Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31.07.2021 [09:07]

Prezident İlham Əliyev: Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır

Azərbaycan əmək ehtiyatları ilə zəngin olan bir ölkədir. Bu, respublikamızın böyük üstünlüyü olmaqla yanaşı, həm də qarşıya bir sıra çağırışlar qoyur. Həmin çağırışlardan biri də əmək bazarının adekvat şəkildə tənzimlənməsi ilə əlaqədardır. Bu sahədə Azərbaycanın strateji hədəfi ondan ibarətdir ki, ölkədə yeni iş yerlərinin yaradılması davamlı prosesə çevrilməlidir. Bu strateji xəttə uyğun olaraq respublikamızda yeni iş yerlərinin yaradılmasına və mövcud olanların qorunmasına xüsusi diqqət yetirilir.

Ölkəmizdə əmək bazarı daxili imkanlar nəzərə alınmaqla tənzimlənir. Bu baxımdan, iqtisadi potensialının kifayət qədər böyük olması respublikamızın böyük üstünlüyüdür. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan məhz özünün geniş imkanlarından istifadə etməklə daxili əmək bazarında əhalinin müvafiq kateqoriyalarının mənafeyi nəzərə alınmaqla səmərəli tənzimləmə tədbirləri həyata keçirir.

Özünüməşğulluq proqramı ölkə üzrə əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanlarını artırıb

Azərbaycanda əmək bazarının effektiv şəkildə tənzimlənməsindən söhbət açarkən bu məqsədlə bir-birini tamamlayan iki istiqamətdə - hüquqi və praktiki müstəvilərdə görülən tədbirlərin önəmini xüsusi qeyd edə bilərik. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların əmək bazarına inteqrasiyasına möhkəm hüquqi əsaslar yaradır. Məlum olduğu kimi, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiqlənib. Yeni şəraitdə həyata keçirilən islahatlar çərçivəsində Prezident İlham Əliyev 13 fevral 2020-ci il tarixində “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə 5 mühüm istiqamət üzrə zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsini hədəfləyən əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinə başlanılıb. Ölkəmizdə əmək bazarının səmərəli şəkildə tənzimlənməsi baxımından Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı əsasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs qismində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması da mühüm əhəmiyyət daşıyır. Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir.

Ölkədə əhalinin əmək bazarına inteqrasiyasının təmin olunması üçün praktiki müstəvidə görülən tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Son illərdə respublikamızın sənaye xəritəsi yeni müəssisələr hesabına daha da zənginləşib. Regionlarda kənd təsərrüfatı yeni yanaşmalar əsasında inkişaf etdirilir. Aqrar sektorda pambıqçılıq, baramaçılıq, tütünçülük kimi gəlir imkanları geniş, əmək tutumu böyük olan sahələrin davamlı inkişafı üçün önəmli addımlar atılır. Bütün bunlar, öz növbəsində, respublikamızda əmək bazarının genişlənməsinə müsbət təsir göstərib. Azərbaycan hökuməti, həmçinin koronavirus pandemiyası dövründə iş yerlərinin qorunmasına həssas yanaşma sərgiləyib. Qeyd edək ki, 2020-ci ildə respublikamızda kifayət qədər geniş əhatə dairəsinə malik məşğulluğa dəstək proqramı reallaşdırılıb. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.

Azərbaycanda əmək bazarının tənzimlənməsi istiqamətində işlər 2021-ci ilin əvvəlindən də eyni intensivliklə davam etdirilir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Respublikamızda insanların əmək bazarına inteqrasiyasının genişləndirilməsi üçün daim yeni imkanlar yaradılır. Məsələn, ölkəmizdə əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması məqsədilə özünüməşğulluq proqramı reallaşdırılır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən icrasına başlanılan səmərəli özünüməşğulluq proqramına  bütün respublika miqyasında insanlar böyük maraq göstərirlər. Proqramın uğurla icra edilməsinin məntiqi nəticəsi olaraq əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanları əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paketi təqdim edilir. 2021-ci ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə qeydiyyata alınır və müvafiq qiymətləndirmə əsasında növbəlilik prinsipi əsasında aktivlərlə təmin olunurlar. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündəki çıxışında respublikamızda özünüməşğulluq proqramının uğurla həyata keçirildiyini diqqətə çatdırıb. “Son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Şəhid ailələrinin üzvləri, qazilər özünüməşğulluq proqramının fəal iştirakçılarıdır

Sosial dövlət olan Azərbaycanda əhalinin digər kateqoriyaları kimi, şəhid ailələrinin və müharibə əlillərinin də sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına hesablanan davamlı tədbirlər həyata keçirilir. Ölkəmizdə postmüharibə dövründə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir.

Respublikamızda, həmçinin şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğunun təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Əlamətdar haldır ki, bu məsələdə dövlət qurumları ilə yanaşı, cəmiyyət də yüksək fəallıq göstərir. Şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nun bütün respublikada böyük əks-səda doğurması bunu əyani şəkildə təsdiqləyir. Qısa müddətdə marafona qoşulan işəgötürənlərin sayı 300-ü ötüb. Onlar marafonda 1400-dək vakansiya təqdim ediblər. “Məşğulluq marafonu”nu yenilik kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verib, bu da təbiidir. Çünki özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər”.

Şəhid ailələrinin və qazilərin özünüməşğulluq proqramına qoşulmalarına da hər cür imkan yaradılır. Hazırda müvafiq kateqoriyadan olan insanlar özünüməşğulluq proqramının aktiv iştirakçılarıdır. Prezident İlham Əliyev bildirib ki, özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.

Elə bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup Vətən müharibəsi qazisi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Qazilər Cavid Hüseynov avtoçilingər xidmətləri, Ələsgər Salmanov kiçik foto-atelye, Nəriman Qəribov avtomobil şinlərinin təmiri zərfi üzrə avadanlıqlarla təmin edilib. Aktivlər nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlıq çərçivəsində verilib.

Onu da qeyd etmək yerinə düşər ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası daha da genişləndirilib. Belə ki, bu siyahıya bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31