Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

09.05.2021 [00:33]

Prezident İlham Əliyev: Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır

Hazırda ötən il 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuran Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış planını reallaşdırmaq kimi mühüm vəzifə durur. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Prezident İlham Əliyev aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasının Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində videoformatda təqdim olunan çıxışında Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işlərinin həcminin kifayət qədər böyük olduğuna diqqət çəkərək bildirib: “Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq”.

İlk pilot layihənin icrasına başlanıldığı Zəngilanın Ağalı kəndinin bərpasında ən müasir texnologiyalar tətbiq olunacaq

Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası müxtəlif istiqamətlərdə həyata keçirilir. Ərazilər, ilk növbədə, minalardan təmizlənir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini vermir, bunu gizlədir. Halbuki, belə xəritələr mövcuddur və Ermənistan bu xəritələri verməməklə növbəti müharibə cinayətini törədir. Məlumat üçün bildirək ki, müharibə başa çatandan sonra 100-dən çox mülki vətəndaş minaya düşərək yaralanıb və yaxud həlak olub. Azərbaycan ərazilərin minalardan təmizlənməsini diqqət mərkəzində saxlayır. Dövlət başçımızın müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb və qurum yeni avadanlıqlarla təchiz edilir, onun ştat vahidinin sayı artırılır. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə Müdafiə Nazirliyinin tabeliyində bir neçə istehkamçı tabor yaradılıb və onlar da minatəmizləmə prosesində fəal iştirak edirlər. Qeyd edək ki, indiyədək ən böyük sahəni minalardan məhz Müdafiə Nazirliyinin tabeliyindəki taborlar təmizləyiblər. Eyni zamanda, Türkiyə və Rusiyadan olan istehkamçılar da işğaldan azad olunan ərazilərimizdə minatəmizləmə işlərində iştirak edirlər.

Gözlənildiyi kimi, minalardan təmizlənən ərazilərdə, ilk növbədə, zəruri infrastruktur qurulur. Çünki müvafiq infrastruktur yaradılmadan ərazilərə Böyük Qayıdış planını reallaşdırmaq mümkün deyil. Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilən ərazilərimizdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Vurğulamaq yerinə düşər ki, işğaldan azad edilən ərazilər bərpa olunan enerji mənbələri ilə zəngindir və onların hamısından istifadə olunacaq. Hazırda bu istiqamətdə bir neçə layihə reallaşdırılır. Bir qədər bundan əvvəl Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası dövlətimizin başçısının iştirakı ilə istifadəyə verildi. Qısa müddətdə Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı tam təmin edilib. Hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir.

İşğaldan azad edilən ərazilərdə müasir yol infrastukturunun qurulması geniş vüsət alıb. Türkiyə və yerli şirkətlər tərəfindən Füzulidən Şuşaya çəkilən yolun tikintisi intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev bu yolu “Zəfər yolu” adlandırıb. Çünki Silahlı Qüvvələrimizin əsgər və zabitləri məhz bu istiqamətdə dağlardan, qayalardan, dərələrdən, meşələrdən keçərək Şuşaya gəliblər. Şuşanın ötən il noyabrın 8-də işğaldan azad edilməsi 44 günlük müharibənin taleyini böyük dərəcədə həll etdi. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün bundan əvvəl birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngialn-Horadiz avtomobil yolunun təməlinin qoyulması mərasiminə qatılıb. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Bir qədər bundan əvvəl Azərbaycan Televiziyasına verdiyi müsahibəsində işğaldan azad olunan ərazilərdə yol layihələrinin icrasının intensiv şəkildə davam etdirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir”, - deyə vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli üç hava limanının inşasının da sosial-iqtisadi önəmi kifayət qədər böyükdür. Bu hava limanları müxtəlif istiqamətlərə gedən avtomobil yolları ilə inteqrasiya ediləcək. Bununla da xarici turistlərin və ölkəmizin digər bölgələrinin sakinlərinin işğaldan azad edilmiş ərazilərə gəlmələri, eləcə də yüklərin daşınması asanlaşacaq. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla davam etdirilir. Cari ilin sonunadək burada uçuş-enmə zolaqlarının istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində Zəngilanda yeni hava limanının təməlini qoydu. Bundan başqa, daha bir hava limanının Laçın rayonunun ərazisində inşası nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələrinin bərpası istiqamətində ilk pilot layihə isə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılacaq. Aprelin 26-da Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə Ağalı kəndinin bərpası layihəsinin təməli qoyulub. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Prezident İlham Əliyev Zəngilanda beynəlxalq hava limanının təməlinin qoyulması mərasimindəki çıxışında Ağalı kəndində ən müasir texnologiyaların tətbiq olunacağını diqqətə çatdıraraq vurğulayıb: “Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir”.

İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni-dini abidələrin bərpası nəzərdə tutulub

İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan bərpa proqramı çərçivəsində, həmçinin üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılmış və yaxud təhqir edilmiş mədəni-dini abidələrimizə də, necə deyərlər, yeni həyat verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlərə başlanıb. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində  üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hördülər. Burada çıxış edən Prezident İlham Əliyev bildirib ki, ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. “Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Müharibə başa çatdıqdan sonra bizim hər birimiz üçün əziz olan Şuşa şəhərinin mədəni həyatının bərpası istiqamətində mühüm işlər görülüb. Xatırladaq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə qısa müddətdə Şuşaya iki dəfə səfər edib, Müzəffər Ali Baş Komandan kimi Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldıb. İlk səfər zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Prezident İlham Əliyev Şuşada olarkən bildirib ki, görkəmli şəxsiyyətlərimizin ermənilər tərəfindən dağıdılan ev-muzeyləri, məqbərələri, eləcə də xan qızı Natəvanın sarayı bərpa ediləcək. Dövlətimizin başçısı Şuşada vaxtilə keçirilən “Vaqif” poeziya günləri və “Xarıbülbül” festivalının  bu ildən bərpa olunması ilə bağlı Öz göstərişini verib. Yeri gəlmişkən, hazırda “Xarıbülbül” festivalının keçirlməsinə hazırlıq görülür. Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 1107 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31