Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Laçın azadlıqdan sonra yeni inkişaf və tərəqqi dövrünü yaşayır

Laçın azadlıqdan sonra yeni inkişaf və tərəqqi dövrünü yaşayır

25.08.2026 [15:42]

26 avqust Azərbaycan tarixində mühüm və qürurverici günlərdən biridir. Bu
tarix artıq dördüncü ildir ki, ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Laçın şəhərinin, Zabux və Sus
kəndlərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza verdiyi müjdə 30 ilə yaxın
davam edən işğalın yaratdığı ağrı-acıların aradan qaldırılması istiqamətində
növbəti tarixi mərhələ oldu.
Laçının Azərbaycan tarixində özünəməxsus yeri var. 1923-cü ildə Abdallar
kənd yaşayış məntəqəsinə Laçın adı verilib və şəhər statusu alıb, 1930-cu ildə isə
Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb. Rayonun mərkəzi Laçın
şəhəridir. 1835 kvadratkilometr əraziyə malik Laçın zəngin təbiəti, meşələri,
yaylaqları, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilir. Rayon
tarixən kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, meyvəçilik, taxılçılıq, üzümçülük
və digər sahələrin inkişaf etdiyi bölgələrdən biri olub.
Lakin Laçının taleyində 1992-ci il mayın 18-i ən ağrılı tarixlərdən biri kimi
yadda qalıb. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun əhalisi
doğma yurdlarından didərgin salınıb, 300-dən artıq hərbi və mülki şəxs həlak
olub və ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə
müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi,
internat və orta texniki peşə məktəbləri, eləcə də müxtəlif istehsal müəssisələri
dağıdılıb və talan edilib. Rayonun tarixi-mədəni irsinə də ağır zərbə vurulub,
dünya və yerli əhəmiyyətli çoxsaylı tarixi abidələr vandalizmə məruz qalıb.
Laçının işğalı Azərbaycanın sonrakı ərazi itkiləri baxımından da xüsusi
strateji əhəmiyyət daşıyırdı. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayəti arasında coğrafi əlaqənin yaradılması Azərbaycanın təhlükəsizliyi üçün
ciddi nəticələr doğurdu. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran,
hakimiyyət uğrunda mübarizə və dövlət idarəçiliyindəki xaos hərbi cəbhədəki
vəziyyətə də mənfi təsir göstərdi. Nəticədə Laçınla yanaşı digər ərazilərimiz də
işğala məruz qaldı.
İşğal illərində Ermənistan tərəfindən Laçında tarixi və coğrafi adların
dəyişdirilməsi, təbii sərvətlərin qanunsuz istismarı və demoqrafik vəziyyətin
dəyişdirilməsinə yönəlmiş məskunlaşdırma siyasəti həyata keçirildi. Bütün bunlar
beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycanın
tarixi və mədəni irsinə qarşı məqsədyönlü siyasətin tərkib hissəsi idi.
Lakin 30 ilə yaxın davam edən işğal dövrü əbədi olmadı. 2020-ci ildə
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində tarixi Zəfər
qazanıldı. 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası
istiqamətində həlledici mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana
qaytarılması təmin edildi. 2020-ci il dekabrın 1-də Laçın rayonu tam şəkildə
Azərbaycanın nəzarətinə keçdi. Bundan əvvəl isə rayonun Güləbird, Səfiyan və
Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən azad edilmişdi.

Laçın şəhərinin tam azadlığı isə 2022-ci il avqustun 26-da reallaşdı. Həmin
gün Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə
götürüldü. Beləliklə, Laçının azadlığı ilə bağlı proses öz məntiqi yekununa çatdı
və tarixi ədalət tam bərpa edildi. Laçının azad olunması uğrunda aparılan döyüş
əməliyyatlarında şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçunun
“Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu Qələbənin
qəhrəmanlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası 2023-cü ilin
sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə daha da
möhkəmləndi. Bununla ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi
və Qarabağda yeni reallıq yarandı.
Bu gün Laçın yalnız azad edilmiş şəhər kimi deyil, həm də Azərbaycanın
sürətli bərpa və quruculuq siyasətinin parlaq nümunələrindən biri kimi diqqət
çəkir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə xüsusi diqqəti
nəticəsində Laçında genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yaşayış
məhəllələri, sosial obyektlər, yollar və digər mühüm infrastrukturlar yaradılır.
Laçının yeni siması müasir şəhərsalma prinsipləri ilə tarixi-milli xüsusiyyətlərin
vəhdətini əks etdirir.
Dövlət başçısının Laçına səfərləri zamanı çoxsaylı sosial və infrastruktur
layihələrinin təməli qoyulub, mühüm obyektlərin açılışı keçirilib. Laçın
Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin və bütövlükdə regionun
nəqliyyat imkanlarını genişləndirən mühüm hadisələrdən biri oldu. Laçının
beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə şəhərin artıq yalnız bərpa olunan
yaşayış məntəqəsi deyil, Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli
məkanlarından birinə çevrildiyini göstərir.
Laçının dirçəlişinin ən mühüm göstəricilərindən biri isə doğma sakinlərin öz
yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların Böyük
Qayıdışı başlanıb. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan ailələr
yenidən öz evlərinə qayıdaraq burada yeni həyata başlayıblar. 2026-cı ilin iyul
ayına qədər Laçın şəhərində 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndində 217
ailənin, yəni 823 nəfərin, Sus kəndində 59 ailənin, yəni 215 nəfərin, Bəylik
kəndində isə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil. Hər bir ailənin qayıdışı illərlə
davam edən həsrətin sona çatması, ata-baba yurdunun yenidən canlanması və
Böyük Qayıdışın real nəticələrinin göstəricisidir. İşğal dövründə viran qoyulmuş
ərazilərdə bu gün yeni evlərin, məktəblərin, tibb müəssisələrinin, yolların və
sosial obyektlərin inşa edilməsi Azərbaycanın öz gücü hesabına yaratdığı yeni
reallığın ifadəsidir.
Laçının timsalında Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən
bərpa və quruculuq işləri müasir şəhərsalma yanaşmaları ilə müşayiət olunur.
“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun
yaradılması, ekoloji prinsiplərə üstünlük verilməsi və dayanıqlı yaşayış mühitinin
formalaşdırılması bu ərazilərin gələcək inkişaf modelini müəyyənləşdirir.
Laçın bu gün həm də Azərbaycanın dünyaya təqdim etdiyi yeni inkişaf
modelinin simvollarından biridir. İşğaldan azad edilmiş ərazilərdə keçirilən

beynəlxalq tədbirlər, şəhərsalma forumları və yüksək səviyyəli görüşlər Qarabağ
və Şərqi Zəngəzurun yalnız sürətlə bərpa olunmadığını, eyni zamanda beynəlxalq
əməkdaşlıq və regional inkişaf üçün yeni imkanlar yaratdığını nümayiş etdirir.
26 avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız bir şəhərin azadlığını
qeyd edən tarix deyil. Bu gün həm şəhidlərin və qazilərin qəhrəmanlığının, həm
Azərbaycan Ordusunun gücünün, həm də dövlət siyasətinin və xalq–ordu
birliyinin təntənəsidir. Laçının keçdiyi yol işğaldan azadlığa, dağıntıdan
quruculuğa, məcburi köçkünlükdən Böyük Qayıdışa uzanan tarixi yolun parlaq
nümunəsidir.
Bu gün azad Laçının hər bir küçəsində, yeni salınan yaşayış məhəllələrində
və yenidən canlanan kəndlərində Azərbaycanın Zəfərinin izləri görünür. Bir
vaxtlar işğal və dağıntı ilə yadda qalan şəhər indi quruculuq, inkişaf və qayıdışın
ünvanına çevrilib. Laçının timsalında bir daha təsdiq olunur ki, Azərbaycan öz
tarixi torpaqlarını bərpa etməklə yanaşı, həmin ərazilərdə müasir və firavan həyat
qurmaq əzmindədir.
Laçın Şəhəri Günü xalqımız üçün həm keçmişi xatırlamaq, həm
qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, həm də gələcəyə inamla baxmaq
baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar tarix Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin bərpasını, dövlətimizin gücünü və Böyük
Qayıdışın davamlı xarakterini özündə əks etdirən qürur səhifəsidir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31