Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / “Taxıl sazişi” dayandırıldı...

“Taxıl sazişi” dayandırıldı...

19.07.2023 [11:31]

Dünyanı nə gözləyir?

Son bir ildə dünya birliyi tarixi “Taxıl sazişi” üzrə daşımaların həyata keçirilməsini diqqətlə izlədiyi kimi, bu sənədin növbəti uzadılma müddətinin iyulun 17-də bitməsinə və növbəti mərhələ üçün razılaşmanın əldə olunmamasına da həssas yanaşma sərgiləyir. Xatırladaq ki, “Taxıl sazişi” 2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukraynanın rəsmilərinin imzası ilə  təsdiqlənmişdi.  Sənəddə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması məqsədilə taxıl  koridorunun yaradılması, eləcə də Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına icazə verilməsi nəzərdə tutulurdu. Saziş paketi ilkin olaraq 120 gün müddətinə bağlanmışdı. Sonradan bu müddət qarşılıqlı razılıq əsasında bir neçə dəfə uzadılıb. Sonuncu razılaşma  cari il mayın 17-də əldə olunmuşdu. Bu uzatmanın müddəti cəmi 60 gün müəyyənləşdirilmişdi və qeyd etdiyimiz kimi, artıq bu müddət də sona çatıb.

Rusiya razılaşmadan çıxıbBəhs olunan saziş üzrə daşımaların həyata keçirilməsini təmin etməkdən ötrü Qara dənizin Ukrayna sahillərindəki limanlarını əhatə edən “Taxıl dəhlizi” yaradılmışdı və bu koridorun təhlükəsizliyinə təminatlar alınmışdı. Tərəflərdən biri - Rusiya “Taxıl sazişi”ndəki razılaşmaların faktiki dayandırıldığını açıqlayıb. Bu ölkə Qara dənizin şimal-qərbində gəmi nəqliyyatının təhlükəsizliyinə verdiyi zəmanətləri geri götürüb.  Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Taxıl sazişi”nin dayandırılması ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Qara Dəniz Humanitar Dəhlizi məhdudlaşdırılır, müvəqqəti təhlükəli ərazi rejimi bərpa olunur. Sitat: “İstanbul razılaşmalarının həyata keçirilməsində açıq təxribatların baş verdiyi bu şəraitdə “Qara dəniz təşəbbüsü” nün davam etdirilməsi mənasını itirir. Moskva yalnız Rusiya qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı konkret nəticələr əldə etdikdə sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq”.

Rusiya qərarını saziş çərçivəsində şərtərinin təmin olunmadığını idda edir. Bildirilir ki, birinci müzakirələr zamanı sazişin paket xarakteri gündəlikdə idi. Həmin danışıqlarda Tolyatti-Odessa marşrutu ilə ammiakın daşınması və Ukrayna taxılının ixracı müzakirə mövzusu idi. Bu razılaşmalar simmetrik və balanslaşdırılmış şəkildə yerinə yetirilməli idi. Rusiyanın iddiasına görə, BMT tarazılığı təmin etməyib. Rusiya Xarici İşlər Nazirliyinin bundan əvvəl yaydığı məlumatında sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən asılı olacağı vurğulanıb.

Ukrayna “yola davam” deyir

Rusiyanın qərarına sazişin digər tərəfi olan Ukraynadan cavab özünü çox gözlətməyib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın “Taxıl sazişi”ndən çıxması ilə bağlı bəyanatına reaksiya verib. O, Türkiyə və BMT-yə Ukrayna taxılının Rusiya olmadan dünyanın digər ölkələrinə çatdırılması üçün “Qara dəniz taxil təşəbbüsü”nü davam etdirməyi təklif edib. “Qara dəniz taxil təşəbbüsü” gələcəkdə də işləyə bilər və işləməlidir, Rusiyasız da. Taxıl ixracı sazişi Türkiyə və BMT ilə imzalanan sazişdir - qüvvədə qalır. İndi lazım olan yeganə şey onun dəqiq icrası və dünya tərəfindən Rusiyaya qarşı qəti təzyiqdir”, - deyə V. Zelenski ukraynalılara axşam müraciətində deyib. Ukrayna prezidenti qeyd edib ki, o, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana və BMT-nin Baş katibi Antonio Quterreşə “Qara dəniz taxil təşəbbüsü” və ya onun ekvivalentinin işinin üçtərəfli formatda davam etdirilməsi təklifi ilə rəsmi məktublar göndərib. Sitat: “Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər”.

Ukraynanın dövlət başçısı bildirib ki, bu, dünyada hər kəs üçün lazımdır. Prezident Zelenski əlavə edib ki, “Qara dəniz taxil təşəbbüsü” sayəsində artıq dünyanın 45 ölkəsinə 33 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib. Bunun 60 faizi Afrika və Asiya ölkələrinə gedib. “Ukraynanın mövqeyi həmişə mümkün qədər aydın olub və olacaq: heç kimin heç bir xalqın ərzaq təhlükəsizliyini məhv etməyə ixtiyarı yoxdur”, - deyə V.Zelenski vurğulayıb.

V.Zelenski həmçinin  Ukraynanın “Taxıl sazişi”nə Rusiyasız davam etdirməyə hazır olduğunu deyib. O bildirib ki, Rusiya taxıl müqaviləsindən çıxdıqdan sonra da ölkəsi daşımalarını davam etdirməyə hazırdır. V. Zelenski xatırladıb ki, Ukrayna taxıl daşımaları ilə bağlı Moskva ilə deyil, yalnız BMT və Türkiyə ilə müqavilə bağlayıb. “Gəmilər üzməyə hazırdır. Əgər Türkiyə onların keçməsinə icazə verərsə, o zaman Ukrayna başqa ölkələrə taxıl daşımağa davam etməyə hazırdır”, - deyə Zelenski vurğulayıb. O həmçinin dünya ictimaiyyətini Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına mane olmaması üçün Rusiyaya qəti təzyiq göstərməyə çağırıb.

Qərb başqa variantlar axtarışında

“Qərb və Kiyev “Taxıl sazişi”nin dayandırılması kontekstində Ukraynadan ərzaq ixracı imkanlarını nəzərdən keçirəcək”. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın bu sazişdən çıxmaq qərarını şərh edərkən deyib. Fikirlərinə davam edən E.Blinken bildirib: “Ukraynalılar və biz başqa variantların olub-olmadığını görəcəyik. Bu müqavilə olmadıqda, biz Ukrayna ərzaq məhsullarının dünya bazarına çıxarılması yollarını tapmaq üçün başqa nə edilə biləcəyini görəcəyik”.

Taxıl qıtlığı üçün iqtisadi əsaslar yoxdur

“Taxıl sazişi” ilə bağlı Kremldən verilən açıqlamadan sonra taxılın dünyada bazar qiyməti 3 faizdən çox bahalaşıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, yaxın perspektivdə taxıl pozisiyası üzrə ötən ilin yazında yaşanan ajiotajın təkrarlanacağı ehtimalları azdır.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. “Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Azərbaycana gəldikdə, deputat vurğulayıb ki, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi zəmin yoxdur. “Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçini mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur”, - deyə millət vəkili vurğulayıb.  

MÜBARİZ

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30