Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə uzanan yol

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə uzanan yol

25.08.2026 [13:22]

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək
səviyyəsini, möhkəm tarixi və mənəvi əsaslarını, eləcə də gələcək inkişaf perspektivlərini aydın
şəkildə nümayiş etdirir. Bu münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə
əsaslanaraq son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu
formalaşmış qarşılıqlı rəğbət, dostluq və qardaşlıq bağları birləşdirir. Bu möhkəm təməl üzərində
qurulan dövlətlərarası əlaqələr son illərdə xüsusi dinamizm qazanıb. Prezident İlham Əliyev ilə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı
hörmət və etimad da iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır.
Azərbaycan Özbəkistanın son illərdə əldə etdiyi iqtisadi və sosial nailiyyətləri yüksək
qiymətləndirir. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun
inkişafı, elm, təhsil, mədəniyyət və idmana diqqətin artırılması ölkənin sürətli inkişafının əsas
göstəricilərindəndir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi
dialoq və qarşılıqlı səfərlərin intensivliyidir. Son beş ildə dövlət başçıları səviyyəsində 15
qarşılıqlı səfərin həyata keçirilməsi əlaqələrin inkişafına güclü təkan verib. 2023-cü ildə
yaradılmış Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin
dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və 2025-ci ilin
iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında
mühüm mərhələ təşkil edib. Bu səfərlər zamanı imzalanmış “Strateji tərəfdaşlığın
dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki
ölkə arasında mövcud olan təbii qardaşlıq və müttəfiqliyi hüquqi və siyasi baxımdan daha da
möhkəmləndirib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələr də sürətlə inkişaf edir. 2025-ci ildə Azərbaycanla
Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795
milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində 33 faizlik
artım qeydə alınıb.
500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti
qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Energetika
sahəsində SOCAR və “Özbəknefteqaz” arasında əməkdaşlıq, “Turan Energy AFEZCO”nun
fəaliyyəti və digər layihələr iki ölkənin iqtisadi əlaqələrinin praktiki nəticələrini göstərir.
Yaşıl enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz
Birliyi” də xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs bərpaolunan enerjinin istehsalı, ixracı və
Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafına xidmət edir.
Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə
arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Avtomobil istehsalı,
Füzulidə 100 hektarlıq “Dostluq bağı”nın salınması, qarşılıqlı investisiya layihələri və turizm
obyektlərinin yaradılması iqtisadi əməkdaşlığın genişləndiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əsas dayaqlarından biri də mədəni-humanitar

əməkdaşlıqdır. Mədəniyyət günlərinin qarşılıqlı keçirilməsi, Xivədə “Şuşa Günləri”nin təşkil
olunması, müxtəlif festivallar, elmi konfranslar və təhsil proqramları xalqlarımızın ortaq irsinin
təbliğinə xidmət edir.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması iki xalqın mənəvi
yaxınlığının rəmzlərindən biridir. Bakıda yaradılan “Özbəkistan” parkı və Füzulidə Özbəkistanın
təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb də dostluq və qardaşlığın əyani
nümunələridir.
Təhsil sahəsində qarşılıqlı əlaqələr genişlənməkdədir. 2025–2026-cı tədris ilində Özbəkistanın
67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Media
və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsi, keçirilən media və QHT
forumları da münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir.
Turizm əlaqələri də sürətlə inkişaf edir. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 2024-
cü ildə 46 min, 2025-ci ildə 62 min nəfər olub. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara və
digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin yaradılması xalqlarımız arasında
əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.
Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlarda bir-birini dəstəkləyir. Türk
Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə TDT-nin
siyasi, iqtisadi və humanitar imkanlarının genişləndirilməsini, türk dövlətləri arasında daha sıx
inteqrasiyanın təmin edilməsini vacib hesab edir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi
regionda yeni nəqliyyat və tranzit imkanları yarada bilər. Özbəkistanın 2025-ci ilin mayında Türk
Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də Türk dünyasının ortaq irsinin
qorunması baxımından mühüm addımdır.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə
bağlı qərar regional əməkdaşlığın miqyasını genişləndirib. Beləliklə, əvvəllər “C5” formatı kimi
tanınan əməkdaşlıq mexanizmi faktiki olaraq “C6” formatına çevrilib.
Azərbaycan–Özbəkistan münasibətləri bu gün tarixi və mənəvi yaxınlıqla yanaşı, güclü siyasi
iradə, qarşılıqlı etimad və konkret iqtisadi-humanitar layihələr üzərində qurulan müttəfiqlik
modelidir. İki ölkə arasında əməkdaşlıq siyasi münasibətlərlə məhdudlaşmır; iqtisadiyyat,
investisiya, enerji, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, media
və turizm kimi çoxsaylı sahələri əhatə edir.
Bu münasibətlərin əsas üstünlüyü dövlətlərin maraqlarının uzlaşması ilə yanaşı, Azərbaycan və
Özbəkistan xalqları arasında əsrlərdən gələn qardaşlıq və mənəvi bağlılığın mövcud olmasıdır.
Məhz bu möhkəm təməl iki ölkənin gələcəkdə də birgə təşəbbüslər həyata keçirməsinə və
əməkdaşlığı daha geniş regional müstəviyə çıxarmasına imkan verir.
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri
qarşılıqlı etimad və dostluq əsasında inkişaf edən, həm ikitərəfli, həm də Türk dünyası və
Mərkəzi Asiya miqyasında mühüm strateji əhəmiyyət daşıyan nümunəvi tərəfdaşlıq modelidir.
Bu qardaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi hər iki ölkənin
və xalqlarının ümumi maraqlarına xidmət edir.

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30