AZƏRBAYCAN–ÖZBƏKİSTAN: QARDAŞLIQDAN STRATEJİ TƏRƏFDAŞLIĞA UZANAN BÖYÜK YOL
25.08.2026 [13:21]
Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri iki qardaş ölkənin
münasibətlərində yeni, daha yüksək inkişaf mərhələsinin əsasını qoydu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə
Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində
mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycan–Özbəkistan tərəfdaşlığının gələcək
istiqamətlərini müəyyənləşdirən mühüm mərhələ kimi yadda qaldı. Daşkənddə keçirilən yüksək
səviyyəli görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası, qarşılıqlı
dövlət təltifləri, çoxsaylı sənədlərin imzalanması, yeni iqtisadi layihələrin açılışı və təməlqoyma
mərasimləri, eləcə də Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı iki ölkə
münasibətlərinin artıq diplomatik əlaqələr çərçivəsini çoxdan geridə qoyaraq siyasi, iqtisadi,
mədəni, humanitar və strateji əməkdaşlığın hərtərəfli modelinə çevrildiyini nümayiş etdirdi.
Bu səfərin əhəmiyyətini yalnız imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların sayı ilə
ölçmək mümkün deyil. Daşkənddə müşahidə olunan mənzərə daha böyük bir reallığı –
Azərbaycan və Özbəkistanın öz inkişaf yollarını getdikcə daha sıx şəkildə bir-biri ilə
əlaqələndirdiyini, iki dövlətin uğurlarını qarşılıqlı şəkildə dəstəklədiyini və regional
əməkdaşlığın yeni mərhələsinin əsasını birlikdə formalaşdırdığını göstərir.
Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanat da məhz bu baxımdan xüsusi
əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını
yüksək qiymətləndirərək bu yüksəlişin arxasında Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi
islahatların, ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin
möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində görülən işlərin dayandığını
vurğuladı.
Bu gün Özbəkistan böyük dəyişikliklər və sürətli inkişaf mərhələsini yaşayır. Sənaye,
energetika, kənd təsərrüfatı, nəqliyyat infrastrukturu, şəhərsalma və digər sahələrdə həyata
keçirilən layihələr ölkənin iqtisadi və sosial simasını əhəmiyyətli dərəcədə dəyişir. “Yeni
Daşkənd” kimi nəhəng şəhərsalma layihəsi bu inkişaf strategiyasının miqyasını nümayiş etdirir.
Azərbaycan Prezidentinin bu inkişafı yüksək qiymətləndirməsi isə iki ölkənin bir-birinin
tərəqqisinə göstərdiyi səmimi münasibətin ifadəsidir.
Azərbaycan da son illərdə regionda öz iqtisadi, siyasi və geostrateji mövqelərini
əhəmiyyətli dərəcədə gücləndirib. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı
bərpa və quruculuq işləri aparılır, nəqliyyat və logistika imkanları genişləndirilir, enerji layihələri
yeni coğrafiyaları əhatə edir. Azərbaycanın Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə Avropa
arasında mühüm bağlantı rolunu getdikcə daha da gücləndirməsi Bakı ilə Daşkənd arasındakı
əməkdaşlığa ikitərəfli münasibətlərdən daha geniş geosiyasi və geoiqtisadi məzmun qazandırır.
Məhz buna görə Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiyanı böyük
potensiala və bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region
kimi xarakterizə etməsi xüsusi məna daşıyır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında
münasibətlərin sürətlə genişlənməsi yeni regional əməkdaşlıq modelinin formalaşmasına xidmət
edir. Bu prosesdə Özbəkistan Azərbaycanın ən mühüm və etibarlı tərəfdaşlarından biri kimi
xüsusi yer tutur.
Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə qazandığı dinamik inkişafın ən
mühüm göstəricilərindən biri iqtisadi əlaqələrin sürətlə genişlənməsidir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollar səviyyəsinə
çatdırılması artıq uzaq və əlçatmaz bir hədəf deyil. Bu məqsəd qarşıdakı illərdə real nəticəyə
çevrilə biləcək konkret iqtisadi vəzifə kimi qarşıya qoyulub.
Bu rəqəmin arxasında böyük əməkdaşlıq potensialı dayanır. Azərbaycan və Özbəkistan
artıq enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal sənayesi,
dağ-mədən sektoru, bankçılıq və digər istiqamətlərdə birgə fəaliyyət göstərirlər. Bir neçə il əvvəl
mövcud olmayan layihələrin bu gün çoxsaylı istiqamətlərdə həyata keçirilməsi iki ölkə
arasındakı münasibətlərin inkişaf tempini və miqyasını aydın göstərir.
Xüsusilə qarşılıqlı investisiyaların artması yeni iqtisadi münasibətlər modelinin
formalaşmasına xidmət edir. Azərbaycan şirkətlərinin Özbəkistan bazarına daxil olması,
Özbəkistan kapitalının Azərbaycanda müxtəlif sahələrə yönəldilməsi, birgə müəssisələrin
yaradılması və yeni istehsal sahələrinin qurulması iki ölkənin iqtisadiyyatlarının getdikcə daha
sıx şəkildə bir-birinə bağlandığını göstərir. Bu proses yalnız kapital mübadiləsi deyil, həm də
texnologiya, idarəetmə təcrübəsi, insan kapitalı və yeni bazarlara çıxış imkanlarının paylaşılması
deməkdir.
Enerji sahəsində əməkdaşlıq bu tərəfdaşlığın mühüm strateji istiqamətlərindən biridir.
Azərbaycan və Özbəkistan arasında neft-qaz kəşfiyyatı üzrə layihələrin mühüm mərhələyə
çatması və gələcəkdə istismar quyularının qazılmasına başlanılması perspektivi iki ölkənin enerji
sahəsində uzunmüddətli əməkdaşlıq niyyətini nümayiş etdirir. SOCAR-ın Özbəkistan bazarında
fəaliyyətinin genişlənməsi də Azərbaycanın aparıcı enerji şirkətinin qardaş ölkənin iqtisadi
həyatında iştirakının yeni mərhələyə keçdiyini göstərir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri isə daha genişdir.
Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə
birləşdirən mühüm nəqliyyat qovşağına çevrilir. Özbəkistanın regionun mərkəzində yerləşməsi
və böyük iqtisadi potensialı isə bu əməkdaşlığın digər mühüm dayağıdır. İki ölkənin nəqliyyat
imkanlarının əlaqələndirilməsi həm ikitərəfli ticarətin artmasına, həm də Asiya ilə Avropa
arasında yeni iqtisadi əlaqələrin inkişafına xidmət edə bilər.
Lakin Azərbaycan–Özbəkistan münasibətlərinin əsl gücü yalnız iqtisadi göstəricilərdə
deyil. Bu əlaqələrin təməlində xalqlarımızın əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi
yaxınlığı dayanır. Azərbaycan və özbək xalqları böyük türk dünyasının ayrılmaz hissələridir.
Onları ortaq tarix, mədəniyyət, ədəbiyyat, mənəvi dəyərlər və qarşılıqlı hörmət birləşdirir. Məhz
bu möhkəm mənəvi baza dövlətlərarası əlaqələrin müxtəlif istiqamətlərdə sürətlə inkişaf
etməsinə imkan verir.
23 avqust səfərinin ən yaddaqalan hadisələrindən biri də bu mənəvi yaxınlığın elm və
təhsil sahəsində təcəssümünü nümayiş etdirən Nizami Gəncəvi adına Milli Pedaqoji
Universitetin açılışı oldu. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Yeni
Daşkənd”də universitetin açılış mərasimində iştirak etdilər.
Nizami Gəncəvi adının Özbəkistanda yeni ali təhsil müəssisəsinə verilməsi Azərbaycan
xalqının böyük mütəfəkkirinin irsinə göstərilən yüksək ehtiramın parlaq ifadəsidir. Nizami
Gəncəvi əsrləri aşaraq xalqları birləşdirən, yaradıcılığı ilə Şərq mədəniyyətinin inkişafına
misilsiz töhfə verən dahi şəxsiyyətdir. Onun irsinin Daşkənddə yeni nəsillərin təhsil aldığı
universitetdə yaşadılması Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi
deyil, həm də dərin humanitar mahiyyət daşıdığını göstərir.
Universitetin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması isə
bu hadisənin əhəmiyyətini daha da artırır. Təhsil və elm sahəsində birgə layihələr, müəllim və
tələbə mübadiləsi, elmi tədqiqatlar, beynəlxalq konfranslar və akademik proqramlar iki ölkənin
gəncləri arasında yeni əlaqələrin formalaşmasına mühüm töhfə verəcək.
Bu hadisənin simvolik mənası xüsusilə böyükdür. Çünki Azərbaycanın Qarabağında
Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi ilə Daşkənddə Nizami Gəncəvi adına
universitetin açılması arasında dərin mənəvi bağlılıq var. Füzulidə böyük özbək alimi Mirzə
Uluqbəyin adı yaşadılır, Daşkənddə isə Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin adı
əbədiləşdirilir. Bu iki nümunə Azərbaycan və Özbəkistan xalqlarının bir-birinin tarix və
mədəniyyətinə bəslədiyi böyük ehtiramın ən təsirli ifadələrindəndir.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında göstərdiyi
dəstək də Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Füzulidə Mirzə Uluqbəy adına 960
şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və Qarabağda
həyata keçirilən digər layihələr Özbəkistanın qardaşlıq münasibətini əməli şəkildə nümayiş
etdirir.
Bu dəstək yalnız iqtisadi yardım deyil. Qarabağda Özbəkistanın iştirakı Azərbaycan
xalqının haqq işinə verilən mənəvi dəstəyin, iki dövlət arasındakı qarşılıqlı etimadın və
qardaşlığın real təzahürüdür. Bu gün həmin layihələr gələcək nəsillərə iki xalqın dostluğunun və
həmrəyliyinin canlı nümunəsi kimi xidmət edir.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq ali dövlət
təltiflərinə layiq görülməsi də səfərin mühüm siyasi məqamlarından biri oldu. Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevə ali dərəcəli “Dostluq”
ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin inkişafına verilən yüksək qiymətin
ifadəsidir. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini təqdim
etməsi isə Özbəkistan rəhbərinin Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında oynadığı
mühüm rolun yüksək dəyərləndirilməsidir.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının
keçirilməsi münasibətlərin institusional əsaslarının möhkəmliyini nümayiş etdirdi. Ali
Dövlətlərarası Şura iki ölkənin prezidentlərinin siyasi iradəsini konkret fəaliyyət proqramlarına
çevirmək, mövcud layihələrin icrasını sürətləndirmək və yeni əməkdaşlıq istiqamətlərini
müəyyənləşdirmək baxımından mühüm platformadır.
Səfər çərçivəsində imzalanan sənədlər də qarşıdakı dövr üçün əməkdaşlığın hüquqi
bazasını genişləndirir. Yeni layihələrin açılış və təməlqoyma mərasimləri, qarşılıqlı investisiyalar
və regionlararası əməkdaşlığın inkişaf etdirilməsi göstərir ki, Azərbaycan və Özbəkistan
münasibətlərə yalnız cari siyasi maraqlar prizmasından deyil, uzunmüddətli strateji perspektiv
baxımından yanaşırlar.
Bu gün Azərbaycan–Özbəkistan əməkdaşlığının coğrafiyası Bakı və Daşkəndlə
məhdudlaşmır. Azərbaycanın müxtəlif bölgələri ilə Özbəkistanın regionları arasında qurulan
əlaqələr, biznes forumları, investisiya təşəbbüsləri və birgə layihələr münasibətləri xalqların
gündəlik həyatına daha da yaxınlaşdırır. Bu isə dövlətlərarası əlaqələrin cəmiyyətlər, şəhərlər,
universitetlər, sahibkarlar və gənclər səviyyəsində də inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin səfər zamanı vurğuladığı kimi, qarşıda irəliləmək üçün dəqiq
fəaliyyət planı var. Hər bir layihənin konkret məzmunu, iqtisadi əsası və qarşıya qoyulmuş
məqsədi mövcuddur. Bu isə Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafının
təsadüfi təşəbbüslərə deyil, sistemli və uzunmüddətli strategiyaya əsaslandığını göstərir.
Bu strategiyanın əsas istiqamətlərindən biri qarşılıqlı investisiyaların artırılmasıdır.
İnvestisiyalar, bir qayda olaraq, siyasi sabitliyin, qarşılıqlı etimadın və əlverişli biznes mühitinin
olduğu ölkələrə yönəlir. Azərbaycan və Özbəkistan arasında investisiya əlaqələrinin
genişlənməsi də məhz iki ölkənin bir-birinə olan yüksək siyasi və iqtisadi etimadının
göstəricisidir.
Bütün bunların fonunda Azərbaycan–Özbəkistan münasibətləri daha geniş regional
mənzərənin mühüm hissəsinə çevrilir. Xəzərdən Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Cənubi
Qafqaza və Avropaya uzanan nəqliyyat yolları, enerji əməkdaşlığı, investisiya layihələri, elm və
təhsil əlaqələri yeni regional reallığın konturlarını müəyyənləşdirir.
Azərbaycan və Özbəkistanın birgə fəaliyyəti Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında
iqtisadi əlaqələrin daha da güclənməsinə, nəqliyyat marşrutlarının şaxələndirilməsinə, enerji
əməkdaşlığının genişlənməsinə və yeni investisiya imkanlarının yaranmasına mühüm töhfə verə
bilər.
23 avqust 2026-cı il tarixli dövlət səfəri bu baxımdan Azərbaycan–Özbəkistan
münasibətlərinin gələcək salnaməsində xüsusi yer tutacaq. Çünki səfər yalnız yüksək səviyyəli
görüşlər və mühüm sənədlərlə yadda qalmadı. Bu səfərdə siyasi etimad, iqtisadi tərəfdaşlıq,
Qarabağda qardaşlıq həmrəyliyi, Daşkənddə Nizami Gəncəvi adına universitetin açılışı, təhsil və
elm sahəsində yeni əməkdaşlıq imkanları vahid bir mənzərə yaratdı.
Bu mənzərənin əsas mahiyyəti aydındır: Azərbaycan və Özbəkistan münasibətləri tarixi
və mənəvi yaxınlıqdan güc alan, siyasi iradə ilə möhkəmlənən, iqtisadi layihələrlə zənginləşən və
gələcək nəsillərin iştirakı ilə daha da dərinləşən böyük qardaşlıq münasibətləridir.
Bu gün Bakı ilə Daşkənd arasında uzanan yol artıq sadəcə iki paytaxtı birləşdirən coğrafi
məsafə deyil. Bu yol iki qardaş xalqın tarixini, mədəniyyətini, iqtisadi imkanlarını, siyasi
iradəsini və gələcəyə olan inamını birləşdirən böyük əməkdaşlıq yoludur.
Nizami Gəncəvi adına universitetin Daşkənddə fəaliyyətə başlaması, Qarabağda Mirzə
Uluqbəy adına məktəbin yaradılması, birgə sənaye və enerji layihələrinin həyata keçirilməsi,
qarşılıqlı investisiyaların artması və bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin qarşıya
qoyulması bu yolun müxtəlif istiqamətlərdə necə genişləndiyini göstərir.
Azərbaycan və Özbəkistan bu yolda birlikdə irəlilədikcə onların münasibətləri də daha
böyük regional və beynəlxalq məna kəsb edəcək. Çünki iki ölkənin əməkdaşlığı yalnız
Azərbaycan və Özbəkistan xalqlarının rifahına deyil, türk dünyasının birliyinə, Mərkəzi Asiya ilə
Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə və bütövlükdə regionun sabit, təhlükəsiz
və davamlı inkişafına xidmət edən mühüm amilə çevrilir.
Prezident İlham Əliyevin Şavkat Mirziyoyevə Azərbaycana dövlət səfəri dəvəti isə bu
möhkəm münasibətlərin qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyi artırır. Daşkənddə
başlanmış mühüm təşəbbüslərin Bakıda davam etdirilməsi iki qardaş ölkənin əməkdaşlıq
gündəliyini daha da zənginləşdirəcək.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi bir həqiqəti aydın şəkildə
ortaya qoyur: iki ölkə artıq yalnız dost və qardaş dövlətlər deyil, bir-birinin inkişafını öz
inkişafının mühüm tərkib hissəsi kimi qəbul edən strateji tərəfdaşlardır.
Bu tərəfdaşlığın ən böyük gücü isə onun möhkəm təməlinə söykənir – siyasi etimad,
iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq, qarşılıqlı hörmət və xalqların sarsılmaz qardaşlığı.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı bu böyük yolun
üzərinə qoyulmuş xüsusi bir mənəvi nişandır. O, gələcək nəsillərə ünvanlanan bir mesajdır:
Azərbaycan və Özbəkistanın dostluğu yalnız bu günün deyil, sabahın da dostluğudur; bu
qardaşlığın ən möhkəm dayaqları isə siyasətlə yanaşı, elm, təhsil, mədəniyyət və insanları
birləşdirən ümumbəşəri dəyərlərdir.
Azərbaycan–Özbəkistan qardaşlığı bu gün tarixdən gələn möhkəm təməl üzərində
gələcəyə doğru inamla addımlayır. Bu yolun qarşısında isə yeni layihələr, yeni imkanlar və
daha böyük birgə uğurlar dayanır.
Bəhruz Məmmədov Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

