Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri yeni mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri yeni mərhələyə yüksəlir

25.08.2026 [13:20]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-24-də
Özbəkistan Respublikasına dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin
inkişafında mühüm tarixi mərhələ kimi qiymətləndirilə bilər. Daşkənddə keçirilən
yüksəksəviyyəli görüşlər, aparılan danışıqlar və Azərbaycan və Özbəkistan
prezidentlərinin iştirakı ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi
iki qardaş ölkə arasında siyasi dialoqun, qarşılıqlı etimadın və strateji əməkdaşlığın
yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Səfərin ən mühüm nəticələrindən biri
isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq
haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd əsrlər boyu formalaşmış
dostluq və qardaşlıq münasibətlərinin dövlətlərarası səviyyədə əbədiləşdirilməsi
baxımından xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Azərbaycan-Özbəkistan
münasibətlərinin möhkəm təməlini ilk növbədə xalqlarımızı birləşdirən ortaq tarix,
dil, mədəniyyət, milli-mənəvi dəyərlər və əsrlər boyu qorunub saxlanılan qarşılıqlı
rəğbət təşkil edir. Bu münasibətlər həm də Ümummilli Lider Heydər Əliyevin
müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi davamı olaraq Azərbaycanın türk
dünyası ilə əlaqələrinin ardıcıl şəkildə inkişaf etdirilməsinin mühüm
istiqamətlərindən biridir. Son illərdə iki ölkə arasında əlaqələrin dinamik inkişafı
nəticəsində münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.
2024-cü ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında
Bəyannamə” və 2025-ci ildə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında
Müqavilə” Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi-siyasi əsaslarını daha
da möhkəmləndirib. Əbədi dostluq haqqında yeni müqavilə isə bu münasibətlərin
daha yüksək mərhələyə keçdiyini göstərən mühüm sənəd kimi xüsusi əhəmiyyət
daşıyır. Çünki burada söhbət yalnız dövlətlərarası əməkdaşlığın hüquqi çərçivəsinin
genişləndirilməsindən deyil, xalqlarımız arasında tarixdən gələn doğmalığın və
qardaşlığın gələcək nəsillər üçün də qorunmasına dair siyasi iradənin ifadəsindən
gedir. İki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident
İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq,
qarşılıqlı hörmət və etimad mühüm rol oynayır. Dövlət başçılarının müntəzəm
görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına yeni
impuls verməklə yanaşı, xalqlarımız arasındakı mənəvi yaxınlığı da daha da
gücləndirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki lider arasında mövcud
olan səmimi münasibətlər dövlətlərarası əlaqələrin hazırkı yüksək səviyyəyə
yüksəlməsinin əsas amillərindən biridir. Dövlətlərarası münasibətlərin mənəvi
məzmununu nümayiş etdirən mühüm hadisələrdən biri də Azərbaycan Prezidentinin
sərəncamı ilə Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni, Özbəkistan
Prezidentinin isə İlham Əliyevi “Dostluq” ordeni ilə təltif etməsi olub. Bu qarşılıqlı
təltiflər iki liderə verilən yüksək siyasi qiymətlə yanaşı, Azərbaycan və Özbəkistan
xalqları arasında dostluq və qardaşlıq münasibətlərinə göstərilən ehtiramın da
ifadəsidir.
Səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan
münasibətlərinin yalnız siyasi müstəvidə deyil, iqtisadi və investisiya sahəsində də
böyük potensiala malik olduğunu göstərdi. Qarşılıqlı investisiyaların artırılması,

sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika və digər
istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın real iqtisadi
nəticələrlə zənginləşdiyini təsdiqləyir. “Davr Bank”, Gips zavodu, “Landau”
STEAM məktəbləri, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze
Uzbekistan”, “Baku City” gümüş filizinin emalı fabriki və meyvə bağları kimi
layihələr iki ölkənin iqtisadi potensiallarının birləşdirilməsi baxımından
diqqətəlayiqdir. İqtisadi-ticari əlaqələrdə də müsbət dinamika müşahidə olunur.
2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə
müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması iqtisadi
əməkdaşlığın genişlənməsinin mühüm göstəricisidir. Qarşıdakı dövrdə qarşılıqlı
ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması məqsədi
də iki ölkənin iqtisadi münasibətlərin potensialını daha da artırmaq niyyətini
nümayiş etdirir. Energetika sahəsində əməkdaşlıq da Azərbaycan-Özbəkistan
tərəfdaşlığının mühüm istiqamətlərindən biridir. Neft-qaz sektorunda yaradılmış
birgə müəssisələr, SOCAR və “Özbəknefteqaz” arasında əməkdaşlıq, eləcə də
“Turan Energy AFEZCO”nun fəaliyyəti qarşılıqlı iqtisadi əlaqələrin
şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycan, Özbəkistan və
Qazaxıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq və “Yaşıl Dəhliz Birliyi”nin
yaradılması Mərkəzi Asiya ilə Azərbaycan arasında gələcək enerji əməkdaşlığının
yeni perspektivlərini ortaya qoyur. Bu istiqamət Xəzər dənizi üzərindən bərpaolunan
enerjinin nəqli imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət
daşıyır. Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də
nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm
nəqliyyat qovşağı kimi mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyada yerləşən strateji
imkanlarının birləşdirilməsi hər iki ölkə üçün yeni iqtisadi perspektivlər yaradır.
Nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı ticarət dövriyyəsinin artırılması ilə
yanaşı, Azərbaycan və Özbəkistanın daha geniş regional iqtisadi proseslərdə
rolunun gücləndirilməsinə xidmət edir. Azərbaycan-Özbəkistan münasibətlərinin
daha bir mühüm istiqaməti Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində
əməkdaşlıqdır. Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin
bərpasına ilk dəstək göstərən ölkələrdən biri olub. Füzulidə Mirzə Uluqbəy adına
məktəbin inşası, Xankəndidə tikiş fabrikinə investisiya qoyuluşu və Qarabağda
birgə sənaye layihələrinin həyata keçirilməsi qardaş ölkənin Azərbaycanın
quruculuq prosesinə verdiyi töhfənin konkret nümunələridir. Bu layihələr siyasi
həmrəyliyin real iqtisadi və sosial əməkdaşlığa çevrildiyini göstərir.
İki ölkə arasında münasibətlərdə mədəni-humanitar əməkdaşlıq da xüsusi
yer tutur. Ortaq tarix, dil və mədəni irs Azərbaycan və Özbəkistan xalqlarının bir-
birini daha yaxından tanımasına və qarşılıqlı mənəvi bağların möhkəmlənməsinə
geniş imkan yaradır. Mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar,
ədəbi layihələr və təhsil proqramları bu əlaqələrin inkişafına mühüm töhfə verir.
2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü
ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması da iki
xalqın ədəbi və mənəvi irsinin nə qədər sıx bağlı olduğunu göstərən mühüm
nümunələrdəndir. Azərbaycan və Özbəkistan şəhərləri arasında qurulan qardaşlıq

əlaqələri də xalqlarımızın yaxınlaşmasına xidmət edən mühüm platformadır. Bakı-
Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-
Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-
Şəhrisəbz arasında qardaşlaşma münasibətlərinin yaradılması əlaqələrin yalnız
mərkəzi hakimiyyətlər səviyyəsində deyil, regionlar və şəhərlər arasında da inkişaf
etdiyini göstərir. Ürgənc-Naxçıvan, Ürgənc-Xankəndi və Buxara-Laçın arasında
qardaşlıq münasibətlərinin qurulması istiqamətində atılan addımlar isə bu prosesin
daha da genişləndiyini təsdiqləyir. Bakıda “Özbəkistan” parkının yaradılması
təşəbbüsü də iki ölkə arasında dostluğun və qardaşlığın rəmzlərindən birinə
çevrilməkdədir. Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif layihələr isə
Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin inkişafına mühüm
töhfə verir. Belə təşəbbüslər ortaq irsin qorunması, xalqlar arasında qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsi və gələcək nəsillər arasında dostluq əlaqələrinin
davamlılığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və
Özbəkistanın əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkənin
Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının
inteqrasiyasının dərinləşdirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan
ortaq tarix və mədəniyyətin qorunmasını, iqtisadi və nəqliyyat əlaqələrinin
inkişafını, təhsil, elm və humanitar əməkdaşlığın genişləndirilməsini Türk
dünyasının gələcək inkişafının mühüm istiqamətləri kimi qiymətləndirirlər.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında
iştirakının genişlənməsi də Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin
yeni mərhələyə keçdiyini göstərir.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri tarixdən gələn dostluğun
müasir dövlətçilik və strateji tərəfdaşlıq modelinə çevrilməsinin nümunəsidir.
İqtisadiyyat, energetika, nəqliyyat, investisiya, mədəniyyət, təhsil və digər sahələrdə
genişlənən əməkdaşlıq iki ölkənin qarşılıqlı potensialını daha da gücləndirir. Eyni
zamanda, Bakı və Daşkənd arasında möhkəmlənən müttəfiqlik Türk dünyasının
birlik və həmrəyliyinin gücləndirilməsinə, regional əməkdaşlığın dərinləşməsinə və
beynəlxalq arenada ortaq mövqelərin daha da möhkəmlənməsinə mühüm töhfə
verir.
Azərbaycan və Özbəkistanın bu gün formalaşdırdığı münasibətlər yalnız iki
dövlətin bugünkü siyasi gündəliyini deyil, gələcək nəsillərin də davam etdirəcəyi
böyük bir qardaşlıq irsini ifadə edir. Əbədi dostluq haqqında müqavilə bu irsin
dövlət səviyyəsində təsdiqi olmaqla yanaşı, Azərbaycan və Özbəkistanın ortaq
gələcəyə, davamlı əməkdaşlığa və Türk dünyasının daha güclü birliyinə yönəlmiş
qəti siyasi iradəsinin parlaq göstəricisidir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30