də yaşaya bilər və ya insanların nəsli kəsilmiş ola bilər. Onun nəzəriyyəsində alimləri narahat edən əsas məqam bu idi ki, əgər biz ölümlə nəticələnə biləcək bir vəziyyətlə qarşılaşmışıqsa, o zaman bizim öldüyümüz paralel bir kainat var deməkdir.

Elmi fantastika paralel kainat ideyasını çox sevir. Bu ideyaya əsasən, biz sonsuz sayda mümkün həyatlardan yalnız birini yaşayırıq. Elmi nəzəriyyəyə görə, bizim kainatımızdan kənarda bizim həyatımıza paralel, ayna kimi olan kainatlar mövcuddur. Yəni bizdən kainatda çoxlu sayda var və hər biri müxtəlif zaman dilimlərində fərqli seçimlərlə fərqli həyatlar yaşayırlar. Bəzi alimlər paralel kainatların sonsuz sayda ola biləcəyinə inanırlar.

Dünyanın hər yerində yuxuların təbiəti və mənşəyi haqqında müxtəlif əfsanələr var. Lakin hələ də yuxuların sirri tam olaraq açılmayıb. Bəzi iddialara görə, yuxularımız paralel kainatlarda olan digər həyatlarımıza açılan qapıdır. Bəzi yuxuları paralel kainatla əlaqələndirdikdə görülmə səbəbləri və yuxuda yaşadıqlarımız daha məntiqli gəlir. Bu günə qədər gördüyünüz yuxuları düşünün. Hansında yuxunun başlanğıcı və sonu var? Biz yatanda sanki yuxunun tam ortasına düşürük və yuxumuzda bəzən istəmədiyimiz, bəzən də istədiyimiz hadisələr baş verir. Yuxudakı biz oluruq, amma bəzən öz bədənimizdə, bəzən də başqası olaraq özümüzü görürük. Bu həyatımızda heç getmədiyimiz yerləri və ya heç görmədiyimiz, tanımadığımız insanları görə bilirik. Oyananda isə yuxu mütləq yarımçıq qalır. Alimlər bəzi yuxularımızın paralel kainata səyahət ola biləcəyini düşünürlər.

Hər kəs həyatında bir dəfə də olsa, dejavu yaşayır. Dejavu zamanı yaşadığımız hadisəni daha əvvəl yaşamışıq kimi hiss edirik. Buna nəyin səbəb olduğu isə hələ də sübut olunmayıb. Dejavu haqqında bir çox nəzəriyyələr irəli sürülüb. Bunu paralel kainatlarla əlaqələndirənlər də var.Onlar belə düşünürlər ki, dejavu paralel dünyalar bir an üçün sinxronlaşdıqda baş verir. Bəzən biriylə danışan zaman dejavu yaşayırıq. Bu, ya tam eyni olur, ya da kiçik fərqlərlə olur. Məsələn, bu anı daha əvvəl yaşamısınız kimi hiss edirsiniz, amma söhbət zamanı qarşı tərəfin cavabı yaşadığımızı düşündüyümüz anla eyni olmur.

Hələ tam olaraq sübut olunmamış paralel kainatların mövcudluğu ideyası insana xəyal kimi gəlir. Bizdən kainatda çoxlu sayda var və bizim “kaş belə etsəydim” dediklərimizi onlar edir. Kainat həyatımızla bağlı bütün ehtimalları sınayır və biz də kainatın bir parçası olaraq bunlardan müəyyən qədər xəbərdar oluruq. Bəlkə də, yuxularla və ya dejavularla paralel kainatdakı bizlər bizə mesaj göndərməyə çalışırlar.

Bəs siz bu ideyanın doğruluğuna inanırsınız?

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31