/ / Güclü müdafiə sənayesinin yaradılmasına nail olan Azərbaycan bu sahədə ixracatçı ölkəyə çevrilir
Güclü müdafiə sənayesinin yaradılmasına nail olan Azərbaycan bu sahədə ixracatçı ölkəyə çevrilir
03.10.2018 [08:35]
Prezident İlham Əliyev: Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir
Cari il sentyabrın 25-27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “ADEX-2018” Beynəlxalq Müdafiə sərgisi başa çatsa da, bu möhtəşəm tədbirlə bağlı təəssüratlar hələ uzun müddət yaddaşlarda qalacaq. Sərgi Azərbaycanın müasir ordu quruculuğuna, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və ərazi bütövlüyünün bərpasına ən yüksək səviyyədə qətiyyətli siyasi iradə nümayiş etdirdiyini bütün dünyaya göstərdi. Sərgidəki milli pavilyonda nümayiş olunan müxtəlif növ döyüş texnikası bir daha təsdiqlədi ki, Azərbaycan güclü dövlətdir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə özünün ərazi bütövlüyünü istənilən yolla təmin etməyə qadirdir.
Qeyd edək ki, respublikamızda üçüncü dəfədir ki, Beynəlxalq Müdafiə sərgisi keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX-2018”in əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyev üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda tədbirin önəminə diqqət çəkərək vurğulayıb: “Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir”.
“ADEX-2018” son illərdə Azərbaycanın mühüm beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrildiyinə daha bir nümunədir
Son illərdə respublikamızda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Respublikamız humanitar və mədəniyyətlərarası dialoq forumlarına uğurla ev sahibliyi edir. Son bir neçə ildə Bakıda “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları və digər tədbirlər böyük müvəffəqiyyətlə keçirilib. Elə bu günlərdə Bakı cüdo üzrə dünya çempionatına ev sahibliyi edib. Bütün bu siyasi, iqtisadi, humanitar, mədəni və idman tədbirlərinin respublikamızda keçirilməsi beynəlxalq miqyasda ölkəmizə olan böyük inamın təsdiqidir. Məqsədyönlü siyasət sayəsində güclü və müasir dövlətə çevrilən Azərbaycan bütün dünyaya özünün geniş imkanlarını təqdim edir. Təsadüfi deyil ki, respublikamızın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, bir qayda olaraq, yüksək standartları ilə fərqlənir və qlobal miqyasda böyük maraq doğurur.
“ADEX-2018” isə son illərdə Azərbaycanın mühüm beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrildiyinə daha bir nümunədir. Üç gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və digər dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib.
Sərgidə Türkiyə 41 şirkətlə təmsil olunub. “ADEX-2018”ə qatılan ABŞ-ın “Vertex International” şirkəti hərbi və hüquq-mühafizə sahələri üçün həll variantları, eləcə də digər sahələrlə yanaşı, müdafiə sektorunda istismar olunan məhsulların təchizatçısıdır və 200-dən çox brendi təmsil edir. Ukrayna Müdafiə Sənayesi Təşkilatı hərbi və texniki avadanlıqların istehsalı, satışı, təmirı, modernləşdirilməsi və ixracı sahələri üzrə fəaliyyət göstərən və 100-dən çox şirkəti birləşdirən bir qurumdur. Bakıdakı sərgidə 7 şirkətlə təmsil olunan Ukrayna hərbi-sənaye kompleksi müxtəlif məhsullarını qonaqlara təqdim edib. Serbiya da sərginin maraqla qarşılanan iştirakçıları arasında yer alıb. Bu ölkədən olan “Yugoimport” şirkəti sistem inteqratoru kimi kompleks döyüş sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. Bu il sərgidə ilk dəfə iştirak edən İtaliyanın “Leonardo” şirkəti helikopterlər, aeronavtika, elektronika, müdafiə və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərir. O, ən səmərəli hərbi hazırlıq avadanlıqları, “M345” və “M346”, eləcə də “C27J” seriyalı hava gəmiləri ilə döyüş təlimi üzrə lider olan bir şirkətdir. İran İslam Respublikasının pavilyonunda “İran Electonics İndustries” şirkəti, Avionika Sənayesi və Dəniz Sənayesi təşkilatları təmsil olunub. Dünyada nüfuzlu hərbi sənaye kompleksinə malik olan Rusiyanı sərgidə 25 şirkət təmsil edib. Bu ölkənin “Rosoboronexport” şirkəti qlobal silah bazarının liderlərindən biridir və Rusiyanın illik silah satışının 85 faizdən çoxunu əhatə edir. Sərgidə Fransa Respublikasını təmsil edən “Naval Group” şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideridir. Fransa sərgidə həmçinin “Thales” şirkəti ilə təmsil olunub. “ADEX-2018”in fəal iştirakçılarından olan Belarusun “Belspetsvneshtechnika” şirkəti hazırda sistem inteqratoru kimi xidmət edir və bu ölkədə müdafiə sektorunun müxtəlif sənaye sahələrində ixtisaslaşmış 20-dən artıq təşkilatı bir araya gətirən Dövlət Hərbi Sənaye Komitəsinin ixtiralarından yararlanır. Prezident İlham Əliyev “ADEX-2018”in yeni əməkdaşlıq imkanları yaradacağına əminliyini bildirib. “Əminəm ki, “ADEX 2018” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə də milli müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcəkdir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Azərbaycanın müdafiə sənayesində 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur
Müasir dövrün reallıqları elədir ki, hər bir dövlətin gücü, beynəlxalq münasibətlər sistemindəki yeri və rolu həm də onların hərbi potensialı ilə ölçülür. Bu baxımdan qısa müstəqillik tarixində Azərbaycanın güclü müdafiə sənayesi yaratmağa nail olması böyük uğurdur. Prezident İlham Əliyev respublikamızın müdafiə sənayesi yaratmasından böyük məmnunluğunu bildirərək “Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir”, - deyə vurğulayıb.
Müstəqil Azərbaycan özünün müdafiə sənayesini işğalçı Ermənistanla müharibə şəraitində yaradıb. Müdafiə təyinatlı məhsullar istehsal edən müasir müəssisələrin olmaması səbəbindən Azərbaycan əvvəllər öz Ordusunun təchizatını təmin etmək üçün silah-sursatı, hərbi texnikanı əsasən xaricdən almaq məcburiyyətində qalırdı ki, bu da böyük həcmlərdə valyutanın ölkədən çıxması demək idi. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur.
Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür. Qısa müddətdə Azərbaycanın müdafiə təyinatlı sənayesinin imkanları o səviyyəyə çatıb ki, artıq respublikamızdan xarici bazarlara yüksək rəqabət qabiliyyətinə malik silah, sursat ixrac olunur.
Yeri gəlmişkən, “ADEX-2018” sərgisi Azərbaycanın müdafiə təyinatlı müəssisələrində buraxılan məhsulların təqdimatı baxımından da əhəmiyyətli olub. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan - 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 12,7x108 millimetrlik “Mübariz” snayper tüfəngi, 12,7x108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23x115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5x114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki nümayiş etdirilib. Nümayiş etdirilən məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, ST-12,7 tipli iriçaplı snayper tüfəngi, İST-23 tipli iriçaplı snayper tüfəngi və digər məmulatlar iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Yerli müdafə təyinatlı müəssisələrdə buraxılan texnika qoşunların təmas xəttində düşmənə qarşı layiqli müqavimət göstərən Ordumuzun maddi-texniki təchizatının möhkəmlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda söylədiyi nitqində bu mühüm amilə diqqət çəkib. Ölkənin müdafiə təyinatlı müəssisələrində 1200 adda texnika istehsal edildiyini xüsusi nəzərə çatdıran dövlət başçısı deyib: “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq”.
Ordunun müasir silahlarla təchizatı diqqət mərkəzində saxlanılır
Güclü ordu quruculuğu, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ölkəmizin prioritet hədəfləri sırasında yer alır. İşğala məruz qalan Azərbaycan öz hədəfini gizlətmir və bunu açıq şəkildə dünyaya bəyan edir. “Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir”, - deyə Prezident İlham Əliyev “ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda bildirib.
Son 15 ildə davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün ordumuzun arsenalında ən müasir döyüş texnikası, silah-sursat cəmləşib.
Biz yuxarıda “ADEX-2018” sərgisində Azərbaycanın milli pavilyonunda nümayiş etdirilən yüksək səviyyəli hərbi texnika barədə söhbət açdıq. Eyni zamanda, bəhs olunan paradda nümayiş olunan texnika Ordumuzun gücünü bütün dünyaya göstərdi. Zirehli avtomobillər üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə edilən raket kompleksləri paradı izləyənlərin böyük marağına səbəb olub. 2016-cı ilin aprel döyüşləri zamanı bu silah vasitəsilə 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikası məhv edilib. Paradda nümayiş etdirilən zirehli transportyor “BTR-82A” ağır hərbi texnika istehsalında yenilik hesab edilir. “BTR-82A”nın xüsusiyyətləri onu bütün növ qoşunlarda, həmçinin desant və kəşfiyyat bölmələrində istifadə etməyə imkan verir. Çöl şəraitində qərargah və kəşfiyyat orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş zirehli komanda-qərargah və kəşfiyyat avtomobillərində quraşdırılan və kabinədən idarə olunan “LORENS” yerüstü müşahidə stansiyası qoşunların döyüş düzülüşündə fəaliyyət göstərərək kəşfiyyat məlumatlarının əldə edilməsinə və real vaxt rejimində idarəetmə məntəqələrinə ötürülməsinə imkan yaradır.
“ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP” pilotsuz uçuş aparatları hava kəşfiyyatının aparılması və taktiki səviyyədə düşmənin canlı qüvvəsinin və yüngül zirehli texnikasının zərərsizləşdirilməsi, müşahidə və kəşfiyyat, artilleriya dəstəyi və xüsusi əməliyyatlarla bağlı qarşıya qoyulmuş vəzifələrin icrası üçün yüksək dəqiqliyi ilə seçilir. Uzun müddət havada qalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları da paradda nümayiş etdirildi. Hava məkanında patrul funksiyasını yerinə yetirərək hədəfi aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək yer hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanına malik “HAROP” aparatları aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurub. Zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, ən müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “T-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-MB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik özüyeriyən artilleriya qurğusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki raket kompleksləri də hərbi paradda nümayiş olunub.
Ümumiyyətlə, Azərbaycan Ordusunun arsenalının yeni, daha müasir silahlarla zənginləşdirilməsi davamlı prosesə çevrilib. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, cari ildə dövlət başçısının da baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri Silahlı Qüvvələrimizin sərəncamına verilib. Təntənəli hərbi paraddakı nitqində Ordumuzun yeni müasir texnika ilə təchizatının getdikcə gücləndirilməsindən söhbət açan Prezident İlham Əliyev bildirib: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Azərbaycanın hərbi qüdrətinin artması torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminlik yaradır
Həm maddi-texniki bazanın ardıcıl şəkildə gücləndirilməsi, həm idarəetmənin təkmilləşdirilməsi, həm də kadr hazırlığına diqqətin artırılması sayəsində Azərbaycan yüksək döyüş hazırlığına malik ordu formalaşdırmağa nail olub. Öz növbəsində respublikamızın hərbi qüdrətinin artması torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminlik yaradır. Bunu şanlı aprel döyüşləri bir daha təsdiqlədi. Məlumdur ki, iki il bundan əvvəl - 2016-cı il aprelin əvvəlində ermənilər qoşunların təmas xəttində növbəti dəfə təxribat törətmişdilər. Onlar Azərbaycanın ön xətdəki mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdular, həmçinin mülki əhali də düşmənin hücumuna məruz qalmışdı. Həm hərbçilər, həm də yerli sakinlər arasında ölənlər və yaralananlar var idi. Bir neçə gün davam edən aprel döyüşlərində düşmən cəzasız qalmadı, törətdiyi bəd əməllərin əvəzini artıqlaması ilə aldı. Ordumuzun rəşadəti sayəsində düşmən qüvvələri geri oturduldu. Aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, ordumuz strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləndi. Prezident İlham Əliyev aprel döyüşlərini Azərbaycanın şanlı qələbəsi kimi səciyyələndirərək deyib: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik”.
Cari ildə isə Azərbaycan Ordusu daha bir zəfərə imza atıb. Bu dəfə söhbət Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatından gedir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazi işğaldan təmizlənib. Azad edilən ərazilər Ordumuza düşmənin mövqelərinə nəzarət etmək və qarşı tərəfə sarsıdıcı zərbələr endirmək üçün geniş imkanlar qazandırıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46

