Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Xalqımız 15 iyulda demokratiyaya sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi”

“Xalqımız 15 iyulda demokratiyaya sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi”

15.07.2021 [09:15]

Cahit Bağçı: Beş il öncə guya Türkiyəni təmsil edirmiş kimi kamuflyaj olan FETÖ bu gün dünyada Türkiyəyə qarşı olan bütün təşkilatlarla birgə hərəkət edir
Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhd göstərməsindən beş il keçir. Düz 5 il əvvəl, 2016-cı il iyulun 15-də baş verənlər Türkiyə ilə yanaşı, bütün Türk dünyasında narahatlıq və həyəcanla qarşılandı. İllərboyu addım-addım dövlətin içində özünə yuva quran bu terror təşkilatı həmin gecə Türkiyədə qanuni hakimiyyəti devirmək üçün silaha əl atdı, qan tökdü. Amma xainlər və onların xaricdəki ağaları istəklərinə nail ola bilmədilər. 2016-cı il 15 iyul gecəsində 251 şəhid verən Türkiyə xalqı İstiqlal savaşından sonra növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir. Elə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə müsahibəmizdə də 15 iyul hadisələri ilə bağlı suallara cavab aldıq.

 

Prezidentin çağırışına səs verən xalq öz dövlətinə sahib çıxdı

 

- Cənab səfir, sizinlə 15 iyul dövlət çevrilişinə cəhdin beşinci ildönümü ərəfəsində görüşürük. Ümumiyyətlə, 15 iyul hadisələrini necə xarakterizə edə bilərsiniz?
- Təşəkkür edirəm. Sualınıza cavab olaraq öncə qeyd edim ki, Türkiyədə 2016-cı ilə qədər dəfələrlə dövlət çevrilişi, yaxud hökumətlərin zorla istefaya göndərilməsi halları baş vermişdi. Amma Türkiyəyə böyük acılar yaşadan bu çevrilişlər, adətən, ya yuxarıdan aşağıya, yəni əmir komuta zənciri içərisində, yaxud da xuntaçı bir qurumun üsyanı nəticəsində reallaşmışdı. İlk hərbi çevriliş 1960-cı ildə oldu. Bundan sonra, 1972, 1974, 1980, 1997 və 2007-ci illərdə çevriliş, yaxud muxturalar gerçəkləşdi. Bütün bu çevrilişlərin ssenarisi eyni idi. Hamısında ordunun dövlətin həyata keçirdiyi siyasətdən narahat olduğu dilə gətirildi və hərbçilər hökumətə qarşı çıxdı. Hərbçilər hər dəfə Cümhuriyyəti qoruduqlarını iddia etdilər. 15 iyul dövlət çevrilişinə cəhd isə tamamilə fərqli çərçivədə baş verdi. 15 iyul dövlətin içində yuvalanmış (biz ona “paralel dövlət” deyirik - C.B), dövlətin bütün qurumlarına sızmış, məqsədləri, məramları nə olduğu bilinməyən kripto bir terror təşkilatının dövləti ələ keçirmə layihəsinin reallaşmasına cəhd idi. Lakin bu terroçular, xainlər öz istəklərinə nail ola bilmədilər. Çünki Prezidentin çağırışına səs verən xalq öz dövlətinə, qanuni hakimiyyətinə sahib çıxdı. Yəni, həmin gecə terrorçular Türkiyə Cümhuriyyətini qorumaq üçün ayağa qalxan, Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı ilə qarşılaşdılar. Tankın üzərinə belə qorxmadan, əliyalın yürüyən xalqımız terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin gecə xalqımız, dövlətimiz 251 şəhid verdi. O müdhiş gecədə qəhrəmanlıq göstərən 2193 qazimiz, yaralımız var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik. Beləliklə, sualınıza qayıdaraq demək istəyirəm ki, 15 iyul Türkiyə xalqının yenidən özünü təsdiqi idi. Həmin gecə bütün dünya bir daha əmin oldu ki, söz Vətəndən, bayraqdan gedəndə millət Qarabağda olduğu kimi, gərəyini edir. Bu gün, o müdhiş hadisədən beş il sonra olanları təhlil edərkən bir reallığı da görürük. Bu da FETÖ-nün gerçək üzünün, gerçək niyyətinin artıq ortaya çıxmasıdır. Yəni beş il öncə guya Türkiyəni təmsil edirmiş kimi kamuflyaj olan FETÖ bu gün dünyada Türkiyəyə qarşı olan bütün təşkilatlarla birgə hərəkət edir.

 

Onlar FETÖ-nün itaət sistemi ilə idarə olunurdular

 

- Cənab səfir, bu, bir acı reallıqdır ki, həmin gecə dövləti qoruyanlar kimi, çevrilişə cəhd edənlər də Türkiyə vətəndaşları idi. Yəni bu kimi hadisələrin bir də olmaması üçün hazırda bu istiqamətdə işlər gedirmi?
- Çox doğru bir məqama toxundunuz. Bəli, həmin gecə dövlətə qarşı çıxanlar məhz dövlətin qurumlarına sızmış, dövlətin çörəyini yeyən, suyunu içənlər idi. Amma nə yazıq ki, onlar dövlətə xidmət etmirdilər. Xidmət etdikləri, belə deyək, itaət etdikləri başqa məkanlar, başqa qüvvələr idi. Çünki onlar FETÖ-nün itaət sistemi ilə idarə olunurdular. Baxırdın ki, kiçikrütbəli bir zabit generala əmr verirdi. Biz bunun acısını yaşadıq. Bundan sonra bir daha bunların olmaması üçün isə lazımi tədbirlər görülür və gələcəkdə də görüləcək.
- Bəs 15 iyuldan sonrakı Türkiyə barədə nə deyə bilərsiniz? 15 iyuldan sonra Türkiyə nələrə nail oldu?
- Əslində, 15 iyulu dərindən analiz etmək üçün bir qədər ondan əvvələ baxmaq lazımdı. Söhbət 2015-ci ildə keçirilən növbədənkənar seçkilər ərəfəsində Türkiyədə cərəyan edən hadisələrdən gedir. Həmin vaxt elə bir fikir formalaşdırılmışdı ki, sanki Türkiyə idarə edilə bilmir. Hətta 7 iyun 2015-ci il seçkiləri ərəfəsində iqtidar parlamentdə çoxluğu itirmişdi. O dönəmdə parlamentdə 276 deyil 258 millət vəkilimiz vardı. Məhz belə bir vaxtda erkən seçim qərarı verildi və seçkiərdə AK Parti qalib gələrək təkbaşına iqtidar qurdu. Həmin vaxt Türkiyənin sərhədlərində də, İraqda, Suriyada problemlər yaradılmışdı. Bütün bunların fonunda dövlət çevrilişinə cəhd edildi. Yəni daxili və xarici düşmənlərimiz ölkəni xaosa sürükləmək üçün hər vasitəyə əl atdılar. Lakin başda Prezidentimiz olmaqla xalqımız xainlərə imkan vermədi. Eyni zamanda, 15 iyul dövlət çevrilişindən gərəkli dərslər çıxarıldı. Bir daha buna bənzər hadisələrin olmaması üçün, daha güclü idarəçiliyin, daha güclü dövlət modelinin ortaya qoyulması üçün sistem dəyişikliyinin vacib olduğu üzə çıxdı. Nəticədə bu gün Türkiyə daha güclü bir hala gəlib. Bu gün dünyadakı bir çox siyasətçilər “dünya lideri Ərdoğan” deyir. Bu gün Türkiyə öz hərbi potensialı ilə də önə çıxıb. Bu gün dünya Türkiyənin İHA, SİHA, Bayraqdar və s. hərbi texnika və silahlarının nəyə qadir olduğunu bilir. Amma biz bu silahları hamıya verməyi düşünmürük. Ancaq dostlarımıza. Çünki bunlar strateji məhsullardır. Bir sözlə, 15 iyuldan sonra Türkiyə ordusunu, hərbi texnikasını, həmçinin texnologiyasını gücləndirmiş, öz döyüş gəmilərini, təyyarələrini, tanklarının, raketlərini istehsal edən güclü bir dövlətə çevrilib.

 

Əsl qardaşlıq bax budur və bunu Azərbaycan göstərdi

 

- Cənab səfir, 15 iyulda Azərbaycanın sərgilədiyi mövqe barədə nə deyə bilərsiniz?
- Həmin gecə FETÖ ilə mübarizədə Türkiyəyə ən böyük dəstək Azərbaycandan gəldi. Başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti və xalqı 2016-cı il iyulun 15-də Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pislədi və qəbuledilməz hesab etdi. Türkiyədəki Azərbaycan vətəndaşları da həmin gecə Rəcəb Tayyib Ərdoğanın yanında olduqlarını, dövlətin yanında olduqlarını nümayiş etdirdilər. Yəni bir daha bütün dünya bildi ki, sevinci də, kədəri də birdir ölkələrimizin. Əsl qardaşlıq bax budur və bunu Azərbaycan göstərdi. Bu dəstəyə görə bir daha cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarıq. Eyni zamanda, digər dost ölkələr də həmin gecə Türkiyə dövlətinin və xalqının yanında olduğunu bəyan etdi. Amma bunu bəzi Avropa ölkələri barədə demək mümkün deyil. Çünki onlar uzun müddət susmağa üstünlük verdilər.
- Son sualım. Bu gün Türkiyə FETÖ-dən təmizlənir. Amma reallıq budur ki, bəzi ölkələrdə FETÖ hələ də ayaqdadır. Onlara nə çağırış edərdiniz?
- Biz dövlət çevrilişinə cəhddən sonra bütün qurumlarımızla FETÖ təhdidinə qarşı fəaliyyətə keçdik. Broşürlər hazırladıq. Mən şəxsən getdiyim bir çox ölkələrə bu broşürləri apardım, payladım. İzah etdim ki, bu təkcə Türkiyənin problemi deyil. Bu sizin də probleminizdir. Vaxtında tədbir görməsəniz sizi də içəridən ələ keçirər, dövlət qurumlarınızı ələ keçirmək üçün hərəkət edərlər. Bunlar kripto bir təşkilatlanmadır. Bir hücre tipidir. 3-5 nəfərdən kənarda kimsə bir-birini tanımaz. Bunları anlatdıq. FETÖ təhlükəsi barədə xəbərdarlıq etdik. Nəticədə, FETÖ bir çox ölkədən qovuldu. Düzdür hazırda onlar cənub şərqi Asiyada, Afrikanın bəzi ölkələrində özlərinə, necə deyərlər, yuva qurublar. Eyni zamanda, hər kəs bilsin ki, bunlar artıq Amerikada və Avropada Türkiyənin əleyhinə olan xarici terror təşkilatları ilə birlikdə hərəkət edirlər. Biz xəbərdarlığımız etmişik. Bundan nəticə çıxaran ölkələr olduğu kimi, nəticə çıxarmayanlar da var. Hələ də FETÖ-yə qucaq açan ölkələrə isə bir daha demək istəyirik ki, nə qədər gec deyil, bu bəladan xilas olun. Yoxsa sonra gec olacaq.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30