Rusiya-Ukrayna müharibəsi: Sülh mümkündürmü?
26.01.2023 [10:38]
Mübariz ABDULLAYEV
Təxminən bir il bundan əvvəl başlayan və hələ ki, sonu görünməyən müharibədə həm Ukrayna, həm də Rusiya canlı qüvvə və texnika sarıdan böyük itkilər verirlər. Müharibə hələlik coğrafi baxımdan şimal qonşumuzun ərazisinə keçməsə də, bu ölkə kollektiv Qərbin sərt sanksiyaları ilə üzləşib. Bu səbəbdən də Rusiyanın iqtisadiyyatında ciddi geriləmələr müşahidə edilir. Müxtəlif pozisiyalar üzrə ixracı məhdudlaşdırmaq məcburiyyətində qalan ölkə böyük həcmlərdə gəlirlərini itirir. Faktiki olaraq ərazisinin böyük bir hissəsi döyüş meydanına çevrilən Ukraynada isə vəziyyət daha acınacaqlıdır. Milyonlarla insan ev-eşiyindən didərgin düşüb, iqtisadiyyat dağılıb, ayrı-ayrı yaşayış məntəqələri yerlə-yeksan edilib.
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin əks-sədası daha uzaqlarda eşidilir. Deyə bilərik ki, qlobal miqyasda ölkələrin enerji və ərzaq balansı pozulub. Avropa İttifaqı (Aİ) məkanında, Afrikada, ABŞ-da kəskin enerji böhranı yaşanır, qiymətlər artıq, hətta inkişaf etmiş ölkələrdə belə inflyasiya ikirəqəmli həddə yüksəlib. Daha qorxulusu isə odur ki, müharibənin uzanması və genişləməsi fonunda dünyada qütbləşmə dərinləşib. Hazırda beynəlxalq birlik həm də nüvə təhdidləri ilə hədələnir. Gah bu, gah da digər qütblərə dağa ağır hücum silahlarından istifadə edilməsinə, o cümlədən də nüvə başlıqlarının işə salınmasına çağırışlar eşidirik.
Bir il əvvəl və indi
Bəs müharibənin indiki mərhələsində tərəflər arasında sülhə nail olmaq mümkündürmü? Əlbəttə bir il bundan əvvəl müharibənin başlamasının qarşısını alamaq ötən aylarda baş verən dəhşətlərdən sonra sülhə çağırış etməkdən daha asan idi. Lakin qlobal güc mərkəzləri müharibənin başlamaması üçün qəti addım atmadılar və yaxud bunu istəmədilər. İnsanlıq əleyhinə son addımın atılmaması naminə güc mərkəzləri, onları idarə edən qüvvələr siyasi, iqtisadi və korporativ maraqlarından geri çəkilməli idilər ki, onlar da bunu etmədilər. İtkilərin miqyasının artması fonunda qarşı duran tərəflər arasında düşmənçilik güclənib və sülhün əldə olunması heç də asan görünmür. Bunu Rusiyadan, Ukraynadan, Avropadan, ABŞ-dan, Birləşmiş Millətlər Təşkilatından (BMT) və qlobal araşdırmalar aparan beyin mərkəzlərindən gələn kədərli açıqlamalar və proqnozlar bir daha təsdiqləyir. Açıq deyək, bu gün sülh çağırışları müharibənin miqyasının genişlənməsinin yaratdığı təhdidlərin fonunda daha aşağıdan eşidilir. Bu isə yaxın perspektivdə sülhə nail olunması ilə bağlı zəif ümidləri belə söndürür.
Kollektiv Qərbin müharibə cəbhəsinin genişləndirilməsi planı
Müharibənin əvvəlindən ABŞ başda olmaqla kollektiv Qərb Ukraynanın tərəfində dayanıb. ABŞ və Avropadan Ukraynanın rəqibinə iki istiqamətdən zərbə vurulur. Belə ki, bir tərəfdən, Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edilir. Bu sanksiyaların tətbiqində əsas məqsəd Rusiyanı iqtisadi cəhətdən çökdürmək, gəlirlərini məhdudlaşdırmaq və müharibəni davam etdirmək imkanlarını tükətməkdir. Digər tərəfdən, kollektiv Qərb Ukraynaya maliyyə paketləri ayırır, hərbi-siyasi dəstək verir. İndiyədək Avropa ölkələri bir növ ehtiyatlı davranış nümayiş etdirirdilər və Ukraynaya əsasən müdafiə təyinatlı və yaxud yaxın mənzilli silahlar tədarük edirdilər. İndiki mərhələdə bu, Ukraynanı qane etmir. Ukrayna prezidenti V. Zelenski Qərbdən daha səmərəli manevr imkanlarına malik hücum silahları göndərməyi təkid edir. Belə görünür ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi-maliyyə sanksiyalarının gözlənilən səmərəni vermədiyi qənaətinə gələn Qərb Zelenskinin istəyini təmin etməyə və Ukraynaya hərbi dəstəyi artırmağa qərar verib. Bu günlərdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ramşteyn Hərbi Hava Bazasında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında Ukraynaya hərbi yardımı artırmağa çağırıb. 50-yə yaxın ölkənin, həmçinin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın da iştirak etdiyi görüşə Ukrayna Prezidenti V. Zelenski videokonfrans formatında qoşulub.
İclasda açılış nitqi ilə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd “Biz çox təlatümlü bir zamanda bir araya gəlirik. Amma bu cədvələ baxsanız, Əlaqə Qrupunun qətiyyətini və birliyini görərsiniz. Təxminən 50 ölkə Ukraynaya özünü müdafiə etmək və gələcək təhdidlərin qarşısını almaq üçün işə qoşulub”, - deyə bildirib. ABŞ rəsmisi fikirlərinə davam edərək vurğulayıb: “Biz daha da dərinə getməliyik. İndi dünya və Ukrayna üçün həlledici məqamdır. Ona görə də səhv etməməliyik. Biz sona qədər Ukraynanın özünümüdafiəsini dəstəkləyəcəyik”.
ABŞ müdafiə naziri ölkəsinin Ukraynaya 2,5 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı paketini də elan edib. O vurğulayıb ki, bu yardım Ukraynaya ayrılmış ən böyük təhlükəsizlik yardımlarından biridir. Pentaqon rəhbərinin sözlərinə görə, bununla da ABŞ-ın Kiyevə hərbi yardımlarının həcmi 26,7 milyard dollara çatıb. Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə “NASAMS” HHM sursatları, “Avenger” HHM sistemləri kimi Ukraynanın öz şəhərlərini hava hücumlarından qorumasına yardım edəcək vasitələr daxildir. O əlavə edib ki, paketə Ukraynanın hazırda zəruri ehtiyac duyduğu zirehli texnikalar və döyüş maşınları da daxil edilib. “Beləliklə, biz əlavə 59 “Bredley”, 90 “Striker”, 53 “MRAP” və 350 zirehli “Hummer”, eləcə də əlavə minlərlə artilleriya mərmisi tədarük edirik”, - deyə Ostin bildirib.
Qərbin digər dövlətləri də Ukraynaya hərbi yardımların artırılmasında qərarlıdırlar. Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Pribaltika dövlətləri və digərləri Ukrayna prezidentinin ölkəsinə hərbi yardımın artırılması ilə bağlı çağırışına qoşulublar.
Rusiya və Ukraynadan “qırmızı xətt” bəyanatları
Rusiya və Ukraynadan gələn açıqlamalardan bəlli olur ki, tərəflər sülh danışıqları üçün “qırmızı xətlər” müəyyənləşdiriblər. V.Zelenskinin və Ukraynanın digər rəsmilərinin bəyanatlarından bəlli olur ki, Ukrayna üçün “qırmızı xətt” ölkənin bütün ərazilərinin geri qaytarılmasından ibarətdir. Prezident V.Zelenski son günlərdə ölkəsinin mövqeyini bir neçə dəfə ifadə edib. Analitiklər bildirirlər ki, kollektiv Qərbin Ukraynaya hücum silahları verməklə bağlı vədləri Ukrayna rəsmilərini daha cəsarətli açıqlamalar verməyə ruhlandırıb.
Öz növbəsində kollektiv Qərbin sanksiyaların əhatə dairəsini genişləndirməsi və Ukraynaya hücum silahları ilə dəstək verməsi planını bəyan etməsi fonunda Rusiya rəsmilərindən “geri çəkilməyəcəyik” açıqlamaları gəlməkdədir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitriy Medvedev özünün Teleqram kanalında bəyan edib ki, yeni sülh danışıqları yalnız referendumun nəticələrinin tanınmasından sonra mümkün ola bilər. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukraynanın Rusiyanın nəzarətində olan 4 vilayətində -Donetsk, Luqansk, Xerson və Zaporojyedə referendum keçirilib. Bəhs olunan vilayətlər Ukraynanın ərazisinin 15%-ni təşkil edir. İndiki halda Ukraynanın məlum referendumun nəticələrini tanıyaraq bəhs olunan vilayətləri Rusiya ərazisi kimi qəbul etməsi mümkünsüz görünür. Bu da o anlama gəlir ki, tərəflər hələ sülhdən çox uzaqdırlar.
BMT-nin sülh sammiti nəyi dəyişəcək?
BMT-nin Baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə Ukrayna sülh sammitinin fevralın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilməsi planlaşdırılır. Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Anadolu” agentliyinə müsahibəsində deyib. Ancaq sülh sammitinin hansısa bir nəticələr verəcəyinə ümidlər böyük deyil. Bu qənaəti Bodnarın ölkəsinin “qırmızı xətt”inə istinadən dedikləri də gücləndirir. Sülhə ümid etdiyinə diqqət çəkən Bodnar bunun Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılması və dünyanın Moskvaya hərbi fəaliyyətlərindən əl çəkməsi üçün təzyiq göstərməsi ilə mümkün olacağını vurğulayıb. “Bu, qurtuluş və müstəqillik savaşıdır. Biz torpaqlarımızı azad etməliyik, ərazi bütövlüyümüzü bərpa etməliyik, suveren torpaqlarımızda suveren hüquqlarımızı bərqərar etməliyik. Bu, bütün müharibənin əsas elementidir”, - deyə Bodnar vurğulayıb.
Eyni zamanda, BMT-nin baş katibi Antonio Quterreş də sülh perspektivləri ilə bağlı bədbin proqnozlar ifadə edib. Onun proqnozuna görə, müharibə bitəcək, amma yaxın gələcəkdə yox. Antonio Quterreş bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. Baş katib hələlik iki tərəf arasında ciddi sülh danışıqlarının mümkünlüyünü gözləmədiyini vurğulayıb. “Bu müharibə bitəcək. Hamısı bitir. Amma təəssüf ki, yaxın gələcək üçün bu müharibənin sonunu görmürəm. Hazırda iki tərəf arasında sülh danışıqlarının baş tutması şansını görmürəm”, - deyə BMT rəsmisi vurğulayıb.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
