Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Korrupsioner “ovu”, yoxsa hökumət böhranı?

Korrupsioner “ovu”, yoxsa hökumət böhranı?

26.01.2023 [10:46]

Ukraynada nə baş verir?

Ukraynada irimiqyaslı müharibənin getdiyi çox çətin bir dövrdə ölkə gündəmi yüksək vəzifəli şəxslərin adının hallandığı korrupsiya qalmaqallarından sarsılmış durumdadır. Qalmaqallardan biri hərbçilər üçün tədarük edilən generatorların bazar qiymətlərindən çox baha alınması, digəri isə ordunun ərzaq təchizatının maliyyə xərclərində üzə çıxan korrupsiya faktları ilə bağlıdır. Ölkə ictimaiyyətində təəccüb və təəssüf doğuran əsas məqam isə Rusiyaya qarşı xüsusi dirənişi ilə seçilən, Ukrayna müqavimət hərəkatının görkəmli fiquru və ictimai xadim, ölkənin müdafiə naziri Oleksiy Reznikovun da adının bu çirkin əməllərdə hallandırılmasıdır.

Deputat məmurları hədələdi: Sivil dildə anlamayanları hərbi dillə başa salacağıq!

Bu arada Ukrayna Milli Antikorrupsiya Bürosu mətbuatın üzə çıxardığı hər iki faktı araşdırdığını bəyan edib. Digər tərəfdən, prezident Vladimir Zelenski xalqa videomüraciətində: “Bu həftə ərzində müvafiq qərarlar veriləcək. Onları indidən açıqlamaq istəmirəm, ancaq deyə bilərəm ki, bütün qərarlarımız ədalətli olacaq. Hər bir situasiyanı bütün detalları ilə ətraflı analiz edəcəyik. Energetika və satınalma ilə bağlı çoxlu suallar var. Mərkəzi hökumətlə regionlar arasındakı əlaqələr də təhlil ediləcək. Ordu üçün nələri satın almışıqsa, hamısı diqqətlə yoxlanacaq”, - deyə bildirib.

Ukrayna parlamentində “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya isə korrupsioner məmurları yaxın gələcəkdə həbs cəzasının gözlədiyini deyib. O, rəsmi “Telegram” kanalında dövlət məmurlarına müraciət edib:

“Bir daha xatırladıram ki, fevralın 24-dən etibarən bütün səviyyələrdə olan məmurlara rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə aşağıdakı məzmunda xəbərdarlıq edilib: bütün diqqəti müharibəyə yönəldin, zərərçəkənlərə kömək edin, bürokratiyanı azaldın, şübhəli biznesi dayandırın. Səlahiyyətlilərin əksəriyyəti dediklərimizə həqiqətən əməl eləsə də, təəssüf ki, tapşırıqlara qulaq asmayanlar da var. Ona görə sivil yolla anlamaq istəməyənləri hərb qanunları ilə başa salmalı olacağıq. Bu dediklərim generatorlarla bağlı məsələyə, eləcə də Müdafiə Nazirliyindəki yeni qalmaqallara aiddir”.

Jurnalist araşdırması Ukraynanı qarışdırdı

Əsgərlərin qida rasionunun satınalınmasında şübhəli  məqamları sezən və bu mövzuda özünün araşdırma yazısını dərc edən ukraynalı jurnalist - “Bizim pul” saytının təsisçisi Yuri Nikolov qalmaqalla bağlı müsahibəsində deyib:

“Bu gün hər sahədə çirkli pulların yuyulduğu Rusiyadan fərqli olduğunu göstərmək üçün Ukraynanın unikal imkanları var. Bu, həm də vicdan məsələsidir. Hazırda iqtisadiyyatımızın 60%-nin Avropa Birliyinin yardımından asılı olduğu ağır müharibə şəraitində milyonlarla avro oğurlamaq istəyən şəxslərin qarşısını bütün mümkün üsullarla almalıyıq”. Bundan başqa, araşdırmaçı jurnalist sözügedən məqaləsində əsgər qidasının alınması üçün ödənişlər edilməzdən əvvəl diqqəti şübhəli alqı-satqı müqaviləsinin üzərinə çəkdiyini vurğulayıb. Ukrayna Milli Antikorrupsiya Bürosu isə öz növbəsində jurnalistin məlum təhqiqatı dərc edilməzdən bir qədər əvvəl hərbi təchizat müqaviləsi ilə bağlı araşdırma başlandığını bildirib.

Özünün deməsinə görə, jurnalist Yuri Nikolov on ildən artıqdır dövlət satınalmaları ilə bağlı korrupsiya faktlarını araşdırır. Əksər ukraynalı jurnalistlər kimi o da ölkəsində gedən irimiqyaslı müharibə zamanında xalqın hakimiyyətə olan inamını sarsıtmamaq üçün tənqidi yazılarını dayandırıb.

Maraqlıdır ki, 2022-ci ilin yayından etibarən Nikolovun hökumətdəki mənbələri ona ictimaiyyətdən gizlədilən şübhəli alışlar barədə məlumat ötürməyə başlayıblar. Dekabr ayında isə jurnalistin ordudakı xəbərçiləri ona Müdafiə Nazirliyi rəsmilərinin bir şirkətlə 13 milyard qrivna (326 milyon avro) dəyərində bağladıqları qida və iaşə alqı-satqı müqaviləsini veriblər. Həmin müqaviləyə əsasən, Poltava, Sumı, Kiyev, Jitomir, Çerniqov və Çerkassı vilayətlərində yerləşən Ukrayna hərbi hissələri bazar qiymətlərindən iki-üç dəfə baha qiymətə ərzaq almalı idi.

Müdafiə naziri: Bu, çirkin qarayaxma kampaniyasıdır

Ukraynanın müdafiə naziri Aleksey Reznikov müdafiə üçün ərzaq tədarükü müqaviləsini şəxsən imzalamasa da, jurnalistlər və ekspertlər şübhəli əməliyyata görə bütün məsuliyyətin onun üzərində olduğunu bildirirlər. Reznikov isə məsələ ilə bağlı açıqlamasında bu ittihamları Müdafiə Nazirliyinin “etibarını və nüfuzunu sarsıtmağa yönəlmiş qarayaxma kampaniyası”  adlandırıb. O, açıq şəkildə Nikolovu öz “kəşfləri” ilə manipulyasiyada ittiham edib. Nazir istintaq zamanı parlament üzvləri və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq eləyəcəyinə də söz verib.

Reznikov iddia edir ki, Nikolovun məqaləsindəki bəzi məqamlar, məsələn, yumurtanın qiymətinin şişirdilməsi ilə bağlı məlumatlar yanlışdır. Onun dediyinə görə, müqavilədə yanlış qeyd olunan detal yumurtanın miqdarını ədədlə yox, kiloqramla yazmaq istəyən podratçının “texniki səhvi” ucbatından baş verib. Nazir bundan əvvəlki ərzaq müqavilələrində də yumurtanın həmişə dənə ilə qiymətləndirildiyini bildirib.

Reznikovun iddiasına görə, Müdafiə Nazirliyi ordunun ehtiyacları üçün ərzağın alışında rəqabət mühitinin yaradılmasına nail olub və qurum artıq səkkiz təchizatçı ilə müqavilə bağlayıb. Bu ərzaq və iaşə xidmətlərinin hər biri cəbhə nöqtələrinə yaxın ərazilərdə yerləşdirilərək hərbi hissələrin ərzaq və sosial xidmət ehtiyaclarını qarşılayır: “Hazırda dövlət büdcəsinin təsdiq edilmiş parametrləri çərçivəsində bütün müqavilələr üzrə əlavə daxili yoxlamalar tamamlanır, hərbi hissələr kataloqla saf-çürük edilir, texniki səhvlər aradan qaldırılır, tədarük üçün əlavə müqavilələr hazırlanır”.

Nazir alqı-satqı müqaviləsinin surətini jurnalistə verən vəzifəli şəxsin bu əməli ilə cinayət törətdiyini də xüsusi vurğulayıb. O əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidməti məxfi məlumatların sızdırılması ilə yanaşı, onun arxasında dayanan motivləri də araşdıracaq.

Milyonlarla avro mənimsənilib

Reznikovun nazirliyin mübahisəli müqaviləsini qətiyyətlə müdafiə etdiyi bir məqamda icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinski vəzifəsindən azad olunub. Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosundan bildirilib ki, nazir müavini elektrik avadanlıqlarının şişirdilmiş qiymətə alınması əməliyyatında iştirak etdiyi zaman 400 min dollar rüşvət alarkən həbs olunub.

Ukrayna mediası yazır ki, Nazirlər Kabineti qış aylarında tələb olunan enerji avadanlığının alınması üçün büdcədən 1,68 milyard qrivna (40 milyon avro) ayırıb. Bundan sonra Rusiya Ukraynadakı enerji infrastrukturu obyektlərini kütləvi şəkildə bombardman edib. Korrupsiyaya Qarşı Milli Mübarizə Bürosunun məlumatına görə, satınalmaya cavabdeh olan hökumət rəsmiləri bu sövdələşmədən də faydalanmaq qərarına gəliblər: “Onlar bir qrup vasitəçi ilə qabaqcadan əlbir olub, öncədən müəyyən edilmiş sahibkarlıq subyektləri ilə satınalma müqavilələrinin bağlanmasını təmin ediblər. Müqavilələrin qiyməti (280 milyon qrivna - 7 milyon avro) real bazar dəyərindən artıq göstərilib ki, bu da əlaqədar vəzifəli şəxslərin cibinə gedib”.

Lozinskinin istefasından sonra Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov daha böyük təmizləmə vəd verib: “Tapşırmışam ki, Regionlar Nazirliyinin bütün aktiv layihələri, o cümlədən büdcə vəsaitləri, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri və texniki layihələrə ciddi surətdə yenidən baxılsın”.

Qərbin yardımları və tələbləri

Qeyd edək ki, 2019-cu ildə Zelenski Ukrayna prezidenti seçildiyi zaman dövlət strukturlarında köklü islahatlar aparacağını, xüsusilə korrupsiyaya müharibə elan edəcəyini söyləmişdi. Lakin iki il sonra, yəni, 2021-ci ildə Ukrayna “Transparency İnternational”ın korrupsiya indeksində 180 ölkə arasında 122-ci yerdə qərarlaşmışdı. Beləliklə, zaman göstərdi ki, korrupsiya ilə mübarizə aparmaq gənc prezidentin güman etdiyi qədər də asan məsələ deyilmiş.

Hesablamalara görə, müharibə ilə əlaqədar Ukrayna iqtisadiyyatı keçən il ərzində üçdə bir həcmdə azalıb. Hazırda ölkə Qərbin maliyyə yardımlarından asılı vəziyyətə düşüb. Xarici donorlar, o cümlədən Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi Ukrayna hakimiyyətinə şəffaflığın artırılması və daha yaxşı idarəçilik formalaşdırmaqla bağlı dəfələrlə tələblər irəli sürüb.

İstefalar davam edəcək

Yanvarın 23-də xalqa videomüraciətində Ukrayna prezidenti Volodimir Zelenski ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində hökumət və təhlükəsizlik xidmətlərində kadr dəyişiklikləri edəcəyini açıqlayıb. Zelenski çıxışında vəzifədən qovulası məmurların adlarını açıqlamasa da, artıq ertəsi gün - yanvarın 24-də bir sıra yüksək rütbəli şəxs tutduğu vəzifədən kənarlaşdırıldı. Zelenski videomüraciətində: “Artıq nazirliklərdə və digər mərkəzi dövlət strukturlarında, eləcə də regionlarda və hüquq-mühafizə sistemində müxtəlif səviyyələrdə olan məmurlarla bağlı kadr dəyişikliyi qərarlarımız var, bəzilərinin adları bu gün, bəziləri isə sabah açıqlanacaq”, - deyə elan etmişdi. Beləliklə, bir sıra yüksək vəzifəli şəxslər - Ukrayna Prezidentinin ofis rəhbərinin müavini Kiril Timoşenko, Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov, Valentin Rezniçenko (Dnepropetrovsk), Oleksandr Starux (Zaporojye), Aleksey Kuleba (Kiyev), Dmitri Jivitski (Sumı) və Yaroslav Yanuşeviç (Xerson) kimi ali rütbəli şəxslər hərbi administrasiya rəhbərliyindən kənarlaşdırıldılar.

Son məlumatlara görə, Ukraynanın ərazi və icmaların inkişafı nazirinin müavinləri İvan Luker və Vyaçeslav Neqod, eləcə də ölkənin sosial siyasət nazirinin müavini Vitaliy Muzıçenko da istefaya göndərilənlər siyahısına əlavə olunub. Xatırladaq ki,  Ukrayna Prezidenti Volodimir Zelenski altı ay öncə ölkənin baş prokuroru və təhlükəsizlik xidməti rəisini də vəzifələrindən azad eləmişdi.

Xarici səfərlər qadağan olunur

Parlament komitəsi müharibənin gedişatı zamanı satınalma qaydalarının sərtləşdirilməsinə və bəzi qiymətlərin açıqlanmasına razılıq verib. Zelenski isə hökumət rəsmilərinin xaricə şəxsi səfərlərinin qadağan olunacağını açıqlayıb. Bu addım baş prokurorun müavini Aleksey Simonenkonun dekabr və yanvar aylarında Lvovlu iş adamına məxsus “Mersedes” markalı avtomobillə İspaniyaya tətilə yollanması üzə çıxdıqdan sonra atılıb. Görünür, Ukrayna hökuməti təkcə xarici düşmənlə yox, həm də daxili problemlərlə uzun müddət mübarizə aparmalı olacaq.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30