Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Ərdoğan-Putin görüşü...

Ərdoğan-Putin görüşü...

15.10.2022 [10:41]

Görüşdə Ukrayna mövzusu müzakirə edilməyib?

N.BAYRAMLI

Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü keçirilib. Görüşdən öncə, Türkiyənin TRT Haber telekanalı məlumat vermişdi ki, Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə Ukraynadakı vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə etməyi planlaşdırıb. Amma görüşdən sonra Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, dövlət başçıları Rusiya ilə Ukrayna arasında davam edən problemin nizamlanması barədə  fikir mübadiləsi aparmayıblar. Görüş haqqında məlumatlarda qeyd olunur ki, Vladimir Putin Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını” boru kəmərini partlatmağa cəhd edilməsindən danışıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında yüksək səviyyəli ünsiyyət yaxşı nəticələr verir. Putin xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustda Soçiyə səfəri zamanı əldə olunmuş bütün razılaşmalar həyata keçirilir.

Rəcəb Tayyib Ərdoğan isə deyib ki, tərəflər Rusiyanın kənd təsərrüfatı məhsullarına ehtiyacı olan ölkələri dəqiqləşdirmək üçün birgə işləyə bilər. “Rusiya məhsullarına ehtiyacı olan ölkələri müəyyən etmək üçün birlikdə işləyə bilərik. Məhsulların dəqiq ehtiyacı olan ölkələrə çatdırılması bizim üçün vacibdir. Türkiyə və Rusiyanın bu birgə addımları bəzi dairələri narahat etsə belə, bu, bizim üçün vacibdir. Bu addım ehtiyacı olan ölkələri sevindirəcək, bizim qətiyyətimiz, həmkarlarımızın bununla bağlı danışıqları çox önəmlidir, əlaqələrimizi gücləndirəcək”, - deyə Türkiyə lideri vurğulayıb.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yalçın Hacızadə əvvəlcə 6-cı Zirvə Toplantısı keçirilən “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”nin önəminə toxunub. O, qeyd edib ki, indiki zamanda ölkələrin təşkilatlar daxilində birləşməsi, mövcud problemlərin birgə müzakirəsi və gələcəyə doğru birgə layihələrin planlaşdırılması əhəmiyyətlidir. Uzun müddətdir dünyada müəyyən qütbləşmə var və bu mənada Avropa və ya Qərb daha çox birləşə, təşkilatlana bilib. Bu da daha çox qitələrarası mübarizəyə gətirib çıxarıb. Amma indi tərəflər birgə əməkdaşlığa meyillidir və görünən odur ki, həm Asiya həm də Avropa inteqrasiya etmədən yaşaya bilməzlər. Avropada bazar olsa da, Asiyada gənc işçi kütləsi, enerji - xammal yataqları və ucuz məhsullar var.

Onun sözlərinə görə, ölkəmiz də coğrafi baxımdan Avropa və Asiyanın birləşdirən dəhlizdə yerləşdiyi üçün enerji, nəqliyyat - kommunikasiya xətlərinin şəxələndirilməsində maraqlıdır. Demək olar ki, Azərbaycan dövlətinin əsas siyasi prioriteti qitələrarası münasibətlərin qurulmasında yerləşdiyi bölgənin verdiyi iqtisadi, nəqliyyat imkanlarından maksimum istifadə etməklə aktiv rol oynamaqdır. “Zirvə Toplantısında dövlət və hökumət başçılarının iştirak etməsi imkan verdi ki, ikitərəfli və çoxtərəfli görüşlər keçirilsin. Hesab edirəm ki, görüşdə Rusiya - Ukrayna münaqişəsi və onun region və dünya ölkələri üçün nəticələri də müzakirə olunan məsələlərdən olub. Bilirik ki, bu məsələ daha çox Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında müzakirə olunur. Elə buna görə də, Ərdoğan müsahibələrinin birində demişdi ki, Ukrayna məsələsini həm Putinlə, həm də Zelenski ilə müzakirə edə bilən dünyada tək liderdir. Düzdür, Kremlin sözçüsü Peskov “Astanada Ərdoğan və Putin Ukrayna məsələsini müzakirə etməyib” desə də, mən əminəm ki, görüşdə iki lider digər məsələlərlə yanaşı Ukrayna məsələsini də müzakirə ediblər. Yəni, Astanada Ərdoğan “Ukraynada qan dayanmalıdır” deyirsə, əlbəttə ki, bununla bağlı Putinlə də danışıb”, - deyə həmsöhbətimiz qeyd edib.

Politoloq  İlqar Vəlizadə də hesab edir ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdə Ukrayna mövzusunun müzakirə olunmaması inandırıcı deyil. Onun sözlərinə görə, görüşdə  ən azı taxıl ixracı məsələsi müzakirə edilibsə, istər-istəməz Ukrayna mövzusu gündəmə gəlməlidir: “Yəqin ki, Ərdoğanla Putin Ukrayna mövzusundakı müzakirələrdə razılıq əldə etməyiblər. Bu səbəbdən də mətbuata belə bir açıqlama verilib”.

Münaqişənin getdikcə daha da şiddətləndiyini deyən İ.Vəlizadənin fikrincə, indi dünyanı düşündürən əsas sual bu problemi kimin dayandıra bilməsidir.  Politoloq qeyd edib ki, münaqişənin sona çatmasına birmənalı olaraq yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nail ola bilər: “Baş vermiş real hadisələr buna sübutdur. Bu məsələdə Türkiyə Prezidentinin alternativi yoxdur. Taxılla bağlı razılaşma, girov götürülmüş şəxslərin, mühasirəyə düşmüş hərbçilərin qaytarılması, humanitar dəhlizlərin açılması və müxtəlif səviyyəli görüşlərin keçirilib konkret nəticələrin əldə edilməsi ondan xəbər verir ki, Türkiyənin potensialı çox yüksəkdir. Yeri gəlmişkən, BMT də bunu təsdiqləyir. Tərəflər arasında danışıqlarda Ərdoğan üstün mövqe tutur. Həm Rusiya, həm də Ukrayna Türkiyəyə etimad göstərir”.

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30