Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

24.02.2021 [09:12]

Fevralın 23-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik haqqında məlumat verib. Spiker diqqətə çatdırıb ki, iclasın gündəliyinə 22 məsələ daxildir.
İclasın gündəliyi təsdiq olunduqdan sonra cari məsələlər müzakirə olunub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva çıxışında ölkəmizdə əlillərin sosial müdafiəsi və əlilliyin müəyyənləşdirilməsi məsələsinə toxunub. O, bildirib ki, Prezident İlham Əliyevin güclü sosial siyasətinin nailiyyətləri olaraq vətəndaş rifahının təminatı, həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlar, aparılan uğurlu sosial islahatlar cəmiyyətdə rəğbət hissi ilə qarşılanır və vətəndaşlar arasında məmnunluq yaradır: “Sosial sahədə aparılan islahatlar, xüsusən müxtəlif kateqoriyalar üzrə əlilliyə görə təyin edilən sosial müavinətlərin məbləğinin artırılması, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərə təqaüdün təsis edilməsi, müharibə səbəbi ilə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması bu şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Lakin vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, bildirmək istəyirəm ki, bu gün əlilliyin təyin olunması məsələlərində müəyyən narahatçılıqlar ortaya çıxır ki, bu da mövcud qanunvericilikdə dəyişikliyin edilməsi zərurətini ortaya qoyur”.
Millət vəkili Nigar Arpadarai də çıxışında Qarabağ qazilərinin müəyyən problemlərinin həlli istiqamətində təkliflərini irəli sürüb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, Azərbaycan xalqı Qələbədən sonra itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. O deyib ki, həqiqətən də, bir xalqın mədəni varlığının və mənəvi sərvətlərinin qorunub saxlanması qayıdışın birinci şərtidir: “İndi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini Müdafiə nazirinə və Qarabağda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət ediblər. Son 3 ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180 dərəcə dəyişən UNESCO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər”.
Deputatlardan, həmçinin Müşfiq Məmmədli, Hicran Hüseynova, Azər Badamov, Ramil Həsən, Əli Məsimli, Müşfiq Cəfərov, Tahir Kərimli, Fazil Mustafa və Cavid Osmanov da çıxış edərək seçiciləri narahat edən məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Sahibə Qafarova bildirib ki, Məhkəmə-Hüquq Şurası haqqında Qanunun 6-cı maddəsinə görə Şuranın bir üzvü Milli Məclis tərəfindən təyin edilir. Ötən 5 il ərzində Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasında Milli Məclisi layiqincə təmsil edib. Milli Məclisin Sədri bu mühüm vəzifədə uğurlu fəaliyyətinə görə Ziyafət Əsgərova deputatlar adından təşəkkür edib.
Sədr bildirib ki, rotasiya qaydasında növbəti müddət üçün Məhkəmə-Hüquq Şurasının yeni üzvü təyin edilməlidir. Bu vəzifəyə Milli Məclisin deputatı Nizami Səfərovun namizədliyi irəli sürülüb. Nizami Səfərov tanınmış alim və təcrübəli hüquqşünasdır, hüquq elmləri doktorudur. Məsələ barədə deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqlənib.
Sonra gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Qanun layihəsi haqqında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. O, bildirib ki, sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanıb. Qeyd olunub ki, bu sənəd Azərbaycan və türkmən xalqlarının rifahının daha da yüksəlməsinə xidmət edir. Bildirilib ki, bununla bağlı ayrıca Saziş hazırlanacaq və imzalanacaq.
Anlaşma Memorandumu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da fikirlərini bölüşüb. O, bildirib ki, tarixi əhəmiyyət kəsb edən bu sənəd diplomatik nöqteyi-nəzərdən həm Azərbaycanın, həm də Türkmənistanın böyük uğurudur. Bu anlaşma Azərbaycanın strateji hədəflərinə yönəlmiş bir sənəddir.
Anlaşma Memorandumu səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclisin Sədri bildirib ki, gündəliyin növbəti 11 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş) barədə Birinci vitse-spiker, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, məsələ barədə əvvəlki oxunuşlarda geniş məlumat verilib. Qeyd edib ki, bu dəyişiklik Azərbaycanın hüquq sisteminin inkişafından irəli gəlir.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Sədr diqqətə çatdırıb ki, Konstitusiyaya əsasən Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur: “Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. İkinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Bizim indi qəbul etdiyimiz Konstitusiya qanunu layihəsi imzalanmaq üçün möhtərəm Prezidentimiz İlham Əliyevə təqdim ediləcək və 6 ay sonra yenidən müzakirəyə çıxarılacaq”.
Sonra plenar iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun birinci və ikinci oxunuşlarda müsbət dəyərləndirilib. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Beləliklə, bakalavr və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.
Deputatlar Məlahət İbrahimqızı və Azay Quliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsini (üçüncü oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdikdən sonra sənəd qəbul edilib.
Sonra Milli Məclisin Sədri diqqətə çatdırıb ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır. Üçüncü oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında məsələlər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq.
Əminə Ağazadə ötən iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda, həmçinin “Yol hərəkəti haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” Qanunda, “Dövlət rüsumu haqqında” Qanunda, “İşsizlikdən sığorta haqqında” Qanunda və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Səttar Möhbalıyev gündəlikdəki növbəti iki məsələni təqdim edib. Məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir. Qeyd edilib ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə aparılır.
Deputat Cəbi Quliyevin fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Bildirilib ki, dəyişiklik dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
Layihə səsə qoyularaq qəbul olunub.
“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi barədə (birinci oxunuş) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Bildirib ki, layihədə Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi məsələləri, əmək münasibətləri prosesində mülki-hüquqi müqavilələrin hansı hallarda rəsmiləşdirilməsinin yolverilməz olduğu, həmçinin Əmək müqaviləsi ilə bağlı meyarlar müəyyənləşdirilir.
Layihə barədə deputatlar Razi Nurullayev, Vüqar İskəndərov, Səttar Möhbalıyev, Sevinc Hüseynova, Rəşad Mahmudov, Tahir Mirkişili və Fazil Mustafa fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi barədə (birinci oxunuş) Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, dəyişikliyin məqsədi qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində elektron nəzarət imkanlarının gücləndirilməsidir.
Layihə səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Sonra “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələ (birinci oxunuş) müzakirəyə təqdim edilib. Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verərək. diqqətə çatdırıb ki, dəyişikliyə görə, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.
Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov məlumat verib. O, bildirib ki, dəyişiklik Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.
Daha sonra Ailə Məcəlləsində və Mülki Prosessual Məcəllədə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31