Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Venesuelada seçkilər: görünən və görünməyən tərəflər

Venesuelada seçkilər: görünən və görünməyən tərəflər

02.08.2024 [10:50]

Xəbər verildiyi kimi, iyulun 28-də Venesuelada növbəti prezident seçkiləri baş tutub və artıq nəticələr elan olunub. Bununla belə, seçkilərlə bağlı ajiotaj hələ də səngiməyib. Seçkilərdən sonra ölkə daxilində ciddi gərginlik yaşanır. Eyni zamanda, xarici dövlətlərdən və ayrı-ayrı beynəlxalq təşkilatlardan Venesuelada keçirilən seçkilərlə bağlı fərqli rəylər gəlir.

Gərgin keçən seçki marafonu

Deyə bilərik ki, bu gün Venesuelada müşahidə edilən gərginlik əslində bütün seçki marafonu ərzində izlənilib. Prezident seçkilərində dövlət başçısı postu uğrunda 10 siyasətçi mübarizə aparıb. Venesuelanın hakim Vahid Sosialist Partiyası hazırkı prezident Nikolas Maduronun namizədliyini irəli sürüb. O, iqtidar partiyası da daxil olmaqla bir sıra siyasi təşkilatlar və hərəkatları əhatə edən “Simon Bolivar adına böyük demokratik qütb” tərəfindən dəstəklənib. Milli Seçki Şurası Maduronu bu birliyin namizədi kimi qeydiyyata alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti liberal müxalifəti təmsil edib. Maduronun əsas rəqibi “Unitar platform” koalisiyasına daxil olan ifrat sağçı partiyaların namizədi Edmundo Qonzales olub.

Ölkənin Mərkəz Seçki Komissiyası fəaliyyətdə olan Prezident Nikolas Maduronun üçüncü müddətə bu vəzifəyə seçildiyini elan edib. Məlumata görə, o, 51,2 faiz, müxalifətin nümayəndəsi Edmundo Qonzales isə 44,2 faiz səs toplayıb. Beləliklə, Nikolas Maduro üçüncü dəfə dövlət başçısı postunu tutmaq hüququ qazanıb. Qeyd edək ki, Uqo Çavesin hakimiyyəti dövründə vitse-prezident olmuş Nikolas Maduro ilk dəfə 2013-cü ildə prezident seçilib. O həmçinin 2018-ci il prezident seçkilərinin qalibi olub.

Komissiyanın sədri Elvis Amoroso nəticələrin dəyişməyəcəyini vurğulayaraq səsvermədə seçicilərin 59 faizinin iştirak etdiyini deyib. Öz növbəsində Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, onlar dünyanın ən güclü seçki sisteminə malikdirlər. O, bu barədə ölkədə keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərlə görüşü zamanı deyib. Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkiləri izləmək üçün ölkəyə  900-dən çox beynəlxalq müşahidəçi gəlib.

Müxalifət seçkilərin nəticələri ilə hesablaşmır

Lakin ölkədəki müxalifət qüvvələrinin təmsilçiləri Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrlə hesablaşmır və Maduronu qanuni prezident kimi tanımadıqlarını bildirirlər. “Vente Venezuela” (“İrəli Venesuela”) hərəkatının lideri Mariya Korina Maçado Maduronun rəqibi Edmundo Qonzalesin səslərin 73,4 faizini aldığını və qələbə qazandığını açıqlayıb. Onun sözlərinə görə, çoxsaylı seçkiqabağı sorğuların və səslərin nəticələri Qonzalesin qalib gəldiyini təsdiqləyir. Maçado onu da əlavə edib ki, seçicilərin 2,7 milyonu Maduroya, 6,2 milyonu isə Qonzalesə səs verib. “Ölkədəki hazırkı Prezident Nikolas Maduronun qələbəsi ilə razılaşmayan siyasi qüvvələrin seçkilərdə saxtakarlığa dair sübutları var”. - deyə Maçado vurğulayıb.

Beləliklə, seçkilərdən sonra Venesuelada etirazlar başlayıb. Bu barədə Venesuela mətbuatı məlumat yayıb. Məlumata görə, toqquşmalar təkcə paytaxt Karakasda deyil, La-Quayra ştatında da qeydə alınıb.

Etirazçılar Karakasın mərkəzi meydanında keçmiş prezident Uqo Çavesin heykəlini yandırıblar. Küçələrdə barrikadalar qurulub, zibil qutuları və şinlər yandırılıb. Toqquşmalar zamanı xeyli sayda etirazçı və polis yaralanıb, iki azyaşlı da daxil olmaqla 10-dan çox ölən var.

Seçkilərin elan olunan nəticələrinə etiraz əlaməti olaraq iğtişaş törədənlərdən təxminən 750 nəfər saxlanılıb. Bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması kimi hüquqpozmalar da var. Bundan əvvəl Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopez asayişin qorunmasında iştirak edən silahlı qüvvələrin 20-dən çox əməkdaşının yaralandığını bildirmişdi.

Diplomatik qalmaqal

Venesuelada baş tutan seçkilər həmçinin bu ölkə ilə bəzi xarici dövlətlər arasında diplomatik qalmaqal yaradıb. Məlumatlara görə, Latın Amerikası ölkələri Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador, habelə ABŞ və Avropa İttifaqı Maduronun qələbəsini elan edən seçkinin nəticələrini tanımayıb. ABŞ-?n dövlət katibi Antoni Blinken Venesuelada keçirilən prezident seçkiləri ilə bağlı “ciddi narahatlıq və problemlər”in olduğunu bildirib. “Elan edilmiş nəticələrin Venesuela xalqının iradəsini və səslərini əks etdirməməsi ilə bağlı ciddi narahatlığımız var”, - deyə ABŞ-ın rəsmisi vurğulayıb.

O bir müddət əvvəl Venesuela hakimiyyətini səsləri “ədalətli və şəffaf” hesablamağa çağırıb. Dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət ölkədəki hadisələri çox yaxından izləyir və buna uyğun cavab veriləcək.

Ancaq Venesuelada baş tutan seçkilərin nəticələrinə xarici etirazları fərqli baxış bucaqlarından dəyərləndirmək mümkündür. Burada söhbət heç də bəzi dövlətlərin, o cümlədən də ABŞ-ın, Avropa İttifaqının demokratiyanın təəssübünü çəkməsindən getmir. Xarici güclərin müxalifətə siyasi dəstək verməsini şərtləndirən amillər sırasında heç şübhəsiz ki, Venesuela hakimiyyəti tərəfindən Qərb dəyərlərinin ölkəyə nüfuz etməsinin qarşısını alması əsas səbəblərdən biri kimi göstərilə bilər. Dünyada geosiyasi maraqların toqquşması Venesuelada da izlənilir. Qeyd edək ki, Maduro və komandası sosialist düşərgəsinin təmsil edirlər. Onlar Qərb dəyərlərinə, ABŞ-a və müttəfiqlərinə qarşıdırlar. Uqo Çaves hakimiyyətə gəldikdən sonra əcnəbilərin ölkədəki əmlakını milliləşdirib. Bu prosesi Maduro da davam etdirib. Bu isə təbii ki, bəlli mərkəzlərdə qəbul olunmur və zaman-zaman Venesuelaya da “rəngli inqilablar” dalğası ilə hücum çəkilir. Seçkilər fonunda xaricdən ölkəyə basqıların artması da bu prosesin tərkib hissəsi kimi dəyərləndirilə bilər. “İfrat sağçı müxalifət ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişi cəhdi həyata keçirməyə çalışır”. Bu barədə Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopes bildirib. “Biz imperialist qüvvələr - Şimali Amerika imperializmi və onun müttəfiqləri tərəfindən dəstəklənən sağçı ekstremistlər tərəfindən yenidən dövlət çevrilişinə cəhd olduğunu görürük”, - deyə nazir vurğulayıb.

Onu da xatırladaq ki, Venesuela Qərbdən gələn sanksiyalara məruz qalan ölkələr sırasında yer alır. Bütün təzyiqlərə baxmayaraq, hələlik Maduroya və komandasına hücumları dəf etmək müyəssər olur. Blinkenin açıqlaması yeni sanksiya hədəsi sayıla bilərmi? Bunu zaman göstərəcək.

Yeni dönəmdə Venesuelada nə dəyişəcək?

Venesuelanı dünyanın güc mərkəzlərinin diqqət mərkəzinə gətirən ilk növbədə bu ölkənin zəngin ehtiyatlarıdır.  Dünya üzrə ən böyük neft ehtiyatları məhz bu ölkədə cəmləşib. Eyni zamanda, qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada səkkizinci, Latın Amerikasında birinci yerdə gəlir. Lakin zəngin təbii sərvətlərin ölkəyə var-dövlət və xoşbəxtlik gətirdiyini düşünmək sadəlövhlük olardı. Milli iqtisadiyyat heç də yaxşı dövrünü yaşamır. Latın Amerikasının neft hasil edən ölkəsi hiperinflyasiyaya yuvarlanıb. Verilən məlumatlara görə Venesuelada hiperinflyasiya 130 min faiz ətrafında dəyişir.  Gündəlik tələbat mallarının qıtlığı yaranıb.

Belə vəziyyətdə növbəti mərhələ ərzində ölkənin iqtisadi siyasətində korrektələrin edilməsi, strateji hədəflərin düzgün müəyyənləşdirilməsi zəruridir. Hazırda ölkədə qaz əsas problem olaraq qalır. Venesuelanın təqribən 200 milyard kub metr kəşf edilmiş qaz ehtiyatı hələ də istifadəyə cəlb  olunmayıb ki, bu da son dərəcə böyük itkidir. İstehsalın dirçəldilməsi qonşu ölkələrdə yaranan çatışmazlığı yumşalda və həmçinin Venesuelaya çox lazım olan sabit valyutada gəlirlər gətirə bilər.  Yeni hakimiyyət OPEC üzvü olan ölkənin qaz sənayesinə investisiyaların təmin edilməsi kimi çətin vəzifənin öhdəsindən gəlməlidir.

Digər bir mühüm vəzifə geosiyasətdə dəyişikliklər edilməsidir. “Venesuela BRİKS-ə qoşulmaq ərəfəsindədir və bloku öz enerji və mineral ehtiyatları ilə təmin edəcək”. Bunu respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqes Karakasda keçirilən beynəlxalq iqtisadi seminarda “Venezolana de Television” telekanalının efirində çıxışı zamanı deyib.

“Yeni dünyada Venesuela öz resursları ilə BRİKS blokuna qoşulmaq ərəfəsindədir”, - Rodriqes deyib. O, dünyanın ən böyük enerji ehtiyatlarının Venesuelada olduğunu vurğulayıb. Vitse-prezident qeyd edib ki, gündə 3 milyon barel neft hasil edilməklə, ölkənin ehtiyatları təxminən üç əsr davam edəcək və dünyanın dördüncü ən böyük təbii qaz yataqları sertifikatlaşdırma mərhələsindədir.

Bundan əlavə, ölkədə dəmir filizi, kömür, qızıl və almaz yataqları var. “Bu, yeni beynəlxalq nizamın qurulmasının dönməz saatı gəldi və biz Venesuelanın yeni geosiyasətə necə uyğunlaşacağını görmək istəyirik”, - deyə Rodriqes əlavə edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30