Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın nəqliyyat və tranzit imkanları güclənib

Azərbaycanın nəqliyyat və tranzit imkanları güclənib

21.09.2022 [15:42]

Dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınan müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz hissəsinə çevrilib. Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihələrinin təməlində geosiyasət dayanır və bu layihələr sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır. Sentyabrın 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər".

Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti tarixi əhəmiyyət daşıyır. Bu dəmir yolu, ilk növbədə, yük daşımalarındakı intensivliyi artırır. Qeyd edək ki, bu layihə ölkələr arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə və bundan irəli gələn sabitliyə yönələn layihədir. Çindən başlayaraq bütün Orta Asiya ölkələrini əhatə etməklə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Avropaya uzanan Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti dövlətlər arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. İrihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir və ən müasir standartlara cavab verən texnologiyalar tətbiq olunur. Cənab Prezident çıxışında "Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb", - deyərək Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu diqqətə çatdırıb: "Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir". Qeyd edək ki, Azərbaycanda istifadəyə verilmiş müxtəlif təyinatlı çoxsaylı müəssisələr sırasında Bakı Gəmiqayırma Zavodunun xüsusi yeri var. İstehsal gücünə görə nəhəng, təyinatına görə olduqca əhəmiyyətli müəssisədə irihəcmli layihələr reallaşır.

Beynəlxalq yol-nəqliyyat sistemi ilə yanaşı, respublikadaxili, magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisi, təmiri geniş vüsət alıb. Ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub. "Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib", - deyən Cənab Prezident onu da bildirib ki, bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, təqdirəlayiqdir. Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Çəkilən yollar Azərbaycanı yüksəlişə doğru aparır. Vətən müharibəsində parlaq qələbəmizdən sonra erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi üçün Qarabağda geniş quruculuq işlərinə başlandı. Dövlət başçısı bildirib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb: "Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır". Ən müasir tələblərə cavab verən Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağını özündə əks etdirir. "2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq", - deyə Prezident bildirib.

Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir ki, həyata keçirilən layihələr öz nəticəsini verir. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə qarşıya qoyulan hədəflərə uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31