Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hər bir oyuncaq bir uşağın fəthi deməkdir

Hər bir oyuncaq bir uşağın fəthi deməkdir

24.10.2009 [10:42]

Və ya avropalı Şirekin azərbaycanlı həmkarı niyə yoxdur?
Gözəl geyimli gəlinciklər, müxtəlif nağıl qəhrəmanlarının kuklaları həmişə uşaqların da, böyüklərin də diqqətini cəlb edib. Azərbaycanlı uşaqlar bütün dünyadakı yaşıdları kimi məhşur Karlson, Düyməcik, Uzuncorab Peppi kuklaları ilə əyləniblər. İndi bu sıraya daha bir neçə yeni nağıl və cizgi filmi qəhrəmanları da qoşulub: Barbi, Betmən, Spaydermən, Harri Potter, Mikki Maus, Şirek, Herakl, Skruc dayı, Tom və Ceri, Ağbəniz. Amma gəlin görək milli nağıl və dastan qəhrəmanlarımız olan Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım kuklaları nəinki dünya uşaqlarına, öz balalarımıza da olsa tanışdırmı?
Suallarımızı bu günlərdə təşkil etdiyimiz Dəyirmi masanın qonaqları- rəssam Solmaz Musayeva, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı Lətifə Quluzadə, uşaq yazıçısı Sevinc Nuruqızı və psixoloq Mirələm Vəliyev cavablandırır.
Mirələm Vəliyev: Bütün dünyada məhşur Barbi, Betmən, Spaydermən, Harri Potter, Mikki Maus, Şirek, Herakl kimi oyuncaqlar ən əvvəl ədəbiyyatda yaranıb. Daha sonra uşaq və cizgi filmlərinə köçüblər. Uşaqların sevgisini və marağını qazanandan sonra onların kuklaları yaradılıb, tirajlanıb.
Sevinc Nuruqızı: Mən Mirələm müəllimin fikirləri ilə tamamilə şərikəm. Bir məsələ var ki, bizdə də kifayət qədər məhşur nağıl qəhrəmanları var, amma onları bərbad şəkildə ekranlara gətiriblər. Ən məşhur nağıllarımızdan olan Məlikməmməd surətinin yaradıldığı “İldırımlı yollarla” filmi artıq tamaşaçıların yadından belə çıxıb. Heç bir cizgisi ilə yadda qalmayan həmin Məlikməmmədin kuklası bizim uşaqlara nə verəcək?
Solmaz Musayeva: Tamamilə doğrudur. Kukla, xüsusilə də obrazı özündə əks etdirən kukla hazırlamaq həm məsuliyyətli, həm də uzun bir prosesdir. Uşaqlarımız adlarını çəkdiyimiz obrazları yalnız ayrı-ayrı nağıl kitablarında və dərsliklərdə görüblər. Təbii ki, hər bir rəssam da bu qəhrəmanların obrazını özünün təsəvvür etdiyi, təxəyyülündə canlandırdığı şəkildə ifadə edib. Amma uşaqların marağını, onların iç dünyasını hökmən nəzərə almaq lazımdır ki, obraz uğur qazana bilsin. çünki dünyanın bütün uşaqları dinindən, dilindən asılı olmayaraq eyni dünyada-arzularının dünyasında böyüyür. Baxın, amerikalı uşaq Şireki nə qədər çox sevirsə, azərbaycanlı uşaq da o dərəcədə bu obraza vurulub.
Lətifə Quluzadə: Məsələyə bir qədər fərqli yanaşaq. Kukla həm də yaradıcılıq işidir. Elə bu gün bütün dünyanı fəth etmiş Barbi kuklasını götürək. 1950-ci illərin əvvəlində Barbara adlı qızın anası övladının gəlinciklərə olan marağını gördükdə, onu sevindirsin deyə gəlincik hazırlamaq qərarına gəlir. O zamana qədər isə gəlinciklər yalnız kartondan düzəldilirmiş. Bu ideyanı oyuncaq şirkətlərindən biri dəstəkləmiş, qadın həmin oyuncağı hazırlamaq üçün hətta Almaniyaya səfər etmiş, gəlinciyə paltar hazırlamaqdan ötrü, yəni geyimlər, rənglər bir-birini tamamlasın deyə peşəkar dizayner və dərzi tutmuş, kukla dizaynerinin köməyindən istifadə etmişdir. Doqquz ildən sonra ilk Barbi kuklası satışa çıxıb.
M.V. ümumiyyətlə, kukla obrazı yaratmaq çox böyük həssaslıq və bilgi tələb edir. Məsələn, “Harri Potter” obrazının ekranlara gəlməsi və kuklasının istehsalı nəinki uşaqlara, hətta böyüklərə də ciddi təsir göstərdi. Camaat arasında sehirbazlığa meyil açıq-aydın müşahidə olunmağa başladı. Bu mənfi tendensiyanın aradan qaldırılması üçün Amerka Birləşmiş Ştatlarında dini kuklaların istehsalı və satışına başlayıblar. Həzrəti İsa, Musa peyğəmbər və başqa peyğəmbərlərin kuklaları artıq satışdadır. O cümlədən, İngiltərədə oyuncaq firmalarından biri uşaqlara Quran oxumağı öyrədən və ərəb dilində danışan kukla istehsalına başlayıb.
L.Q. Təəssüf ki, bizdə hələ də kuklaların uşaqlara təsirinin, onların həyatında oyuncaqların əhəmiyyətini dərindən anlamırlar. Bu gün Babək, Cavanşir kimi qəhrəman kuklaların obrazları uşaqlarımıza igidlik, Cırtdan çeviklik, Göyçək Fatma xeyirxahlıq aşılayan ən gözəl vasitə ola bilər. Koroğlu, Babək kimi xalq qəhrəmanlarımızın oyuncaqları uşaqlarımıza qəhrəmanlıq, cəsarət aşılayar, onların yetişməsində tərbiyəvi rol oynayarlar. Amma bu oyuncaqları yaratmazdan əvvəl həmin obrazları uşaqlara bir də yaxşı-yaxşı tanıtmaq və sevdirmək lazımdır.
- Gəlin etiraf edək ki, kukla istehsalı çox gəlirli və həm də dövlət əhəmiyyətli bir məsələdir. Uşaqların milli xüsusiyyətlərə yad istiqamətlərə yönlənməsi çox zaman indicə sadaladığımız məsələlərdən qaynaqlanır: yad əxlaq normalarının nümayiş etdirildiyi filmlər və onların qəhrəmanlarının kukla obrazları.
S.M. Bu ilin ortalarında Bakıda “Yapon kuklaları” adlı kukla sərgisi keçirilirdi. Xüsusi işlənmiş 100-ə yaxın kuklanın hər biri özlüyündə Yaponiyanın mədəniyyəti, tarixi ənənəsi və qəhrəmanlarını əks etdirirdi. Bu iş dövlət səviyyəsində həll edilməlidir, çünki, kukla istehsalı çox gəlirli bir sahə olsa da, ilk başlanğıc üçün çox böyük sərmayə tələb edir. Mən demirəm ki, biz xarici kuklaların satışına qadağa qoyaq, uşaqlarımıza onlarla oynamağa icazə verməyək. Amma Barbi, Betmən, Spaydermən və Harri Potter kuklaları “mədəni hücumun simvolları”dır. Biz də özümüzün qəhrəmanlarımızı, mədəniyyətimizi əks etdirən kuklaların istehsalına başlamalıyıq. Lətifə xanım Barbi kuklasından danışdı. Mən uzun illərdir ki, milli gəlinciklərin hazırlanması ilə məşğulam. Bir neçə tələbəm var ki, bu işdə mənə kömək edirlər. Milli geyimdə olan gəlincikləri “Aysel” seriyası ilə hazırlayıram. İlk dəfə bu ideya ağlıma vaxtı ilə Bakı Qalantereya Fabrikinin istehsalı olan bir gəlinciyi görəndən sonra gəldi. Deməli, gözəl bir qutunun içərisində milli geyimdə boyalı bir xanımdı. Başında enli şlyapası var. Eynilə ötən əsrin ilk illərində Bakı mühitində yaşayan avropalı xanımlara bənzəyidi. Milli mədəniyyətimizin bu şəkildə təbliği mənim ürəyimi ağrıtdı.
S.N. Bu işə başdansovdu yanaşmaq Solmaz xanımın indicə sadaladığı problemləri meydana çıxaracağı şəksizdir. Hər bir oyuncaq bir uşağın fəthi, onun yaddaşında ömürlük qalacaq iz və xatirə deməkdir. Bir dəfə internet forumların birində kuklalarla bağlı müzakirəyə qatılmışdım. Əksər iştirakçılar kiçik yaşlarının ən şirin xatirəsi kimi kuklalarından söhbət açırdılar. Belə məlum olurdu ki, onların hər birinin evində kiçik də olsa bir oyuncaq var. Hətta bir qadın yazmışdı ki, nəvəsi balaca, qəhvəyi rəngli, rezin iti ilə indi də oynayır. Ona görə də, yaradılacaq obrazların üstündə oyuncaq dizayneri, sosioloqlar, psixoloqlar, peşəkar geyim dizaynerləri, rəssamlarla bərabər etnoqraflar işləməlidir.
M.V. Kuklalar çox güclü psixoloji təsirə də malikdir. Böyüklər diqqətlə müşahidə aparsalar, balacaların öz kuklaları ilə həddindən artıq yaxın ünsiyyətdə olduqlarını görərlər. Qız uşaqları öz kuklalarını yatanda da özləri ilə götürürlər. Elə oğlan uşaqları üçün də oyuncaqlar, kuklalar ən yaxın sirdaş rolunu oynayır. Yeri gəlmişkən, onu da qeyd edim ki, dünyada ən güclü, möhkəm bünovrəyə malik olduğu hesab olunan Vudu magiyası daha çox parçadan düzəldilmiş kuklalarla cadu edir. Və araşdırsaq görərik ki, uşaqların tərbiyəsində və təlimində ən gözəl vasitə kuklalar, oyuncaqlardır.
L.Q. Bu gün oyuncaq bazarında öz milli obrazlarımızın kuklalarının yoxluğu, qız uşaqlarının da əxlaqına mənfi təsir göstərir. 90-ci illərdən etibarən ağılagəlməz bir rekorda imza atmış Barbi kuklası öz bədən quruluşu, simasının insana bənzərliyi ilə hər kəsin heyrət və marağına səbəb olub. Eyni zamanda, illər uzunu səbirsizliklə bir daha yenilik gözlədikləri kukla simvoluna çevrilib. Bütün yer kürəsi bu kuklanın ecazkarlığını görərək ailələrinə, balaca balalarına bunu hədiyyə edib. Amma bu ecazkarlıq bizim qızlara nə aşılayıb? Əvvələr yalnız Barbi kuklaları mövcud idisə sonralar inkişaf edən texnologiya nəticəsində Barbi sıralarını genişləndirib, bir ailə yaradaraq öz evini qurub, oyuncaqlarını yaradıb, hətta hamam əşyalarına qədər satışa çıxarıb. Və onunla əylənən hər bir balaca qız-mən inanmıram ki, Barbidən imtina edən qız uşağı tapmaq mümkün olsun- öz sevimli kuklasına bənzəməyə, onun kimi geyinməyə və onun əşyalarının bənzərindən istifadə etməyə çalışır. Burada bizim öyüd-nəsihətimizin təsiri artıq öz gücünü itirməyə başlayır.
M.V. Uşaqlar əvvəlcə anasını, sonra isə oyuncaqlarını sevir. Əslində, uşaqların xarakterini, dünyagörüşünü, vərdişlərini oyuncaqlar formalaşdırır. Təəssüf ki, balalarımıza milli obrazları əks etdirən oyuncaqlar verə bilmirik. Azərbaycanda oyuncaq istehsal edən fabrik vaxtilə fəaliyyət göstərib. Lakin, Solmaz xanım da qeyd etdi ki, bu fabrikdə istehsal edilən oyuncaqlar milli koloritdən uzaq olub.
- Bu söhbətlər bir daha sübut edir ki, kukla anlayışı fərdi yox, qlobal xarakter daşıyır.
M.V. Ona görə də, kukla bazarı əsasən Amerika və Avropa istehsalçısının əlindədir. Burada həm nağıl, həm xalq, həm yazıçıların yaratdığı, həm də rəssamların təxəyyülünün məhsulu olan qəhrəmanların obrazlarını görmək olar. “Disney”in istehsal etdiyi cizgi film qəhrəmanlarının böyük əksəriyyətinin oyuncaq kuklaları istehsal edilərək satışa buraxılıb. Başqa xalqların uşaqları kimi, bizim uşaqlar da, təbii ki, o obrazları milli obrazlarımızdan daha yaxşı tanıyır, sevir və həmin qəhrəmanlara bənzəməyə çalışırlar. Niyə azərbaycanlı qız uşağı Göyçək Fatmaya, oğlan uşağı Ağatlı oğlana bənzəməsin? Biz uşaqlarımıza öz qəhrəmanlarımızı sevdirməliyik. Və eyni zamanda necə ki, bu gün Karlson, Şirek bizim evlərimizin sakinləridir, bizim Cırtdan, Tıq-tıq xanım da avropalı uşaqların sevimli oyuncağına çevrilməlidir.
S.N. Bu gün uşaqlara təqdim olunan kuklalar təkcə mifologiya və nağıl qəhrəmanları deyil, eyni zamanda yazıçıların yaratdığı obrazların da oyuncaqları var. Uşaq yazıçısı kimi, Azərbaycan ədəbiyyatında da kifayət qədər obrazların olduğunu xatırlatmaq istəyirəm. Niyə bizim qəhrəmanlarımız xarici “həmkarlarının” kölgəsində itib batsınlar?
L.Q. Nağıl qəhrəmanlarımızın əksəriyyətinin obrazları cizgi filmlərimizdə var. Uşaqlar həmin qəhrəmanları çox sevir. Bilmirəm fikir vermisiniz ya yox, balaca uşaqlara bir nağılı danışanda ertəsi gün həmin nağılı təkrar eşitmək istəyirlər. Bu halı mən öz tamaşalarımızda da müşahidə etmişəm. Sadəcə, dünya filmləri ilə bir sırada dayana bilən cizgi filmləri çəkmək üçün, peşəkar oyuncaq istehsalçıları lazımdır ki, uşaqlar yaradılmış obrazlara ciddi yanaşsınlar. Bu gün uşaqların çox az bir qismi bizim cizgi filmlərinə maraq göstərir. çünki bu sahədə bir boşluq, nəzarətsizlik və qeyri-peşəkarlıq hökm sürür. Əvvəl bu problemlər həll edilməlidir.
M.V. Kukla istehsalı sahəsi həm də ona görə çox böyük diqqət tələb edir ki, burada uşaqların təhlükəsizliyi də tam təmin olunmalıdır. Kuklaların hazırlandığı material onların sağlamlığına ziyan verməməlidir və sair. Bir neçə ay öncə ABŞ-da uşaq oyuncaqları istehsal edən iri şirkətlərdən biri və bayaqdan bir neçə dəfə xatırladığımız məşhur Barbinin istehsalçısı olan “Mattel Inc” şirkəti çindəki müəssisələrindən birində buraxılan 20 milyona yaxın oyuncağını ABŞ, Kanada, Böyük Britaniya və Meksika kimi böyük bazarlardan geri qaytarıb. Oyuncaqların geri yığılmasının səbəbi oyuncaqlarda istifadə olunan boyanın tərkibində qurğuşunun çox olması və istifadə edilən maqnit olub. çünki qurğuşun beyində xəstəliklər yarada bilər, maqnitlər isə uşaqlar tərəfindən udulur.
S.N. Kuklaların geri qaytarılma prosesi ilə bağlı qalmaqal zamanı çinin ticarət nazirinin “çin məhsulları tamamilə təhlükəsizdir” sözlərini sitat gətirirdilər. Lakin məhsulları geri qayıdan zavodun direktoru oyuncaqlara vurulan boyanın onun dostunun müəssisəsi tərəfindən tədarük olunduğu müəyyən olunandan sonra intihar etdi. Yəni bu dünya standartları qarşısında məsuliyyətin göstəricisidir. Həmin məsuliyyəti biz də hiss edə bilsək, daşısaq ədəbiyyatımız da, ekran əsərlərimiz də, kuklalarımız da dünya müstəvisinə çıxacaq və qalib gələcək.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1178 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30