Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir

Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir

02.10.2018 [09:17]

Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir
Xəbər verildiyi kimi, bu günlərdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub, həmçinin MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki tədbirdə iştirak edib.
Tədbirlərdə müstəqil dövlətlərin MDB çərçivəsində əməkdaşlığının müxtəlif aspektlərinə dair bir sıra məsələlər geniş müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, ötən dövrdə ənənələrə uyğun olaraq ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib. Şuranın növbəti iclası 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclasında tədbir iştirakçıları kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə tanış olublar. Bundan başqa, nümayəndə heyətlərinə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verilib. Hər iki sənəd yekdilliklə qəbul olunub.
MDB dövlətlərini ortaq siyasi keçmiş və müasir çağırışlar birləşdirir
Keçmiş ittifaq məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinə üzv ölkələri ortaq tarix və müasir çağırışlar birləşdirir. MDB Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş”in imzalanması ilə təsis edilib. Preambula və 14 maddədən ibarət sənəd SSRİ-nin beynəlxalq hüquq və geosiyasi reallığın subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini, onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata Bəyannaməsini imzalayıblar. Sənəddə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılması vurğulanır. Sənəd həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks etdirirdi. Qurumun formalaşması 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.
Ötən dövrdə MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. Quruma daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərib. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə birliyin hüquq-müqavilə bazası möhkəmlənib. İnnovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. Saxta məhsulların yayılmasına qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. Ötən ilin mayında Tacikistanda MDB xüsusi xidmət orqanlarının “Düşənbə - antiterror 2017” mövzusunda irimiqyaslı təlimləri keçirilib. Birlik ölkələri arasında korrupsiyaya, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə əməkdaşlığın konsepsiyalarının işlənib hazırlanması və bəyənilməsi böyük aktuallıq daşıyır. Eləcə də yuxarıda bəhs olunan tədbirlərdə vurğulandığı kimi, MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verib. Təsadüfi deyil ki, qurum daxilində, həmçinin MDB-dən üçüncü ölkələrlə mal dövriyyəsi getdikcə artır.
MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini isə humanitar-mədəni sahə təşkil edir. Keçmiş ittifaq məkanında bu gün MDB-də birləşən dövlətlərin mədəni irsi, həmçinin şair və yazıçılar, bəstəkarlar və rəssamlar, müğənnilər geniş populyarlığa malikdirlər. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. Ötən dövrdə MDB çərçivəsində humanitar sahədə əməkdaşlığın möhkəmlənməsini hədəfləyən, gənclər siyasətinə aid, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırılması olduqca təqdirəlayiq haldır. Deyilənlərlə yanaşı, MDB dövlətləri bütün dünyada beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli qlobal nizamın bərqərar olmasını dəstəkləyirlər.
Azərbaycanın MDB ilə əməkdaşlığı müxtəlif istiqamətləri əhatə edir
Azərbaycanın keçmiş ittifaqa daxil olan dövlətlərin yaratdığı Müstəqil Dövlətlər Birliyində uğurlu təmsilçiliyi xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub. Məlum olduğu kimi, 1992-ci ilin mayında respublikamızda zorla hakimiyyəti ələ keçirən AXC-”Müsavat” iqtidarı hər vəchlə ölkəmizin MDB-yə daxil olmasını əngəlləməyə çalışırdı. AXC-”Müsavat” iqtidarının təmsilçiləri bunu müxtəlif cəfəng fikirlərlə əsaslandırırdılar. Belə iddia edirdilər ki, guya MDB-yə daxil olmaq Azərbaycanın müstəqilliyinə hansısa bir formada xələl gətirəcək. Ötən illərdə respublikamızın Müstəqil Dövlətlər Birliyi platformasında uğurlu təmsilçiliyi AXC-”Müsavat” iqtidarının baxışlarının utopiyadan ibarət olduğunu bir daha təsdiqlədi. Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş tutdu. Belə ki, respublikamızın MDB-yə qoşulması haqqında qərar 1993-cü ilin sentyabrında ratifikasiya edildi.
Müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət rejimi yaradıb, eləcə də respublikamızla digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza formalaşıb. Azərbaycan MDB-nin 2020-ci ilə qədər dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edir, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabat MDB-nin İcraiyyə Komitəsinə təqdim edilir. Həmçinin Azərbaycan barədə müvafiq məlumatlar mütəmadi olaraq “MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal”a daxil edilir.
Azərbaycan MDB ilə iqtisadi sahədə uğurla əməkdaşlıq edir. Cari ilin yanvar-avqust aylarında ölkəmizin MDB məkanı ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizdən çox artıb. Mütəxəssislərin qənaəti isə belədir ki, Azərbaycanla MDB arasında iqtisadi sahədə əməkdaşlıq imkanları daha genişdir. Eyni zamanda, son illərdə Azərbaycanın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütövlükdə MDB məkanı üçün geniş perspektivlər vəd edir. Təsadüfi deyil ki, MDB-yə daxil olan ayrı-ayrı dövlətlər bəhs olunan layihələrin yaratdığı imkanlardan bəhrələnməklə bağlı niyyətlərini bildiriblər.
MDB Azərbaycanın xarici siyasətinin ən mühüm məsələsi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da əlverişli platformadır. Məlumdur ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan münaqişənin ədalətli həllinə nail olmaq üçün beynəlxalq təşkilatların, o cümlədən də MDB-nin tribunasından geniş istifadə edir. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyəli tədbirlərdə nümayiş etdirdiyi qətiyyətli mövqenin nəticəsidir ki, bu gün MDB-yə daxil olan ayrı-ayrı dövlətlər respublikamızın ərazi bütövlüyünə dəstək nümayiş etdirirlər.
Respublikamızın Ermənistan istisna olmaqla, MDB-yə üzv dövlətlərlə yüksək səviyyəli ikitərəfli münasibətləri formalaşıb
Azərbaycanın həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamız MDB-yə daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə də böyük önəm verir. Belə rasional siyasətin nəticəsidir ki, respublikamızın MDB-də təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətləri formalaşıb. Məsələn, Azərbaycanla Rusiya arsında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərə adekvat olaraq iki ölkənin iqtisadi əlaqələri də sürətlə genişlənir. 2017-ci ilin yekununa görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Hər iki ölkə qarşılıqlı investisiya fəaliyyətini genişləndirir. Azərbaycan Rusiyaya 1 milyard dollardan artıq, qonşu ölkə isə respublikamıza təxminən 4 milyard dollar həcmində investisiya yönəldib. Şübhə yoxdur ki, qarşıdakı illərdə bu rəqəmlər daha da artacaq.
Azərbaycan-Qazaxıstan əlaqələrinin getdikcə genişlənməsi respublikamızın MDB-yə üzv dövlətlərlə yüksək səviyyəli ikitərəfli münasibətlər qurmasına yaxşı nümunədir. Azərbaycanın ixrac-idxal əməliyyatlarında vacib yer tutan ölkə kimi son illər qonşu Qazaxıstan azərbaycanlı sahibkarlar üçün xüsusilə cəlbedici olub. Təkcə bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 56 faiz artıb. Belə ki, ötən il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 142 milyon dollar olmuşdusa, bu ilin altı ayında bu göstərici artıq 117 milyon dollara çatıb.
Bütövlükdə, Azərbaycanın Ermənistan istisna olmaqla bütün MDB dövlətləri ilə çox yüksək səviyyəli ikitərəfli münasibətləri formalaşıb. İntensiv xarakter daşıyan bu münasibətlər ölkələrin milli maraqlarına xidmət edir və tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsipinə əsaslanır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30