Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Laçın-Böyük Qayıdışın və yeni inkişafın ünvanı

Laçın-Böyük Qayıdışın və yeni inkişafın ünvanı

25.08.2026 [13:54]

Laçın... Bu ad Azərbaycan xalqı üçün yalnız bir şəhərin adı deyil. Bu ad
doğma torpağa bağlılığın, illərlə davam edən həsrətin, mübarizənin, Zəfərin və
nəhayət, qayıdışın rəmzidir. 26 Avqust – Laçın Şəhəri Günü isə bütün bu duyğuları
özündə birləşdirən xüsusi bir tarixdir. İllər əvvəl Laçından məcburi köçkün düşən
insanlar doğma şəhərlərinə qayıdacaqları günü böyük ümidlə gözləyirdilər.
Azərbaycan xalqı isə həmin günün gələcəyinə inanırdı. 2020-ci ilin Vətən
müharibəsində qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsinə yol açdı. 2022-
ci il avqustun 26-da Laçın şəhərinin tam nəzarətə götürülməsi ilə isə bu qayıdışın
ən mühüm mərhələlərindən biri başlandı.
Prezident İlham Əliyevin Laçına hər səfəri şəhərin dirçəliş tarixində ayrıca iz
qoyur. 2022-ci ilin sentyabrında Laçında Azərbaycan Bayrağını ucaldan dövlət
başçısı bununla bir daha bütün dünyaya göstərdi ki, Laçın Azərbaycanın ayrılmaz
hissəsidir və burada həyat yenidən bərpa olunacaq. Həmin səfər zamanı yeni
infrastruktur layihələrinin təməlinin qoyulması da şəhərin gələcəyinə verilən böyük
dövlət təminatının göstəricisi idi.
2023-cü il mayın 28-də isə Laçın sakinlərinin doğma şəhərə qayıdışı başladı.
Prezident İlham Əliyev ilk qrup laçınlılara evlərinin açarlarını təqdim etdi. Bu
hadisə uzun illər doğma yurda həsrət qalan insanlar üçün sözlə ifadə olunmayacaq
qədər böyük sevinc idi. Bir neçə ay sonra – avqustun 26-da isə ilk dəfə Laçın
Şəhəri Günü doğma şəhərdə qeyd edildi. Dövlət başçısı həmin tədbirdə Laçın
sakinlərini təbrik edərək şəhərin dirçəliş dövrünün başladığını bildirdi.
Laçında bu gün müşahidə olunan mənzərə həmin dirçəlişin ən canlı
ifadəsidir. Bir zamanlar işğal nəticəsində dağıdılmış və viran qoyulmuş şəhərdə
indi müasir yaşayış kompleksləri, sosial obyektlər, yollar, parklar və istirahət
məkanları yaradılır. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan xalqı
öz torpaqlarına “qurmaq üçün, yaratmaq üçün” qayıdıb. Laçının yenidən
qurulmasında əsas məqsəd yalnız dağıdılmış binaları bərpa etmək deyil. Burada
insanların rahat və təhlükəsiz yaşaması, işləməsi, təhsil alması və öz gələcəyini

qurması üçün hərtərəfli şərait yaradılır. 2025-ci ilin mayında Prezident İlham
Əliyevin Laçına səfəri zamanı Bəylik kəndinin açılışının keçirilməsi və sakinlərə
evlərin açarlarının təqdim olunması bunun daha bir nümunəsi oldu. Dövlət başçısı
sakinlərlə görüşündə doğma torpaqda yaşamağın böyük xoşbəxtlik olduğunu
vurğuladı.
Laçın həm də iqtisadi canlanmanın yeni ünvanına çevrilir. Şəhərdə sənaye
və istehsal müəssisələrinin yaradılması, enerji infrastrukturunun inkişaf etdirilməsi,
turizm layihələrinin həyata keçirilməsi əhalinin məşğulluğuna və regionun iqtisadi
potensialına yeni imkanlar açır. 2025-ci ildə Laçın kanat yolunun təməlinin
qoyulması və “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi şəhərin turizm
mərkəzi kimi gələcəyinə hesablanan mühüm layihələrdəndir.
Laçının təbii gözəlliyi onun ən böyük üstünlüklərindən biridir. Dağlar,
meşələr, çaylar və bulaqlar şəhərə xüsusi gözəllik bəxş edir. Prezident İlham
Əliyev də Laçının təbiətindən danışarkən onun bənzərsizliyini dəfələrlə
vurğulayıb. 2023-cü ildə şəhərin gələcəyi ilə bağlı fikirlərini bölüşən dövlət başçısı
azad edilmiş ərazilərdə yaradılan şəhərlərin müasirliyi ilə seçiləcəyini bildirmişdi.
Laçının gələcəyi artıq yalnız şəhərin sərhədləri ilə məhdudlaşmır. 2026-cı il
iyulun 11-də Həkəriçay su anbarının təməlinin qoyulması Laçının regional
əhəmiyyətini daha da artıran layihələrdən biridir. Layihənin Laçınla yanaşı bir sıra
digər rayonların içməli su təminatına mühüm töhfə verməsi nəzərdə tutulur. Həmin
səfərdə Laçında yeni su elektrik stansiyalarının istifadəyə verilməsi isə bölgənin
yaşıl enerji potensialının inkişaf etdirildiyini göstərir.
Bu baxımdan 26 Avqust – Laçın Şəhəri Günü həm keçmişi xatırlamaq, həm
bu günü qiymətləndirmək, həm də gələcəyə baxmaq üçün mühüm fürsətdir. Bu
gün Laçında doğma sakinlərin ayaq səsləri eşidilir. Uşaqlar məktəblərdə təhsil alır,
ailələr yeni evlərində yaşayır, küçələrdə həyat qaynayır. Bir vaxtlar həsrətlə
xatırlanan Laçın indi yenidən öz sakinlərinin nəfəsi ilə canlanır.
Laçın bizim üçün Zəfərin şəhəridir. O, həm də dövlətimizin quruculuq
gücünün, Böyük Qayıdış siyasətinin və milli iradəmizin simvoludur. Laçının hər

yeni binası, hər salınan yolu, hər yaşıllaşdırılan parkı bir həqiqəti təsdiqləyir:
Azərbaycan öz torpaqlarına qayıdıb və burada əbədi yaşamaq əzmindədir.
26 Avqust – Laçın Şəhəri Günü mübarək! Laçının səmasında dalğalanan
üçrəngli bayrağımız daim ucalarda olsun, bu gözəl şəhərin küçələrində həyat,
sevinc və quruculuq heç vaxt əskik olmasın!

YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova.

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30