Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir statusdan boylanan xəyanət

Bir statusdan boylanan xəyanət

15.09.2022 [11:02]

Aram Torosyanın adından danışan kimdir?

Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutyunyandan artıq separatçılıq...

Təcavüzkar və məğlub Ermənistanın növbəti hərbi avantürası onun üçün baha başa gəldi. Azərbaycan Ordusu bu ölkənin hərbi birləşmələrinin genişmiqyaslı təxribatlarının qarşısını layiqincə aldı, təxribatçılara ağır və şiddətli zərbə endirdi. Və qisas qiyamətə, şəhidlərimizin qanı isə yerdə qalmadı.

Bu günlərdə Azərbaycan xalqı yenidən milli birlik - sarsılmaz həmrəylik nümayiş etdirir, qüdrətli dövlətinin, qalib Ordusunun yanında olduğunu bəyan edir və informasiya müstəvisində də qətiyyətli mübarizəsini davam etdirir. Amma istisnalar da var...

Əslində, onlar istisna deyillər. Hər zaman olduğu kimi, düşmənin mövqeyini müdafiə, Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutyunyandan artıq separatçılıq edərək özlərini ikrah, qınaq və nifrət obyektinə çevirirlər. Söhbət siyasətdən və cəmiyyətdən əli üzülmüş Əli Kərimli kimilərdən gedir.

Özünü radikal düşərgənin “12-ci siyasi müqəddəs”i kimi nə zamansa hakimiyyətə zühur edəcək persona kimi görən və göstərməyə çalışan AXCP sədri son hadisələrlə əlaqədar paylaşdığı statusla xəyanətkar mahiyyətini, aciz və miskin durumunu ortaya qoyub. Bu barədə bir qədər sonra...

İndi isə qeyd edək ki, bu hal ilk və son deyil. Bir müddət öncə ermənilərin təxribatı nəticəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının qisasının alınmasına görə hər bir azərbaycanlının qürur hissi keçirdiyi vaxtda Kərimli “Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin itkilərinin sayını olduğundan çox deyir” söyləmişdi. Ondan əvvəl Şərur rayonunun Günnüt kəndi daxil olmaqla, on bir min hektar ərazinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi barədə rəsmi məlumat verilərkən də ilk “təkzib” Əli Kərimlidən gəlmişdi - o, “bu, iqtidarın şousudur” demişdi. Bu gün isə “Bir gecədə 50 igidimizi şəhid vermək dəhşətdir. Həm də heç nəyə nail olmadan cəmi bir neçə saatda bu qədər şəhid vermək ikiqat dəhşətdir” ,- deyə yazır. Üstəlik, Əli əfəndi düşmən ordusunun məhv edilmədiyini, Ermənistanın kapitulyasiyaya məruz qalmadığını, Qarabağ məsələsinin bitmədiyini iddia edəcək dərəcədə siyasi həyasızlıq və məsuliyyətsizlik nümayiş etdirir.

Onun bu “mövqe”yi (əqidəsizliyi) nədən xəbər verir, hansı məqamlara işıq salır?

1. Maraqlıdır ki, Ə.Kərimli təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham edir - günahlandırır. Ermənilərin, Ermənistanın hərbi-siyasi rəhbərliyinin xətrinə dəyəcək bir kəlmə də işlətmir. Məsələn, deyə bilərdi ki, “Ermənistanın təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir”. Məgər o görmür ki, Ermənistan bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır? Bilmir ki, məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır? Ermənidən artıq ermənilik edən Kərimli bu reallıqları Paşinyandan da yaxşı bilir;

2. AXCP sədri “heç nəyə nail olmadan...” deyir. Yəni Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsini, təxribatçıların darmadağın edilməsini istisna və təkzib etməyə çalışır. Bu, ilk növbədə, şəhidlərin ruhuna təhqirdir, onları şəhid kimi tanımamaq deməkdir. Eyni zamanda, şəhid ailələrinə həqarətdir.

Sual olunur: bəs erməni hərbi birləşmələrini, onların canlı qüvvəsini, döyüş məntəqələrini kim məhv edib? “Hər məsələdən məlumatlı olduğunu” iddia edən Kərimli yaxşı bilir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə çox ciddi zərbə vurdu, bu ölkənin sərhəd boyunca təhdid yarada biləcək və təxribat aləti olan hərbi infrastrukturu - hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı, strateji yüksəkliklər nəzarətə götürüldü. Ermənilərin özləri bu reallığı ifadə və etiraf edirlər. Məsələn, erməni deputat Tiqran Abramyan qeyd edib ki, “Azərbaycan bir neçə saat ərzində yeni sərfəli mövqelərə çıxmaqla, Ermənistanın kommunikasiyalarına nəzarəti gücləndirməklə, hərbi infrastruktura zərbələr endirməklə öz minimum vəzifəsini artıq həll edib”. Belə olan halda, Kərimlinin “yanaşma”sı erməni təxribatının qarşısını şücaətlə və peşəkarlıqla alan Milli Ordumuza açıq düşmənçilik deyilmi?

3. Onun daha bir cəfəng “siyasi nağıl”ı guya Ermənistanın kapitulyasiyaya  məruz qalmamasıdır. Sual olunur: bəs 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza ataraq müharibənin nəticələrini qəbul edən, Ağdam, Laçın və Kəlbəcəri boşaltmaq öhdəliyi götürən və buna məcbur edilən hansı ölkə (və onun baş naziri) idi? Paşinyan Ermənistan parlamentində çıxışı zamanı “bəli, biz təslimçilik aktına imza atmışıq” dediyi halda, Əli Kərimli nəyi istisna və inkar etməyə çalışır?

4. AXCP sədri Araik Arutyunyanın dili ilə danışaraq “müharibə bitməyib” deyir. Bitməyibsə, o zaman özünü “vətənpərvər - vətənsevər” obrazında təqdim edən Əli Kərimli bir təşəbbüsə imza atsın: Londonda yaşayan oğlunu çağırıb ön cəbhəyə gönərsin, başqasının oğluyla “müharibə etməyə” çalışmasın. Yəni “iddiasını sübuta yetirsin”.

Beləliklə, bir paylaşımdan boylanan xəyanət reallıqları əks etdirir - bütün çılpaqlığı ilə. Gerçəklik budur ki, iddiaları imkanlarını dəfələrlə üstələyən Əli Kərimli real siyasət meydanında özünə yer tapa bilmədiyindən çıxış yolunu virtual aləmdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın əvəzindən yazmaqda, danışmaqda - şərh verməkdə görür. Görünən dağa nə bələdçi?!

“Yeni Azərbaycan”

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31