Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göstərir İTV...

Göstərir İTV...

27.08.2022 [07:21]

Nicat PAŞA

2005-ci il 29 avqust saat 17:00. Bu tarix Azərbaycanın televiziya məkanında yeni bir səhifənin başlandığı -  İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ) açılış mərasiminin keçirildiyi gündür.

Şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti “İctimai Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İctimai Televiziya 2007-ci il 5 iyul tarixindən etibarən Avropa Yayım Birliyi (EBU)-nin üzvü seçilib və 2008-ci ilin may ayından etibarən Avroviziya Mahnı Müsabiqəsini yayımlayır. 2008-ci ildə isə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Samir və Elnur duetiylə, “Day after Day” mahnısıyla təmsil olunub.

Artıq bir neçə ildir ki, izləyicilərin qarşısına daim yeniliklərlə çıxan telekanalın gördüyü işlər media ekspertləri tərəfindən də yüksək qiymətləndirilməkdədir.

“İctimai televiziya bizim televiziya məkanının rənglərindən biridir. Onun müəyyən bir auditoriyası, sevənləri, yayımlanan verilişləri maraqla izləyən tamaşaçıları var. Bu mənada İTV son illərdə bizim jurnalistikamızı, televiziya mədəniyyətimizi bu və ya başqa formada tamamlayan, onu inkişaf etdirən platformalardan biridir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında professor Qulu Məhərrəmli səsləndirib. Televiziya tənqidçisi deyir ki, yarandığı gündən indiyə qədər İTV-ə münasibət heç vaxt birmənalı olmayıb: “Hətta təxminən, 5-6 il bundan öncə İTV-nin AzTV-nin əlavəsinə çevrildiyi biabırçı vaxtlar da olub. Amma indi, Balaş Qasımov sədr seçildikdən sonra İctimai televiziyada müəyyən canlanma gedir ki, bunları ədalət naminə qeyd etməliyik”.

Professor İTV-də yayımlanan proqramlardan da söz açıb: “Birinci növbədə ictimai müzakirə proqramları say etibarı ilə artıb. “Yekun”, “Sabahın xeyir, Azərbaycan”, “Dikdaban”, “Sabaha saxlamayaq” kimi verilişlərdə ən müxtəlif mövzular müzakirə olunur. Canlı müzakirələrin sayı artıb. Verilişlərdə müxtəlif fikirlər səsləndirilir. Vaxtilə televiziyanın həndəvərinə buraxılmayan adamlar bu televiziyanın ekranından çıxış edirlər, fikirlərini deyirlər və hətta aparıcıya çevrilirlər. Məsələn, Eldar Namazovun orada veriliş aparmağı çox müsbət hadisədir. Biz İTV-dən danışarkən onun maraqlı layihələri haqqında da deməliyik. Bu layihələrdən biri haqqında yazmışam da. Müsəllim Həsənovun apardığı XX əsr - sözün həqiqi mənasında, bəlli standartlara cavab verən bir proqramdır. Aparıcısı, rejissor işi... Televiziya bu proqramda özünü gözəl ifadə edir. Diqqət yetirdikdə görünən odur ki, televiziya bu veriliş üçün heç nəyini əsirgəmir. Yəni bütün televiziyaların bir brend verilişi olur, bax, adını çəkdiyim bu veriliş XX əsr Azərbaycan tarixinin araşdıran ən gözəl ekran əsəridir. Bunu birmənalı demək olar”.

“Yaxud “3D” proqramı. Birmənalı qarşılanmaya bilər, lakin fakt odur ki, bizim televiziya məkanında dərhal diqqəti cəlb etdi və xeyli tamaşaçı auditoriyası toplaya bildi”.

İctimai radionun fəaliyyətindən danışan professor bu radioda ana dilimizin normalarına riayət olunduğunu xüsusi vurğulayıb: “İkinci bir tərəfdən, radiosu da sükunət halından çıxa bildi. İndi orada çox maraqlı verilişlər gedir. Hesab edirəm ki, ana dilimiz ən yaxşı orada təbliğ olunur. Bununla yanaşı, Fatehin verilişləri sevilir və baxılır. Yəni hiss olunur ki, bu gün İctimai TV-də bir intellektual qat var ki, o, tədricən televiziyaya müəyyən yön verə bilir. Bütün bunları deməmək olmaz”.

Əlbəttə ki, tamaşaçıların istədikləri başqa fərqli layihələr də ola bilər. Ümumiyyətlə, İTV plüralizmin daha çox təbliği, cəmiyyəti tamamilə ifadə edə bilmək üçün yaradılıb:  “İdarəçiliyində mühüm rol oynayan Yayım şurası ondan ibarətdir ki, orada cəmiyyətin müxtəlif təbəqələri təmsil olunsun və o, həm mövzu gətirsin, həm də televiziyadakı fikir rəngarəngliyini təmin etsin. Ona görə ki, İTV cəmiyyətin televiziyasıdır, cəmiyyət üçün bir tribuna, cəmiyyətdə sosial harmoniya yaradan bir media qurumu olmalıdır. Buna görə İTV-dən tamaşaçıların da istəkləri, gözləntiləri çoxdur”.

İctimai televiziyada çalışanların peşəkarlığından danışan Q.Məhərrəmli onun peşəkar, yaradıcı komandasının olduğunu xüsusi vurğuladı: “Düşünürəm ki, İctimai televiziyanın çox peşəkar, yaradıcı komandası var. Sadəcə mən arzulayardım ki, onların azadlıqları bir az çox olsun. Çünki indi bəzi məmurlar hesab edirlər ki, müəyyən sədlər qoymaq lazımdır, medianın qarşısını buraya qədər kəsmək lazımdır... Amma bunlar indiki, alternativ media qurumlarının, alternativ kommunikasiyaların olduğu şəraitdə yanlış yanaşmadır. Ona görə biz İTV-ni sözün həqiqi mənasında cəmiyyətin televiziyasına çevirməklə bir çox problemləri, o cümlədən cəmiyyətdə bizi narahat edən problemləri orada göstərməklə, həmin məsələlər haqqında danışmaqla onların həllinə nail olmaq imkanlarımızı artıra bilirik. Yaxşı sənədli filmlər çəkilir. Məsələn, Şuşanın alınması ilə bağlı sənədli film çox xoşuma gəldi. Çox gözəl işləmişdilər. Ümumiyyətlə, peşəkar səviyyə yaxşıdır”.

Telekanalın hazırda yüksəliş dövrünü yaşadığını deyən professor kollektivi təbrik edib, onlara uğurlar arzu edib: “Bu addımların atılması təqdirəlayiqdir. Hesab edirəm ki, İTV indi yüksəliş dövrünü yaşayır. Bir az azadlığını artırmaq, bir az peşəkarlığını artırmaq, bir az cəmiyyəti daha dolğun ifadə etmək və plüralizmi çoxaltmaqla bu televiziyanı biz ən yaxşı telekanallardan birinə çevirə bilərik. Yeganə kanaldır ki, ayrıca qanunla tənzimlənir. Ona görə də İTV-dən gözləntilərimiz çoxdur. Kollektivini təbrik edir, uğurlar arzulayıram!”

Xatırladaq ki, İTV 2022-ci il yanvarın 28-də “Azerspace-1” peykində HD yayım formatına keçib. Şirkət 24 saat ərzində Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir. Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31