Heydər Əliyev
yeni azerbaycan logo

9 ay ötdü...

24.11.2022 [10:30]

Hər iki tərəf böyük itkilər verib

Nardar BAYRAMLI

Bu gün Rusiya-Ukrayna münaqişəsinin başlamasının 9 ayı tamam olur. Fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir.

Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə ümumilikdə on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının ötən günə olan  məlumatında bildirilir ki, Rusiya indiyə qədər 85 410 hərbçi, 2 897 ədəd tank, 5 832 ədəd zirehli döyüş maşını, 1887 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 209 hava hücumundan müdafiə sistemi, 278 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4396 ədəd avtomobil texnikası, 1537 ədəd PUA, 480 qanadlı raket, 16 gəmi/qayıq, 161 xüsusi avadanlıq itirib.

Son iki-üç ayda isə Ukrayna ordusu cəbhədə dönüş yarada bilib. Belə ki, bu müddət ərzində bir sıra ərazilər azad edilib. Xarkov vilayətinin böyük hissəsi, Luqansk, Donetsk vilayətlərində də bəzi yaşayış məntəqələri azad olunub. Ukrayna Ordusu daha çox ölkənin cənubunda uğurlu hərbi əməliyyatlar keçirir. Bu yaxınlarda strateji əhəmiyyət kəsb edən Xerson şəhərinin azad edilməsi buna sübutdur. Ötən gün yayılan məlumata görə, Rusiya hərbi birləşmələri Zaparojye vilayətinin bir neçə yaşayış məntəqəsindən geri çəkiliblər. Əvəzində Rusiya ordusu Donbas istiqamətində hücumlarını intensivləşdirib. Lakin ruslar Ukrayna ordusunun ciddi müqaviməti nəticəsində hər hansı uğur əldə edə bilmirlər. İki gün öncə Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin ordusu 1800-ə qədər yaşayış məntəqəsini azad edib. Amma bundan sonra hələ 2 minə yaxın yaşayış məntəqəsi də azad olunmalıdır.  

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən artıq səkkiz sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. Müharibə başlayandan rəsmi Kiyevə 20 milyard dollardan çox yardım edilib. Bunun 13 milyard dolları ABŞ-ın payına düşür. Amma Rusiya da qarşı tərəfin addımlarını cavabsız qoymur və özünün enerji-qaz siyasəti ilə onları çətin duruma salır. Bu siyasətin nəticəsidir ki, bir sıra Avropa ölkələrində enerjinin və digər məhsulların qiyməti durmadan artır. Qış aylarında Avropanın çətin sınaqla üzləşəcəyi gözlənilir.

Rusiya-Ukrayna müharibəsi geosiyasi vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Belə ki, beynəlxalq ekspertlərin, reytinq agentliklərinin vurğuladığı kimi, artıq ərzaq problemi bütün dünya ölkələrinə təsir edir. Ötən dövrdə qlobal ərzaq bazarında taxıla artan tələbatı ödəmək üçün Ukraynanın anbarlarında yığılan böyük ehtiyatların daşınması da müzakirə edilən məsələlər sırasında oldu. Bu prosesdə Türkiyə fəal rol oynayıb. Fevralın 24-də müharibə başlayandan Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə, Ukraynanın Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalmışdı. Qlobal ərzaq böhranının qarşısını almaq üçün Ukrayna taxılının ixracına böyük zərurət yaranmışdı. Uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə taxıl daşınır. İstanbulda taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzi də fəaliyyət göstərir. Bu yaxınlarda Rusiya sazişdə iştirakını dayandırdığını elan etsə də, Türkiyənin səyləri nəticəsində qısa müddət ərzində rəsmi Moskva bu platformada fəaliyyətini bərpa etdi.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Mart ayında Antaliya Diplomatiya Forumu çərçivəsində ilk dəfə olaraq Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü təşkil edildi. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir. Eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb.

Hazırda cəbhədə uğurlar qazana bilməyən Rusiya danışıqların tərəfdarı kimi çıxış edir. Amma Ukrayna danışıqların bərpa olunmasından imtina edir. Rəsmi Kiyev hesab edir ki, Rusiya danışıqlar məsələsini gündəmə gətirməklə vaxt qazanıb yeni hücumlara başlamaq məqsədi güdür. Ukrayna tərəfi danışıqların şərti kimi Rusiyanın işğal etdiyi bütün ərazilərdən geri çəkilməsini tələb edir. 

Bütün bunların fonunda  müharibə hələ də davam edir. Hər gün tərəflər ağır itkilər verir. Bu müharibənin sonu hələ ki, görünmür.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31