Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran dronları regionda nəyi dəyişə bilər?

İran dronları regionda nəyi dəyişə bilər?

30.11.2022 [10:29]

Nicat DİLQƏMLİ

Dünyada cərəyan edən geosiyasi proseslərin gedişatı sürətlə dəyişir. İqtisadi, siyasi və bir sıra digər məsələlər nə qədər önəmlidirsə, hazırda bu və ya digər ölkənin silah arsenalının həcmi demək olar ki, ilk sırada dayanır. Başqa sözlə, “güclüsənsə, qalibsən” prinsipi uzun illər ərzində formalaşmış dünya düzənini əhəmiyyətli dərəcədə dəyişdirib. Məqsəd isə daha çox uğura minimal itki ilə nail olmaqdır. Bütün bunlar silah istehsalının təkmilləşdirilməsini, modernləşdirilməsini ön plana çıxarır. Pilotsuz uçuş aparatları (PUA) günümüzdə ən populyar hərbi hava vasitələrindən birinə çevrilib. Artıq bir neçə ildir ki, dünya ölkələri PUA istehsalında bir-biri ilə rəqabətdədirlər. 44 günlük Vətən müharibəsindəki döyüş əməliyyatlarında PUA-lar ordumuz tərəfindən uğurla istifadə olundu. Heç şübhəsiz, qələbəni Azərbaycan əsgəri qazandı. Amma etiraf edilməlidir ki, dəqiq idarəçilik sistemi, döyüş əməliyyatlarının yüksək peşəkarlıqla aparılması ilə bərabər, müasir silahlardan istifadə də hərbçilərin işini xeyli dərəcədə asanlaşdırdı.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində də PUA-lardan geniş şəkildə istifadə olunur. Əldə olunan nəticələr bu döyüş texnikasının satışı məsələsini daha da aktuallaşdırır. Cari ildə PUA-ların satışında ilk sıralarda qərarlaşan ölkələrdən biri də İrandır. Xarici mətbuatın məlumatına görə, Tehran təkcə bu il Rusiyaya 100-dən çox “Şahid-136” pilotsuz təyyarəsinin satışını gerçəkləşdirib. İran istehsalı olan PUA-ların əldə edilməsində maraqlı olan ölkələrdən biri də Ermənistandır. İran rəsmilərinin mətbuata verdikləri açıqlamalarda qeyd olunur ki, 22 ölkə PUA-aların alışında böyük maraq göstərir. Siyahıda Ermənistanın olduğu da diqqətə çatdırılır. Qeyd edək ki, “Şahid-136”-ların minimal dəyəri 20 min ABŞ dolları ətrafındadır. İran istehsalı olan bu PUA-lar 2500 km-ə qədər uzaqlığa atəş aça bilirlər. Maksimum 4 km hündürlüyə qalxa bilən “Şahid-136”-nın ümumi uzunluğu 3.5 m, ümumi çəkisi isə 200 kq-dır. Müqayisə üçün xatırladaq ki, Türkiyə istehsalı olan “Bayraktar” aparatlarının ümumi uzunluğu 6.5 metrdir. Üstəlik, Türkiyə istehsalı olan bu PUA-lar 12 km hündürlükdə 24 saat ərzində uçmaq xüsusiyyətinə malikdirlər.

“Forbes” nəşrində dərc olunan məqalədə də bu barədə bəzi mətləblərə toxunulub. Xarici ekspertlər eyniadlı nəşrə müsahibələrində Ermənistanın İran pilotsuz təyyarələrini almasının onun müdafiəsini gücləndirə biləcəyi qənaətində olduqlarını bildiriblər: ““Şahid” pilotsuz təyyarələrinin yüzlərlə kilometr uzaqlıqdakı hədəfləri vura biləcəyini nəzərə alsaq, onların potensial maneə yaratması realdır”.

Məqalədə bu dronlardan istifadənin region üçün yeni reallıqlar yaradacağı da qeyd olunur.

Deyilənlər nə dərəcə reallığa uyğundur? Ümumiyyətlə, İran dronlarını Ermənistana niyə satır? İran PUA-ların Ermənistana satışı regionda yeni müharibənin başlanılmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bu silahların bir o qədər də keyfiyyətli olmadığını qeyd edib: “Ümumiyyətlə, PUA-lar tək İranda istehsal edilmir. Məhz İran istehsalı olan PUA-lar vaxtilə Amerikan pilotsuz aqreqatlar vurulanda onun əsasında yaradılıb. Bu aparatlar son vaxtlar Rusiyaya satıldı, indi Ermənistana verirlər. Haqqında danışdığımız silahlar o qədər də yüksək keyfiyyətlərə sahib deyil. Əgər bunun əksi olsa idi, İsraillə, Fələstinlə olan məsələlərdə mütləq şəkildə ciddi fəsadlar verə bilən silah kimi yadda qalardı. Düşünürəm ki, onun qarşısını almaq mümkündür”.

A.Nağıyev həm İsrailin hava hücumundan müdafiə qüvvələrinin, həm də Azərbaycanın istifadə etdiyi bütün hərbi avadanlıqların yüksək səviyyədə təchiz olunduğunu da diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsində də biz şahid olduq ki, Ermənistan bizim enerji kommunikasiyalarımıza zərbə vurmaq istədi, amma bu, baş tutmadı. Bundan başqa, məlumdur ki, Türkiyə Rusiyaya öz hərbi vasitələrini satmaqdan imtina edib, onlar da məcbur qalıb İrandan aldılar”.

“Düşünmürəm ki, Azərbaycanın onlardan çəkinəcək bir yeri var. Çünki bu gün hava hücumundan müdafiə sistemimiz daha güclüdür. Həm öz istehsalımız var, həm də lisenziya ilə istehsal mövcuddur. Eyni zamanda, bizim İsrail, Türkiyə və digər bu sistemin güclü olduğu ölkələrlə müqavilələrimiz var”, - deyə A.Nağıyev fikirlərinə yekun vurub.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov qəzetimizə açıqlamasında PUA-larla bağlı bəzi məlumatları paylaşıb. Onun sözlərinə görə, hazırda 30-dan çox ölkə PUA-ların istehsalı ilə məşğuldur. Ekspert onu da qeyd edib ki, proseslərə nəzər yetirdikdə İranın Ermənistana PUA satması təəccüb doğurmamalıdır: “Bilirik ki, son zamanlar Ermənistanı silahlandırmaq istəyən qüvvələr var. Bunlardan ən yaxını və real olanı məhz İrandır. İranın Türk dünyasına olan münasibətini nəzərə aldıqda onların Ermənistana hansısa silahlarını satması təəccüblü görünmür”.

O, İran istehsalı olan PUA-ların bir o qədər də keyfiyyətli olmadığını diqqətə çatdırıb: “Bu gün birinci yerdə ABŞ gəlir. Sonra İsrail, Çin, Türkiyə və digər ölkələr siyahıda yer alır. Hazırda ən çox havada qala bilmək xüsusiyyətinə malik olan PUA təxminən 36 saat avtonom şəkildə fəaliyyət göstərə bilir. Əlbəttə, biz Ukraynada İran PUA-larının tətbiqini gördük. Bu aparatlar bir o qədər də effektiv sayılmır. Çünki hava hücumundan müdafiə sistemləri tez bir şəkildə onları aşkar edərək məhv edir. Digər tərəfdən, radioelektron mübarizə cihazları ilə həmin uçan aparatların sisteminə müdaxilə etmək mümkündür. Ancaq bütün bunlara baxmayaraq, İran bu istiqamətdə işləyir və mən deyərdim ki, onların istehsal etdiyi uçuş aparatlarına orta qiymət vermək olar. 30 ölkə arasında 20-22-ci yerdə qərarlaşıb”.

Ş.Ramaldanov hesab edir ki, İran istehsalı olan PUA-ların Ermənistana satılmasında başqa məqsədlər də var: “Düşünürəm ki, İran PUA-larının Ermənistana satışı digər məqsəd??? də daşıya bilər. Hesab edirəm ki, KTMT-nin üzvü olan Ermənistan ola bilsin ki, İrandan uçuş aparatlarını alaraq Rusiyaya ötürür. Ermənistanın hərbi büdcəsi kütləvi şəkildə PUA-lar almağa imkan vermir. Ermənistan İrandan alsa da, bu, çox sayda olmayacaq”.

Ölkəmizdə PUA istehsalından söz açan ekspert Azərbaycanda 23 növdən çox PUA istehsal edildiyini qeyd edib: “Azərbaycanın hava hücumundan müdafiə sistemi bunun qarşısını almağa qadirdir. Digər bir tərəfdən, istər yüngül, istər orta, istərsə də ağır uçuş aparatlarının radio idarəetməsini itirmək, onlara təsir edərək ələ keçirmək üçün cihazlarımız var. Azərbaycan hazırkı vəziyyəti nəzərdən keçirir, İran və Rusiyanın uçuş aparatları ilə bağlı tədbirlər görülür. Azərbaycan müdafiə sənayesində də PUA-lara böyük yer ayrılır. Bizim həm İsrail, həm Türkiyə, həm də Pakistanla bu istiqamətdə birgə layihələrimiz var. Hər bir halda Azərbaycanın bütün istiqamətlərdə potensialı Ermənistanınkından qat-qat yüksəkdir. Əgər Ermənistan PUA-lar alırsa, Azərbaycan onları istehsal edir. İstehsal edən tərəf həmişə üstün sayılır. Bu gün ölkəmizdə bütün təyinatlı PUA-lar istehsal olunur. Bu mövzuda Azərbaycanla Ermənistanı müqayisə etmək düzgün olmazdı”.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31