/ / 26 iyun – Azərbaycan Ordusu: Dövlətçilik ənənələrinin, strateji baxışın və milli iradənin təcəssümü
26 iyun – Azərbaycan Ordusu: Dövlətçilik ənənələrinin, strateji baxışın və milli iradənin təcəssümü
24.06.2026 [14:26]
Müasir dövlətçilik nəzəriyyəsində silahlı qüvvələr yalnız hərbi təhlükəsizliyin təminatçısı deyil, eyni zamanda dövlət suverenliyinin, siyasi müstəqilliyin və milli maraqların qorunmasının əsas institutlarından biri kimi qiymətləndirilir. Bu baxımdan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət quruculuğunun mühüm sütunlarından biri olmaqla yanaşı, ölkənin müstəqil inkişaf modelinin və milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Hər il 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün qeyd olunması da məhz bu strateji əhəmiyyətin ictimai və siyasi ifadəsidir. Bu əlamətdar gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi ölkəmizin hərbi qüdrətinin, dövlət müstəqilliyinin və xalq–ordu birliyinin təntənəsinə çevrilib. Bu bayram yalnız hərbçilərimizin peşə bayramı deyil, həm də Azərbaycan dövlətinin qüdrətinin, milli təhlükəsizliyinin və əldə edilmiş tarixi qələbələrin rəmzidir.
Azərbaycanın milli ordu quruculuğunun nəzəri və institusional əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə respublikanın hərbi kadr potensialının formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət sonradan müstəqil dövlətin müdafiə sisteminin qurulmasına mühüm zəmin yaratdı. Ulu Öndərin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması milli zabit korpusunun formalaşdırılmasında mühüm rol oynadı. Azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrinə qəbuluna şərait yaradılması gələcək müstəqil Azərbaycanın peşəkar hərbi kadr potensialının əsasını təşkil etdi. Tarixi proseslər sonradan göstərdi ki, hərbi sahədə insan kapitalının formalaşdırılması milli təhlükəsizliyin ən vacib elementlərindən biridir.
Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhran və nizami ordu quruculuğundakı problemlər dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. Məhz belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev pərakəndə silahlı dəstələri ləğv edərək vahid komandanlığa tabe olan nizami ordunun yaradılmasına başladı. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin bərpası və peşəkar ordu quruculuğu paralel şəkildə həyata keçirildi. Müasir hərbi idarəetmə sisteminin formalaşdırılması, vahid komandanlıq prinsipinin tətbiqi, silahlı birləşmələrin mərkəzləşdirilməsi və müdafiə institutlarının təkmilləşdirilməsi Azərbaycan Silahlı Qüvvələrinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.
1994-cü il mayın 12-də atəşkəsin əldə olunmasından sonra həyata keçirilən hərbi islahatlar Azərbaycan Ordusunun peşəkarlaşmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etdi. Bu prosesdə NATO ilə əməkdaşlıq xüsusi rol oynadı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulması, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və müasir hərbi idarəetmə prinsiplərinin mənimsənilməsi Silahlı Qüvvələrin institusional inkişafını sürətləndirdi.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Həmin tarixdən etibarən bu gün hər il ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. 1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edilməsi Azərbaycan dövlətinin ordu institutuna verdiyi yüksək dəyərin hüquqi və siyasi ifadəsi oldu. Bu qərar yalnız tarixi hadisənin qeyd olunması deyil, həm də milli təhlükəsizlik sisteminin dövlət siyasətində prioritet mövqeyinin təsdiqi idi. Ulu Öndər hər zaman vurğulayırdı ki, “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. Məhz onun müəyyənləşdirdiyi strateji kurs Azərbaycanın müasir və güclü ordu modelinin formalaşmasına möhkəm zəmin yaratdı.
Azərbaycan Ordusunun inkişafında yeni mərhələ Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Son iyirmi ildən artıq müddətdə ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyası müdafiə potensialının gücləndirilməsi üçün geniş imkanlar yaratdı. Müdafiə xərclərinin davamlı şəkildə artırılması, müasir silah və texnologiyaların alınması, milli hərbi sənaye kompleksinin yaradılması, peşəkar hərbi təhsil sisteminin formalaşdırılması və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi kompleks ordu quruculuğu siyasətinin əsas istiqamətlərinə çevrildi.
Müasir hərb elminin əsas prinsiplərindən biri texnologiya, peşəkarlıq və yüksək mənəvi hazırlığın vəhdətidir. Azərbaycan Ordusunun son illərdə qazandığı uğurlar da məhz bu amillərin sintezi nəticəsində mümkün olmuşdur. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı ordunun taktiki imkanlarının, döyüş hazırlığının və strateji üstünlüyünün göstəricisi kimi çıxış etdi. Belə ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artan gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Dördgünlük döyüşlər nəticəsində strateji yüksəkliklər və mühüm mövqelər azad edildi. 2018-ci ilin Günnüt əməliyyatı isə Naxçıvan istiqamətində əldə olunan mühüm hərbi uğur kimi tarixə düşdü. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi və dövlət sərhədinin müdafiəsi baxımından əlverişli mövqelər əldə edildi. Həmin əməliyyatlar eyni zamanda Azərbaycan Ordusunun gələcək hərbi-siyasi uğurlarının xəbərçisi oldu.
2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi isə Azərbaycan hərb tarixində yeni dövrün başlanğıcını qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Müasir hərbi nəzəriyyə baxımından bu müharibə yüksək texnologiyaların, pilotsuz uçuş aparatlarının, şəbəkə əsaslı əməliyyatların və klassik hərbi taktikanın uğurlu inteqrasiyasının nümunələrindən biri hesab edilir. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar bir sıra xarici ekspertlər və hərbi tədqiqat mərkəzləri tərəfindən müasir müharibə modelinin öyrənilməsi baxımından xüsusi maraq doğuran təcrübə kimi qiymətləndirilmişdir. Müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi və regionda yeni geosiyasi reallıqlar formalaşdı.
2023-cü ilin 19 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyinin bütün ərazilərdə tam bərpasını təmin etdi. Beləliklə, Azərbaycan müstəqillik dövrünün ən mühüm strateji məqsədinə nail oldu və ölkənin konstitusion hüquq sistemi bütün ərazilərində bərqərar edildi.
Hazırda Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoyub. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətinin genişləndirilməsi, hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, rəqəmsal texnologiyaların və süni intellekt əsaslı idarəetmə sistemlərinin tətbiqi ordunun gələcək inkişaf istiqamətlərini müəyyən edir. Xüsusilə Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin öyrənilməsi və tətbiqi Azərbaycan Ordusunun çevik, peşəkar və yüksək döyüş qabiliyyətli hərbi modelə transformasiyasını sürətləndirir.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı yalnız hərbi qüvvə ilə məhdudlaşmır. Bununla belə, güclü ordu milli təhlükəsizlik arxitekturasının əsas dayağı olaraq qalır. Azərbaycanın son onilliklərdə keçdiyi yol göstərir ki, güclü iqtisadiyyat, milli birlik, siyasi iradə və peşəkar ordu arasında qarşılıqlı əlaqə dövlətin davamlı inkişafının və təhlükəsizliyinin başlıca şərtidir.
Bu gün Azərbaycan Ordusu yalnız ölkənin sərhədlərini qoruyan hərbi institut deyil, həm də xalqın qürur mənbəyi, dövlət müstəqilliyinin təminatçısı və milli birliyin simvoludur. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan hərbçisinin şərəfli xidmət yolu bir daha sübut edir ki, güclü dövlətin ən mühüm dayaqlarından biri onun peşəkar, müasir və qalib ordusudur.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, müasir döyüş təcrübəsinə malik peşəkar hərbi qüvvə kimi beynəlxalq səviyyədə də tanınır. Vətən müharibəsində və sonrakı dövrdə əldə olunan uğurlar göstərdi ki, Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın müstəqil Azərbaycan!
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

