Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / ABŞ-ın dünya üçün“töhfələri”

ABŞ-ın dünya üçün“töhfələri”

21.11.2023 [11:00]

“Rəngli” inqilablar, xaos, vətəndaş müharibələri, milyonlarla günahsız insanın ölümü

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə ölkəmizə qarşı qərəzli mövqe sərgilənməsi, eləcə də Senat tərəfindən “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edilməsi Vaşinqtonun Azərbaycana qarşı hansı münasibətdə olmasının göstəricisidir. Hər zaman beynəlxalq hüquqdan, insan haqları və demokratiyadan danışan ABŞ-ın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Azərbaycana təzyiq göstərmək cəhdləri rəsmi Vaşinqtonun gerçək sifətini göstərməkdədir.

Əslində, ABŞ üçün beynəlxalq hüquq, insan haqları və demokratiya heç vaxt dəyər olmayıb. Sadəcə, Vaşinqton bu faktorlardan öz maraqlarını təmin etmək üçün istifadə edib. Dünyanın müxtəlif bölgələrində münaqişə ocaqları yaradıb, milyonlarla insanın fəlakətlər yaşamasına imza atan ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləmək üçün bütün imkanları ilə hərəkətə keçib. Azərbaycanın təkbaşına Qarabağ münaqişəsini həll etməsinə, hətta Ermənistanın regionda yaranan yeni reallığı qəbul etməsinə baxmayaraq, ABŞ bununla barışmaq istəmir. Görünən odur ki, Vaşinqton Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına xidmət edən bəyanatlara müəlliflik etməkdədir. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş dinləmələr, eləcə də Ermənistana dəstəklə bağlı Senatın qəbul etdiyi sənəd bunun növbəti təzahürüdür. ABŞ bununla öz siyasətində ikiüzlülüyə sadiqliyini də bir daha nümayiş etdirib.

Ümumiyyətlə, bu gün ABŞ-ın dünya ölkələri üçün gətirdiyi fəlakətlər heç kimə sirr deyil. Uzaq və yaxın tarixə nəzər salsaq görərik ki, ABŞ bütün bölgələrə demokratiya, insan haqları və s. bu qəbildən uydurduğu nağıllarla daxil olub və özü ilə əslində, fəlakət, insan qırğını, həll olunmayan münaqişələr gətirib. Artıq ABŞ deyiləndə göz önünə müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələri, milyonlarla insanın ölümünün gəlməsi heç də təsadüfi deyil. Hamı yaxşı anlayır ki, Amerika dünyaya demokratiya adı altında xaos, həlli illərlə uzanan münaqişələr ixrac edir. ABŞ ayrı-ayrı müstəqil ölkələrin daxili işlərinə rahat müdaxilə etmək üçün öz agentura şəbəkəsini yaradır, hakimiyyət çevrilişləri hazırlayır. İstəkləri suya düşəndə isə demokratiya pərdəsi adı altında birbaşa təcavüz planlarına start verir, vətəndaş müharibələri yaradır.

Diqqət yetirək, rəsmi Vaşinqton ABŞ hansı ölkəyə firavanlıq gətirib, ora həqiqi demokratiya ixrac edib? İraq ABŞ-ın təcavüzünün ən üzdə olan nümunələrindən biridir. Milyonlarla insan qurban verən, milli sərvəti talanan İraq hələ də ABŞ-ın “demokratiyasından” özünə gələ bilməyib. Amerika təcavüzünün başqa bir nümunəsi Əfqanıstandır. Bu ölkə faktiki olaraq uzun illər Amerikanın işğalı altında oldu. Nə qazandı? Bu ölkədə quruculuq, inkişaf kimi anlayışların üstündən xətt çəkən ABŞ-ın əl işini bütün dünya gördü: Əfqanıstan tamamilə narkotik plantasiyasına çevrildi.

Başqa bu kimi nümunələr sırasında Misiri, Liviyanı, Yəməni, Suriyanı göstərmək olar. Hər üç ölkə ABŞ tərəfindən “ərəb baharı” adı ilə elə bataqlığa salınıb ki, nə vaxt xilas olacağı belə bilinmir. Vaxtilə inkişaf edən və sabit ölkə olan Liviya bir neçə yerə parçalanıb, vətəndaş müharibəsi məkanıdır, Yəməndə də fərqli durum yoxdur. Suriya isə faktiki olaraq poliqon funksiyasını yerinə yetirir. Super güclər buranı sanki silahlarını sınaqdan çıxarmaq üçün məkan seçib. Bu ölkələrdə gündəlik ölənlərin sayı isə yüzlərlədir. Göründüyü kimi, ABŞ-ın ayaq basdığı yerlərin qan gölünə döndüyü danılmaz faktdır. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətləri də bura əlavə etsək, sözsüz ki, dəhşətli mənzərənin şahidi oluruq. Bu fəlakətlərdən ABŞ həm də böyük sərvətlər qazanır. ABŞ-ın Fransa kimi tərəfdaş ölkələrlə Afrikanın təbii resurslarını istismar etməsi, məqsədlərinə nail olmaq üçün hakimiyyət çevrilişləri həyata keçirməsi, başqa çirkin planlar icra etməsi acı reallıqdır. Başqa bir nümunə: ABŞ Avropanı Rusiyanın enerji resurslarından məhrum edib və ən gəlirli sahəni özününküləşdirib. Baha qiymətə öz neftini və qazını avropalılara satan, milyardlar qazanan məhz ABŞ-dır.

Beləliklə, XXI əsrin əvvəllərindən etibarən istər postsovet məkanında, istərsə də Yaxın Şərq ölkələrində baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirir. Xüsusilə də, çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət edən vasitəyə çevrildiyini növbəti dəfə göstərir. Bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir. Həm postsovet məkanının, həm də Yaxın Şərq ölkələrinin təcrübəsi göstərir ki, Qərb dairələri, xüsusilə ABŞ  İslam və Türk dünyasını, müsəlman ölkələrini ayrıca hədəfə çevirib. Xüsusilə, “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif regionlarda və ölkələrdə “demokratik idarəetmənin formalaşdırılması”, “terrorizmlə mübarizə” adı altında  xaotik proseslərə rəvac verildi. ABŞ müxtəlif regionlarda “rəngli” inqilablar və iğtişaşlar təşkil etməklə bir çox ölkəni faktiki xaos meydanına çevirdi.

Postsovet məkanında Gürcüstanın və Ukraynanın acı taleyi də buna sübutdur. Cənubi Qafqazda da baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin başında ABŞ-ın dayandığını sübut etməyə ehtiyac yoxdur. ABŞ öz “rəngli” inqilablar ssenarisini bu bölgədə yeganə Azərbaycanda icra edə bilməyib. Əsas məqsəd Azərbaycanda ABŞ-ın arzuladığı hakimiyyətin qurulması idi. 2005-ci və 2012-ci illərdə daxili marionetlərdən istifadə etməklə Azərbaycanda hərc-mərclik və anarxiya yaratmaq cəhdləri iflasa uğrayıb. Əgər bu planlar baş tutsaydı, Azərbaycan güclənib öz ərazi bütövlüyünü bərpa etmək üçün addımlar atmayacaqdı və ərazilərimizin işğalı qanuniləşəcəkdi. Amma bu planların hamısı fiaskoya uğradı.Və bu günə qədər Azərbaycan sabitlik adası, təhlükəsizlik məkanı və inkişaf diyarı kimi səciyyələndirilir.  Ən əsası, Azərbaycanın işğal faktını və tarixi ədalətsizliyi aradan qaldıraraq qalib dövlətə çevrilməsi dövlətimizin qüdrətini daha da artırır. Belə olan halda, ABŞ kimi dövlətlərin “narahatlığı” başadüşüləndir. Ona görə də, Vaşinqtonun əsassız yanaşmaları, təzyiq cəhdlərinin ölkəmizə heç bir təsiri olmayacaq.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30