Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İki günlük “üsyan”...

İki günlük “üsyan”...

26.06.2023 [11:20]

Priqojin niyə və ya nəyə qarşı çıxırdı?

Qərb mətbuatı Putinin “yeni gediş” edəcəyini yazır

Rusiyada cəmi iki gün çəkən “silahlı üsyan cəhdi” dayandırıldı. Xatırladaq ki, üsyan edən Vaqner Qrupu yaxud “Vaqner” ÖHŞ (Özəl Hərbi Şirkət) Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların dünyanın bir çox ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri bildirilir. Bu dəfə isə “Vaqner” üsyan edərək Rusiyada dövlət çevrilişinə cəhd göstərdi. Rusiya lideri Putin isə 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən “Vaqner”i xəyanətdə günahlandırdı. Öz xalqına müraciət edən Rusiya lideri Vaqner rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət kimi qələmə verib - Putin baş verən hadisələri 1917-ci il hadisələri (Rusiya inqilabı) ilə müqayisə edib: “Biz bunun təkrarlanmasına imkan verməyəcəyik. Bu xəyanət və satqınlıqdır”.

“Mən Rusiya vətəndaşlarına müraciət edirəm. Silahlı Qüvvələrin, hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının şəxsi heyətinə. Mən həmçinin hiylə və ya hədə-qorxu ilə kriminal avantüraya sürüklənən, ağır cinayət - silahlı üsyan yoluna sövq edilənlərə müraciət edirəm”, - deyən Putin üsyana qoşulmuş şəxsləri bu qiyamda iştirakdan əl çəkməyə çağırıb.

Daha sonra isə Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açdı - yayılan məlumatda bildirildi ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək.

Sülh baş tutdu...

Amma iyunun 24-ü axşam saatlarında tərəflər arasında “sülh” yaradıldı. Belarus lideri Aleksandr Lukaşenkonun işə qarı?ması və vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatdı. Priqojin “rus qanını tökməmək məsuliyyəti ilə” geri çəkildiklərini bildirdi. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə razılaşaraq “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinlə danışıqlar aparıb - bu barədə Belarus prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata əsasən, gün ərzində davam edən danışıqlar nəticəsində tərəflər Rusiya ərazisində qanlı döyüşün başlanmasının yolverilməzliyi barədə razılığa gəliblər. “Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.

Rusiya tərəfi isə danışıqlarda iştirak təklifinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun özü tərəfindən irəli sürüldüyünü yayıb. “Vaqner”in təsisçisi Yevgeni Priqojinlə danışıqları aparan şəxsin niyə məhz Lukaşenko olmasına gəldikdə isə, əsas kimi onun Priqojini 20 ilə yaxındır ki, tanıdığı irəli sürülüb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov mediaya açıqlamasında deyib ki, bu, Lukaşenkonun şəxsi təşəbbüsü idi və Prezident Putinlə razılaşdırılıb. Kreml bu təşəbbüsü yüksək qiymətləndirib.

Rəsmi Moskva danışıqların nəticəsi haqda da məlumat yayıb - “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək, o, Belarusa gedəcək. Dmitri Peskov bildirib ki, PMC “Vaqner” döyüşçüləri səhra düşərgələrinə qayıdacaqlar, cəbhədəki xidmətləri nəzərə alınacaq və qanunla təqib olunmayacaqlar.

Üsyanın “müsbət” tərəfləri...

Baş verənlər benəlxalq aləm tərəfindən xüsusi diqqətlə izlənilir. Qərb mətbuatının “bu üsyan necə baş verdi, niyə yatırıldı?” sualları ətrafında mülahizələri isə saysızdır. Baş verənlər “şahmat” oyunu ilə müqayisə edilir. Hər kəs Putinin yeni “gediş”ini gözləyir. Eyni zamanda, bu “üsyanın” Ukrayna müharibəsinə təsiri ilə bağlı mühüm rəylər səsləndirilir. Məsələn, bəzi siyasi mütəxəssislər bu üsyanın Rusiya Prezidentinə bir sıra yeni “imkanlar” açdığını düşünür. Belə ki, artıq 16 aydır davam edən Ukrayna müharibəsində gözlədiyi üstünlüyü qazana bilməyən Rusiya həm də Qərb blokunun açıq təzyiqi ilə üzləşib. Təbii ki, buna qarşı daha uğurlu mübarizənin formalaşdırılması üçün isə daha sərt hərbi rejim tətbiq edilməlidir - “Priqojin üsyanı” bu daha ağır hərbi rejimin formalaşdırılmasına, daha sərt tədbirlərin görülməsinə rəvac verə bilər. Beləliklə, siyasi analitiklər bu üsyanın hətta Rusiyanın müharibədə müsbət dönüş yaratma ehtimalına yol açacağını belə düşünürlər.

Bəlli olduğu kimi, Kreml Kiyevi vəd etdiyi kimi “3 gün ərzində” ram edə bilmədi - bunun qarışılığında isə Qərbin iqtisadi sanksiyaları günü-gündən sərtləşir. Nəticədə yaranan məhdudiyyətin xalqı siyasi etirazlara qaldıra bilmə ehtimalı da formalaşır. Təbii ki, bu ehtimalı xarici güclərin dəstəyi daha da real edir - xatırladaq ki, hələ müharibənin ilk aylarında Qərb mətbuatı Avropanın və ABŞ-ın aparıcı siyasi beyin mərkəzlərinin Rusiyanı “içdən parçalama” planları qurmasını yazmışdı və bu, çox böyük əks-səda vermişdi. Hətta bu məsələyə Rusiyanın dövlət başçısı səviyyəsində cavab verilmişdi. Bəzi qubernatorların vəzifədən çıxarılması isə sonradan “təhlükəsizlik tədbiri” kimi də qiymətləndirilmişdi. Bu mənada, baş verənlər siyasi etirazları cavablandırmaq üçün mühüm fürsət kimi də dəyərləndirilir. Başqa sözlə, bu kimi üsyan ehtimalları siyasi etirazların qarşısının daha sərt şəkildə alınmasına şərait yarada bilər.

ABŞ üsyandan xəbərdar olub?

Priqojin “üsyana qalxma” səbəblərini sadalayarkən bəzi maraqlı nüanslara da toxunub - o bildirir ki, indiki hərbi adminisirasiya ilə Rusiya parçalanmağa başlayacaq və Ukraynadakı müharibədə qalib gələ bilməyəcək. Priqojin Rusiya ordusundakı bütün keçmiş komandirlərin vəzifələrindən uzaqlaşdırılmasını və yeni komandanın formalaşmasını istəyir. Onun ilk hədəfi isə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovdur. O, həmçinin Ukraynadakı müharibədə mümkün qədər tez qalib gəlmək üçün bütün Rusiyada ümumi səfərbərlik istəyir.

Deyilənlər maraqlı mənzərə formalaşdırır - demək ki, Priqojin heç də iddia edildiyi kimi “Qərbin adamı” sayıla bilməz. Bu şəxs Ukraynaya qarşı daha tez qələbə əldə etmək arzusundadır. Amma indiki məqamda Rusiyanın hərbi elitasının hətta müəyyən bir hissəsinin öz işindən uzaqlaşdırılması nələrə yol açar... Bunu təsəvvür etmək belə çətin deyil...

Bu məsələyə toxunun Rusiya KİV-i Priqojinin tələblərini əsassız hesab edirlər. Məsələn, bəzi analitiklər müdafiə naziri Şoyqunun ordu arasında müsbət imicə malik olduğunu irəli sürür. Priqojinin tələbinin “Qərbdən sifariş verildiyini” iddia edənlər öz fikirlərində bəzi arqumentlərə söykənirlər - məsələn, Qərbin bu “üsyan”dan xəbərdar olması kimi faktlara. Belə ki, “Washington Post” qəzetinin yaydığı məlumata görə, ABŞ casusları Priqojinin iyunun ortalarında Rusiyada silahlı aksiya planlaşdırdığını əvvəlcədən bilirmişlər. Bununla bağlı ABŞ kəşfiyyatı dərhal Ağ Evə və digər dövlət qurumlarına məlumat verib. Hətta anonimlik şərti ilə danışan bir ABŞ rəsmisi deyib: “Rəhbərliyə nəyinsə baş verdiyini bildirmək üçün kifayət qədər siqnallar var idi”. Rusiyalı bəzi siyasətçilər isə bu kimi “siqnallar”dan sonra Qərbin Priqojin ilə kontakta girməməsinə “inanmır”lar.

Bu “faktı” “New York Times” da təsdiqləyib. Qəzetin kəşfiyyat mənbələrinə əsaslanan xəbərində “Vaqner” və onun lideri Priqojinin “üsyan” cəhdi barədə ABŞ rəsmilərinin məlumatlandırıldığı vurğulanır. Hətta Pentaqonun bu məsələdən “narahat olması” da xəbərdə əks olunur - narahatlığa səbəb isə bu addımın Moskvanın nüvə silahı arsenalına nəzarətə necə təsir edəcəyi müəmması ilə bağlı olub.

Yeri gəlmişkən, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Böyük Britaniya, Almaniya, Kanada, Polşa və Fransadan olan həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə edib. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. “Vəziyyət daha da inkişaf etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyanı davam etdirəcək”, - Rayder bildirib. Pentaqonun rəhbəri ABŞ-ın Ukraynaya dəstəyində heç bir dəyişikliyin olmayacağını da vurğulayıb. Xatırladaq ki, üsyan cəhdi zamanı ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə etmişdi.

Üsyan parçalanma yarada bilmədi...

“Vaqnerin üsyanı” ölkədə böyük təlatüm yaratsa da, fikir ayrılığı formalaşdıra bilmədi - dövlət ierarxiyası birmənalı şəkildə üsyançılara qarşı olduqlarını ortaya qoydu. Hətta rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill bəyan etdi ki, müharibə davam edərkən ölkə daxilində fitnə-fəsad yaymaq ən böyük cinayətdir. Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov da Priqojini vətənə xəyanətdə ittiham etdi və çeçen qüvvələrinin üsyanı yatırmağa hazır olduğunu bildirdi.

Türkiyə mətbuatının yazdığına görə isə, müxalifət nümayəndələri Priqojini dəstəkləyiblər. Mühacirətdə olan rusiyalı iş adamı Mixail Xodorkovski bu addımı “Putinin reputasiyasına vurulan ən güclü zərbə” adlandırıb. O, Priqojini dəstəkləyərək “bu rejimə qarşı çıxmaq qərarına gəlsə, hətta şeytana da kömək edin!” deyib.

G7 toplandı - iclasla bağlı məlumat verilmir

Türkiyənin “Milliyyət” qəzeti G7 ölkələri xarici işlər nazirlərinin Rusiyadakı son vəziyyəti müzakirə etdiyini yazıb. İclasda iştirak edən Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Jozef Barrell görüşü Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi adlandırıb. İclasın məzmunu ilə bağlı ətraflı məlumat verilməyib. ABŞ Dövlət Departamentindən bildirilib ki, dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynaya dəstəyinin dəyişməyəcəyini ifadə edib. ABŞ-ın bu prosesdə müttəfiqləri və tərəfdaşları ilə “sıx koordinasiyada” qalacağı bildirilib.

Ukraynanın reaksiyası...

Rusiyada baş verən proseslər Ukraynada da maraqla və diqqətlə izlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Rusiyada baş verənlərlə bağlı rus dilində müraciət edib. Müraciətdə bildirilib ki, Rusiya liderləri heç nəyə nəzarət etmirlər: “Bu gün heç bir sükutun olmaması lazım olan bir zamandır. Bu gün dünya gördü ki, Rusiya liderləri heç nəyə nəzarət etmirlər. Bu, tam xaosdur”.

“Rus quldurları”nın, “muzdlular”ının və “oliqarxlar”ının Rusiya şəhərlərini ələ keçirmələrinin nə qədər asan olduğunu gördüyünü deyən Zelenski Qərb tərəfdaşlarını Ukraynanı dəstəkləməyə və kömək etməyə çağırıb.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə öz “Twitter”ində bildirib ki, Vaqnerin komandiri Yevgeni Priqojin Moskvaya çatmasa da, artıq zorakılıq üzərindəki inhisara son qoyub. Podolyak qeyd edib ki, şübhəli reputasiyaya malik bir vasitəçinin səhər sizin məhv edilmənizi əmr edən şəxsdən təhlükəsizlik zəmanəti vəd etməsi ilə əlaqədar Priqojinin öz planından imtina etməsi çox qəribə bir qərardır. “Putin elitasının son 24 saat ərzində yaşadığı qorxuya görə, Priqojinin məhvi əmri mütləq yerinə yetiriləcək. Priqojin Putini və dövləti alçaldıb”, - Podolyak əlavə edib.

Paşinyanın hiyləgərliyi...

Priqojin hadisəsi ilə bağlı ən “nonsens” hərəkət isə Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı oldu. Bəlli olduğu kimi, baş verənlərlə əlaqədar olaraq Rusiya Prezidenti Putin Belarus Prezidenti Lukoşenko ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng vurub. Telefon danışığı zamanı Qazaxıstan prezidenti baş verən hadisələri Rusiyanın daxili işi adlandırıb, konstitusiya quruluşunu və qanunun aliliyini ölkədə asayişin qorunması üçün zəruri şərt sayıb. Prezident Ərdoğan isə telefon danışığı zamanı Rusiya rəhbərliyinin hərəkətlərini dəstəkləyib.

Hər zaman olduğu kimi, bu dəfə də yaranan vəziyyətdən sui-istifadə etməyə çalışan Paşinyan isə özü Putinə zəng edərək “köməyini” təklif edib. Maraqlıdır ki, Paşinyan Putinə hansı köməyi təklif edib? Axı, dünənə qədər KTMT iclaslarından küsərək ayrılan Paşinyan özü kömək diləyirdi. Digər tərəfdən, Paşinyanın bu tələm-tələsik hərəkəti həm də gələcəyə hesablanıb - əgər, qarşıdakı zamanda ölkəsində Paşinyana qarşı hər hansı bir hərəkətlənmə olarsa, erməni baş nazir Putindən “analoji köməyi” gözləyəcək...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 838 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30