Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Rəsmi Tehran Avropaya qarşı...

Rəsmi Tehran Avropaya qarşı...

27.01.2023 [10:37]

İranın tətbiq etdiyi sanksiyalar Avropa İttifaqına və Böyük Britaniyaya necə təsir edəcək?

N.BAYRAMLI 

Hazırda İranda daxili böhran davam etməkdədir. Ötən ilin sentyabrından başlayan kütləvi aksiyalar isə İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalmış 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar təkcə qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran dövləti xalqına xidmət etmək əvəzinə, insanlara zülm edir. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir, geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada “hegemonluq” etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə, ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanılır.

İran rejimi bu ölkədə yaşayan milyonlarla azərbaycanlıya qarşı da zorakılıq siyasəti yürüdür, onların milli haqlarını tapdayır. Bu da cənublu soydaşlarımızda haqlı narazılıq yaradır. Belə bir şəraitdə onların öz haqları uğrunda mübarizəsi getdikcə güclənir. Çünki hazırda rejimə qarşı aksiyalar soydaşlarımızın milli haqlarını tələb etməsi prosesinə təkan verib.

İran rejiminin insanlara qarşı zorakılığı ilə əlaqədar beynəlxalq müstəvidə də etirazlar səngimir. Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər İrandakı vəziyyətdən narahat olduqlarını bəyan ediblər. Rəsmi Tehranın edam qərarları rejimə qarşı beynəlxalq təzyiqləri daha da gücləndirir. Əvvəllər ABŞ və Avropa İttifaqı nüvə proqramı məsələsinə görə sanksiyalar tətbiq edirdisə, hazırda vəziyyət dəyişib. Bu dəfə məhz etiraz aksiyalarına qarşı törədilən zorakılıq səbəbindən rəsmi Tehran sanksiyalara məruz qalır.  Belə ki, yanvarın 23-də Brüsseldə Avropa İttifaqına daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar tətbiq ediblər. İran İslam İnqilabının Keşikçiləri Korpusu “qara siyahıya” salınıb. Bundan başqa, 18 fiziki və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İran ordusunun əsasını təşkil edir və ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Sanksiyalara əsasən, bu qurumla bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq. Bu qərardan bir gün sonra ABŞ da Avropa İttifaqı və Böyük Britaniyaya qoşularaq etirazçılara qarşı təqiblərinə cavab olaraq İrana yeni sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı zamanı jurnalistlərə deyib ki, yeni sanksiyalar 10 nəfərə, o cümlədən İranın kəşfiyyat nazirinin müavininə və İnqilab Keşikçiləri Korpusunda baş komandirlərə tətbiq olunub. Prays bildirib ki, sanksiyaların məqsədi İran rejiminin “insan haqları ilə əlaqədar cavabdehliyini təşviq etmək məqsədi daşıyır”. “Bu tədbirlər müttəfiqlərimiz və tərəfdaşlarımızla yaxın məsləhətləşmələr nəticəsində qəbul edilib və İran rəsmilərinin dinc etirazçılara qarşı qəddar və zorakı təqibləri ilə əlaqəsi olan İranın fiziki şəxsləri və qurumlarını hədəf alan çoxsaylı sanksiyaların ən sonuncusudur”, - deyə Dövlət Departamentinin sözçüsü vurğulayıb.

Böyük Britaniyanın sanksiyalarına İranın baş prokurorunun müavini Əhməd Fazelian da daxildir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, Fazelian edam hökmündən siyasi məqsədlər üçün istifadə edən ədalətsiz məhkəmə sisteminə görə məsuliyyət daşıyır: “Edam hökmündən siyasi məqsədlər üçün istifadə edənlərdən tutmuş, küçələrdə etirazçıları döyən quldurlara kimi bu gün sanksiya qoyulanlar rejimin İran xalqına qarşı qəddar repressiyasının mərkəzindədir”.

İranın Xarici İşlər Nazirliyi isə  yeni sanksiyaları qınayıb və adekvat cavab veriləcəyini bildirib: “İran İslam Respublikası yaxında Aİ və İngiltərədə insan hüquqlarını pozanlara qarşı yeni sanksiyalar siyahısını açıqlayacaq”. Bunun ardınca - yanvarın 25-də İran Xarici İşlər Nazirliyi Avropa İttifaqı  və Britaniyadan bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. İran Xarici İşlər Nazirliyi qarşılıqlı addım olaraq, “Avropa İttifaqı və Britaniyanın bir neçə şəxsinə və eləcə də qurumlarına terrorizm və terror qruplaşmalarını dəstəkləmək, terror aktlarını və İran xalqına qarşı zorakılığı təşviq etmək, İranın daxili işlərinə müdaxilə etmək” ittihamı ilə sanksiyalar tətbiq edib.

Bəs İranın tətbiq etdiyi sanksiyanın Aİ ölkələrinə və Böyük Britaniyaya hər hansı təsiri ola bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, İran uzun illərdir sanksiyalar altındadır. ABŞ-ın və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar bu ölkəyə çox ciddi təsir göstərir. Onun sözlərinə görə, rəsmi Tehran həm nüvə proqramı səbəbindən, həm də terroru dəstəklədiyi üçün sanksiyalara məruz qalıb. Bu da ölkə iqtisadiyyatında mənfi təsir göstərib. Sanksiyaların ağır nəticələri səbəbindən dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan İranın iqtisadiyyatı, eləcə də əhalisinin sosial rifahı aşağı səviyyədədir.

Politoloq hesab edir ki, belə bir şəraitdə İranın tətbiq etdiyi sanksiyalar qarşı tərəfə heç bir təsir göstərməyəcək: “Rəsmi Tehran sadəcə olaraq adekvat cavab verməyə çalışır. Ancaq onun tətbiq etdiyi sanksiyaların nə Avropa İttifaqına, nə də Böyük Britaniyaya təsiri olmayacaq. Nəzərə almaq lazımdır ki, tərəflər arasında siyasi və iqtisadi-ticari əlaqələr elə də güclü deyil. İran ağır sanksiyalar altında əzilir. Belə olan halda, rəsmi Tehranın tətbiq etdiyi sanksiyalar əhəmiyyətsizdir”.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30