Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan müttəfiqliyinin yeni mərhələsini ortaya qoyur

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan müttəfiqliyinin yeni mərhələsini ortaya qoyur

25.08.2026 [15:41]

Azərbaycan–Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası
ilə seçilərək ənənəvi dostluq və qardaşlıq əlaqələrindən strateji müttəfiqlik
səviyyəsinə yüksəlib. Bu münasibətlərin bugünkü məzmunu yalnız iki dövlət
arasındakı siyasi dialoqla məhdudlaşmır, həm də Cənubi Qafqazla Mərkəzi
Asiyanın daha sıx inteqrasiyasına, Şərq–Qərb nəqliyyat əlaqələrinin
genişlənməsinə və Türk dünyasında siyasi-iqtisadi əməkdaşlığın dərinləşməsinə
mühüm təsir göstərir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə
verdiyi müsahibə Azərbaycan–Özbəkistan əlaqələrinin mövcud vəziyyətini və
gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının
müsahibəsində də vurğuladığı kimi, Azərbaycan və Özbəkistan prezidentləri
arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad iki ölkə
arasında əlaqələrin yüksələn xətt üzrə inkişafının mühüm siyasi dayaqlarından
biridir. Son illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və intensiv
təmasların artması siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, strateji
qərarların daha çevik şəkildə həyata keçirilməsinə imkan yaradıb. İki ölkə
arasındakı münasibətlərin möhkəm təməlini isə yalnız müasir siyasi maraqlar
deyil, ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu
formalaşmış qarşılıqlı rəğbət təşkil edir. Məhz bu mənəvi yaxınlıq dövlətlərarası
münasibətlərin siyasi və iqtisadi dəyişikliklərdən asılı olmayan davamlı xarakter
qazanmasına şərait yaradır. Azərbaycan və Özbəkistanın müstəqillik, suverenlik
və milli maraqlara xüsusi önəm verməsi də onların beynəlxalq və regional
məsələlərdə mövqelərinin bir çox hallarda uzlaşmasına imkan verir. Son illərdə
qəbul edilən mühüm sənədlər Azərbaycan–Özbəkistan əlaqələrinin hüquqi və
institusional əsaslarını daha da möhkəmləndirib. 2024-cü ildə Azərbaycanın
Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət
səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında
Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin
münasibətlərini yeni siyasi mərhələyə çıxarıb. Ali Dövlətlərarası Şuranın
yaradılması isə qarşılıqlı əməkdaşlığın sistemli şəkildə əlaqələndirilməsi və
strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm mexanizmə
çevrilib. Siyasi etimadın möhkəmlənməsi iqtisadi münasibətlərin də sürətlə
genişlənməsinə şərait yaradıb. Azərbaycan–Özbəkistan əməkdaşlığının hazırkı
mərhələsinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, tərəflər yalnız ticarət
əlaqələrinin genişləndirilməsinə deyil, investisiya, birgə istehsal və uzunmüddətli
iqtisadi layihələrin həyata keçirilməsinə üstünlük verirlər. 2025-ci ildə iki ölkə
arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması
bu dinamikanın konkret göstəricisidir. 2026-cı ilin ilk beş ayında da qarşılıqlı
ticarətin artım nümayiş etdirməsi iqtisadi əlaqələrin davamlı xarakter aldığını
göstərir. Bu istiqamətdə 500 milyon ABŞ dolları kapitalla yaradılmış
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin xüsusi əhəmiyyəti vardır. Şirkət
qarşılıqlı investisiyaların təşviqi, yeni istehsal sahələrinin yaradılması və birgə
layihələrin maliyyələşdirilməsi üçün mühüm platformadır. Avtomobil istehsalı,

sənaye, neft-kimya, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən layihələr
iqtisadi əməkdaşlığın artıq ayrı-ayrı ticarət əməliyyatlarından daha geniş məzmun
daşıdığını göstərir. Enerji sahəsində tərəfdaşlıq da Azərbaycan–Özbəkistan
münasibətlərinin strateji istiqamətlərindən birinə çevrilib. Neft-qaz sektorunda
birgə müəssisələrin fəaliyyəti, Azərbaycan və Özbəkistan şirkətləri arasında
əməkdaşlığın genişlənməsi, eləcə də neft-kimya məhsullarının qarşılıqlı ixracı bu
sahədə mövcud potensialın reallaşdırıldığını göstərir. Bununla yanaşı,
əməkdaşlığın perspektivi yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır.
Bərpaolunan enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında
formalaşan üçtərəfli əməkdaşlıq yeni mərhələnin göstəricisidir. Yaşıl enerji
dəhlizinin yaradılması istiqamətində atılan addımlar Mərkəzi Asiyada istehsal
olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına
çıxarılması üçün yeni imkanlar yaradır. Bu layihə enerji təhlükəsizliyi ilə yanaşı,
region ölkələrinin yaşıl iqtisadiyyata keçid prosesinə də mühüm töhfə verə bilər.
Azərbaycan–Özbəkistan münasibətlərində nəqliyyat və logistika istiqaməti isə iki
ölkənin regional əhəmiyyətini daha da artırır. Azərbaycanın Xəzər hövzəsində və
Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi
onların coğrafi üstünlüklərini bir-birini tamamlayan amilə çevirir. Bu baxımdan
Orta Dəhliz yalnız yükdaşımaların həyata keçirildiyi marşrut deyil, həm də
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin dərinləşməsini təmin
edən strateji platformadır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin
Orta Dəhlizlə əlaqələndirilməsi regionlararası nəqliyyat sisteminin imkanlarını
daha da genişləndirə bilər. Belə bir inteqrasiya Mərkəzi Asiyanın şərqindən Xəzər
dənizi vasitəsilə Cənubi Qafqaza, oradan isə Avropaya qədər uzanan daha
səmərəli logistika zəncirinin formalaşmasına şərait yaradacaq. Bu proses həm
Özbəkistanın dünya bazarlarına çıxış imkanlarını genişləndirəcək, həm də
Azərbaycanın Şərq–Qərb nəqliyyat əlaqələrindəki mövqeyini daha da
gücləndirəcək. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
Görüşlərində tamhüquqlu iştirak etməsi də münasibətlərin regional məzmununun
genişləndiyini göstərən mühüm hadisədir. Bu addım Azərbaycanın Mərkəzi
Asiya ilə əlaqələrinin yalnız ikitərəfli formatlarla məhdudlaşmadığını nümayiş
etdirir. Bakı artıq regionun çoxtərəfli siyasi dialoqunun birbaşa iştirakçısı kimi
çıxış edir. Beləliklə, əvvəllər “C5” formatında təmsil olunan Mərkəzi Asiya
əməkdaşlıq platformasının Azərbaycanın iştirakı ilə genişlənməsi Cənubi Qafqaz
və Mərkəzi Asiya arasında siyasi əlaqələrin yeni mərhələyə keçməsinin
əlamətidir. Bu prosesdə Özbəkistanın xüsusi rolu vardır. Daşkənd Mərkəzi
Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı,
Azərbaycanın regionla əlaqələrinin genişlənməsində əsas tərəfdaşlardan biridir.
Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı bu mənada yalnız ikitərəfli
əməkdaşlığın deyil, daha geniş regional əməkdaşlıq arxitekturasının
formalaşmasına xidmət edir.
İki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı da xüsusi
əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan ortaq türk tarixinin, dilinin və
mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə yanaşı, təşkilat
daxilində iqtisadi, nəqliyyat, enerji, təhsil və humanitar əlaqələrin inkişafına

mühüm töhfələr verirlər. Bakı ilə Daşkənd arasındakı əməkdaşlığın dərinləşməsi
Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanına çevrilməsi istiqamətində
həyata keçirilən təşəbbüslərin effektivliyini də artırır.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm dayaqlarından biri də
humanitar və mədəni əməkdaşlıqdır. Qarşılıqlı mədəniyyət günləri, incəsənət
tədbirləri, elmi konfranslar, təhsil proqramları, media və qeyri-hökumət
təşkilatları arasında əlaqələr iki xalqın bir-birini daha yaxından tanımasına və
qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. 2023 və 2025-ci illərdə
Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu sahədə
əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir.
Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması, Bakıda “Özbəkistan”
parkının salınması və müxtəlif humanitar layihələrin həyata keçirilməsi iki ölkə
arasındakı dostluğun simvolik ifadələrinə çevrilib. Bu təşəbbüslər göstərir ki,
Azərbaycan–Özbəkistan əlaqələri yalnız prezidentlər və hökumətlər səviyyəsində
deyil, cəmiyyətlər və insanlar arasında da möhkəmlənir.
Prezident İlham Əliyevin müsahibəsi də məhz bu reallığı ortaya qoyur:
Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız keçmişin ortaq dəyərləri
üzərində qurulan dostluq əlaqələri deyil, gələcəyin regional əməkdaşlıq modelini
formalaşdıran strateji tərəfdaşlıqdır. Bakı ilə Daşkənd arasında möhkəmlənən
müttəfiqlik Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx bağlamaqla yanaşı, Orta
Dəhlizin inkişafına, enerji və logistika imkanlarının genişlənməsinə, Türk
dünyasının inteqrasiyasının dərinləşməsinə və regionlararası iqtisadi əlaqələrin
güclənməsinə mühüm töhfə verir.
Nəticə etibarilə, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı
yalnız iki dövlətin milli maraqları baxımından deyil, bütövlükdə regionun siyasi
və iqtisadi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimada
əsaslanan siyasi dialoq, artan iqtisadi əlaqələr, birgə enerji və nəqliyyat layihələri,
humanitar yaxınlaşma və Türk dünyasının inteqrasiyasına yönəlmiş ortaq
təşəbbüslər Bakı–Daşkənd xəttini regional əməkdaşlığın əsas sütunlarından birinə
çevirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında formalaşan strateji
müttəfiqlik qarşıdakı illərdə həm iki ölkənin, həm də Cənubi Qafqaz və Mərkəzi
Asiyanın inkişaf gündəliyinə mühüm təsir göstərəcək.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31