Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu

25.08.2026 [13:25]

Azərbaycanın zəngin təbiəti, əvəzsiz coğrafi mövqeyi və qədim tarixi ilə seçilən
bölgələrindən biri də Laçın rayonudur. Şərqi Zəngəzurun açarı hesab edilən bu diyar
həm hərbi-strateji, həm də iqtisadi baxımdan respublikamız üçün müstəsna əhəmiyyətə
malikdir. Lakin Azərbaycanın bu dilbər guşəsi 1992-ci il mayın 18-də Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunaraq otuz illik ağır bir sınaq dövrünə qədəm qoymuşdu.
Laçının işğalı təkcə hərbi itki deyil, bütöv bir regionun sosial, mədəni və humanitar
fəlakətə sürüklənməsi idi.
İşğalın ilk günlərindən etibarən rayon əhalisi amansız etnik təmizləmə siyasətinə
məruz qaldı. Doğma ev-eşiklərindən didərgin düşən on minlərlə laçınlı məcburi köçkün
həyatı yaşamağa məhkum edildi. Bu qanlı təcavüz nəticəsində 300-dən artıq hərbi və
mülki şəxs şəhid oldu, bir çoxu isə itkin düşərək taleləri haqqında illərlə xəbər
alınamadı. İnsan hüquqlarının kobud şəkildə tapdandığı bu faciəli hadisələr Azərbaycan
xalqının yaddaşına dərin və sağalmaz yaralar vurdu.
Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti yalnız dinc əhaliyə qarşı deyil,
rayonun illərlə formalaşmış sosial-iqtisadi infrastrukturunun və zəngin mədəni irsinin
məhvinə də yönəlmişdi. Otuz ilə yaxın müddətdə Laçın rayonunda yerləşən 217
mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsi düşmən tərəfindən təməlinədək
sökülüb talan edildi. İqtisadi dayağı təşkil edən 462 ticarət obyekti, 30 rabitə qovşağı,
133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə
məktəbi, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsalat sahələri yerlə-yeksan
olundu.
Eyni zamanda, bölgənin minillik tarixi yaddaşını silmək və ərazini saxtalaşdırmaq
məqsədilə dəhşətli mədəni vandalizm həyata keçirildi. Laçın ərazisindəki 54 dünya və
200-dən çox yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi erməni vandalizminə məruz qaldı,
saxtalaşdırıldı və ya tamamilə dağıdıldı. Qədim alban məbədləri, türbələr, daş qoç
fiqurları, körpülər və abidələr düşmənin vəhşiliyinin canlı şahidinə çevrildi. Rayonun
zəngin meşə örtüyü və təbii resursları da qanunsuz istismara məruz qalaraq ekoloji
terrora qurban verildi.

Bütün bu dağıntılara və acılara baxmayaraq, Azərbaycan xalqı ədalətin bərpa
olunacağına olan inamını bir an da olsun itirmədi. 44 günlük Vətən müharibəsində
qazanılan Zəfər və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən strateji
addımlar sayəsində Laçın yenidən öz həqiqi sahiblərinə qayıtdı. 26 Avqust – Laçın
Şəhəri Günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu gün işğalın acı fəsadları sürətlə
aradan qaldırılır, Laçın şəhəri və rayonun kəndləri "Böyük Qayıdış" proqramı
çərçivəsində müasir konsepsiya əsasında yenidən qurulur. Otuz il sonra doğma
ocaqlarına dönən laçınlılar bu torpağa yeni nəfəs verir, dağıdılmış infrastrukturu bərpa
edərək Laçını regionun ən abad, gözəl və yaşıl guşələrindən birinə çevirirlər.

Arzu Kazımlı
YAP Odubad rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31