Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...
27.11.2018 [09:43]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “facebook” səhifəsində aparılmış sorğunun nəticələri və orada yazılmış şərhlər radikal müxalifət təmsilçilərinin “bloklama” siyasətini ifşa edib
Radikal müxalifət düşərgəsinin fəaliyyətinin milli maraqlara zidd olması, qeyri-demokratik mübarizə üsullarına, bir sıra hallarda isə, hətta təxribatlara əl atması bu siyasi azlığın ölkədaxili proseslərdən tamamilə təcrid olunmasına, öz yararlılıq müddətini çoxdan başa vuraraq cəmiyyətin qarınaltı yükünə çevrilməsinə gətirib çıxarıb. Despot təfəkkürlü siyasətçilərin lövbər saldığı radikal düşərgə artıq özlərini tayfa-qəbilə başçısı kimi aparan 3-5 mənfəətçinin gəlir mənbəyi olmaqdan başqa bir işə yaramır. Real həyatda heç bir uğur qazana bilməyən, ictimai dəstəyi və elektorat potensialı sıfır səviyyəsində olan bu qrup son illər bütün fəaliyyətini virtual məkana transfer edib. Lakin burada da sözügedən ünsürlərin davranışları Azərbaycan cəmiyyətinin ümumi əxlaqi keyfiyyət göstəricilərinə və demokratik mübarizə üsullarına uyğun gəlmir. Siyasi opponentlərinə qarşı “qara piar” kampaniyası aparmaq, onların ünvanına şər və böhtan yağdırmaq, bəzən hətta təhqirlərə yol vermək bu marginal qrupun sosial şəbəkələrdə mövcud olmasının əsas məqsədidir.
Radikal müxalifətə məxsus səhifələrdə bu qrupun azsaylı fəallarının “saxta profil”lərdən yazdıqları şərhlər istisna olmaqla, digər rəylər, bir qayda olaraq, silinir. Xüsusilə, vətəndaşlıq mövqeyindən çıxış edən sağlam düşüncəli gənclərin ciddi faktlara istinad edərək, “fake məlumat”larla dolu “post”lara yazdıqları şərhlər “filtrdən” keçmir, “senzurada ilişib qalır”, onların profilləri isə “blok olunur”. Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “facebook” səhifəsində aparılmış sorğunun nəticələri və orada gənclərin yazdıqları rəylər radikalların “silmə və bloklama siyasəti”ni bütün detalları ilə açıb göstərir. Sorğuya 700-dək şəxs şərh yazaraq profillərinin hansı səhifələrdə “blok” olunduğunu qeyd edib (şəkil 1).
Sözügedən sorğuda iştirak edən Elmar Məmmədov yazır ki, o, müxalifyönlü səhifələrdə dəfələrlə “blok” olunub: “Hətta təhdidlərə, təhqirlərə məruz qalmışam. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Meydan” TV, Gültəkin Hacıbəyli, Emin Milli, Cəmil Həsənli, “Made in Azerbaijan”, Əli Kərimli, AXCP Gənclər Təşkilatı, “Demokratiyaya doğru” və s. kimi səhifələrdə öz fikrimi yaza bilmirəm...” (şəkil 2).
Ramilə Rzayeva adlı fəal radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdəki səhifələrində müşahidə etdiyi başqa bir məqamı diqqətə çatdırır: “Polemikaya başlayırlar və verilən cavablara söz tapmayanda qəfildən bir başqa profildən bir nəfər (çox güman ki, bu, eyni şəxsdir, sadəcə olaraq, başqa profillə yazır) qatılır söhbətə, başlayır təhqirə - “Belə manqurtlarla polemikaya girmək sizə yaraşmaz” və bitməyən təhqirlər. Beləliklə, bizləri soyutmağa çalışırlar” (şəkil 3).
Lamiyə Rövşən qızı Əhmədova isə yazır: “Hələ 3-4 il bundan qabaq “Azadlıq” qəzetinin, Əli Kərimlinin səhifələrində “blok olunmuşam”. Bundan başqa, göbələk kimi gündən-günə artan səhifələrdə də “bloka atılıram”. Orduxan Temirxan, Emin Milli, “Azad söz”, AXCP, “Zəncir”, “Kanal Turan”, Sevinc Osmanqızı və s. səhifələrdə adları çəkilən şəxslərin əməllərini ifşa etdiyim üçün təhqirlərə məruz qalmışam. Dəfələrlə bildirmişəm ki, sıravi vətəndaş kimi öz münasibətimi ortaya qoyuram və hər zaman da diskussiyaya hazıram. Cavab, arqument tapılmayanda isə təhqir eşitmişəm” (şəkil 4).
Həsən Hüseynzadə yazır ki, öz sərbəst mövqeyini ifadə etdiyinə görə “Meydan” TV, “Kanal Turan”, “Made in Azerbaijan”, Orduxan Temirxan, Cəmil Həsənli, AXCP Gənclər Komitəsi, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, “Azad söz”, “Demokratiyaya dogru”, Qurban Məmmədov, İlqar Məmmədov, “Amerikanın səsi”, “Azadlıq” radiosu, “AzerFreedom” və bu kimi düşmən dəyirmanına su tökməklə məşğul olanlar tərəfindən idarə olunan səhifələr onu qara siyahıya salıb: “Bu gün özünü müxalifət adlandıran yığıncağın açıq siyasi mübarizəyə nə əqidəsi, nə də gücü çatmır” (şəkil 5).
Nərminə Yunusova da “Meydan” TV, “Azadlıq” qəzeti və radiosu, Əli Kərimli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Cəmil Həsənli və digər müxalifyönlü səhifələrdə və müxalifətçilərin şəxsi profillərində onlara əks olan, onları tənqid edən hər bir fikrin dərhal silindiyini bildirib: “Onlar, demək ki, bu işlə məşğul olan komanda yaradıblar. Bu da o deməkdir ki, söz azadlığını boğan elə müxalifətin özüdür!” (şəkil 6).
Ramil Vəlibəyov radikal müxalifət düşərgəsinə məxsus “facebook” səhifələrində gənclərin “blok” olunmasının səbəbini antimilli ünsürlərin ifşa olunmaqdan qorxmaları ilə əlaqələndirib. Onun yazdığına görə, bu kimi səhifələri idarə edənlər heç vaxt söz və fikir azadlığına məhəl qoymur, dözümsüzlük nümayiş etdirirlər. Yazılan fikirlərə qarşı əks arqument ortaya qoya bilməyəndə gəncləri təhqir edir, “bloklayırlar”. Bu isə, təbii ki, onların zəif və qorxaq olduqlarını göstərir (şəkil 7).
Kübra Əliyarlı adlı gəncin də üzləşdiyi vəziyyət digərləri ilə təxminən eynidir: “Söz, fikir azadlığından danışan müxalifət nümayəndələri özləri söz və fikir azadlığını pozurlar. Onlara qarşı təhqir yazılmadığı halda tənqidlərə dözümsüz yanaşaraq, profillərimizi “blok edir” və ya şərhlərimizi silirlər. Budurmu onların fikir azadlığına verdikləri “dəstək”?!” (şəkil 8).
YAP Gənclər Birliyinin səhifəsindəki sorğuda iştirak edən Lamiyə Hacızadə, Gülay Əliyeva, Kənan Kərimov, Vüsal Əliyev, Tural Nəbiyev, Orxan Daşdəmirli, Rahil Şükürov, Aydın Əhmədov, Anar Əliyev, Mehdi Mehdili, Elmir Əlizadə, Ənvər Haqverdiyev, Ülvi Fərzəliyev, Yeganə Cavadova, Zamin Süleymanov, Arzu Məmmədli, Şəmşir Kərimov, Aqşin Əliyev, Aygün Osmanova, Əli Quliyev və yüzlərlə digər gənc radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdə söz və ifadə azadlığına qarşı dözümsüz münasibətindən, polemika və diskussiya imkanlarını məhdudlaşdırmasından, şərhləri silməsi və real profil sahiblərini “bloklamasından” yazıb. Sorğunun yekununa dair hazırlanmış digər bir paylaşımda isə gənclərin profillərinin ən çox “blok” olunduğu səhifələr açıqlanıb, onlardan ibarət kollaj hazırlanıb (şəkil 9).
Beləliklə, sadalanan faktlar bir daha radikal müxalifət təmsilçilərinin dillərində əzbər etdikləri demokratik dəyərlərdən, plüralizmdən nə qədər uzaq olduqlarını göstərir. Bu qaragüruhçu qrup ən xırda tənqidi, onların yalanlarını ifşa edən fikirləri süngü ilə qarşılayır, gəncləri, sadə vətəndaşları sırf radikal siyasi azlıqla eyni baxış və mövqeyə malik olmadıqlarına görə təhqir edir. Əlbəttə, söyüş və təhqiri özlərinə qalxan edənlərin, bunu nəfəslik olaraq görənlərin cavabını da elə Azərbaycan cəmiyyəti və onun ən fəal təbəqəsi olan gənclərimiz layiqli şəkildə verir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

