Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

21.09.2018 [08:57]

Uğurlu enerji siyasəti ölkəmizin milli maraqlarına xidmət edir
Azərbaycanda neftçıxarmanın tarixi uzun bir dövrü əhatə edir. Quruda və dənizdə zəngin karbohidrogen ehtiyatlarına malik olan respublikamız bütün dünyada neftçıxarmada bir sıra yeni ənənələrin əsasını qoyub. Bununla belə, xalqımız malik olduğu təbii sərvətinin - zəngin karbohidrogen ehtiyatlarının bəhrəsini yalnız müstəqillik illərində görməyə başlayıb. Son 24 ildə ölkəmizdə Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyası uğurla reallaşdırılır. Ulu öndər yeni neft strategiyasında ölkəmizin reallıqlarını və imkanlarını əsas götürüb, ilk növbədə milli maraqlara istinad edib, müasir qlobal trendlərə əsasən respublikanın strateji inkişaf hədəflərini müəyyənləşdirib. Bu prinsiplər əsas götürülməklə reallaşdırılan yeni neft strategiyası müstəqillik illərində Azərbaycana regional və qlobal miqyasda böyük dividendlər qazandırıb, ölkəmizin iqtisadi gücünü, siyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyev cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində xüsusi olaraq vurğulayıb ki, respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatları yalnız müstəqillik illərində ölkəmizin inkişafına, milli maraqlara xidmət edib. “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”, - deyə dövlət başçısı bildirib.
“Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması sayəsində Azərbaycan öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkəmiz bütün sahələrdə çox ciddi problemlərlə üzləşmişdi. İqtisadi tənəzzül, getdikcə artan inflyasiya, kəskin maliyyə çatışmazlığı, insanlarda sabaha inamsızlıq, xaos, Ermənistanın havadarlarının köməyi ilə apardığı işğalçılıq siyasəti - o dövrdə respublikanın mənzərəsini səciyyələndirən bu kimi mənfi amillər hələ kövrək olan müstəqilliyimiz üçün ciddi təhdidlər yaradırdı. Ən acınacaqlı cəhət o idi ki, ölkədə inkişaf üçün heç bir perspektiv görünmürdü. Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafının təməlini qoyan “Əsrin müqaviləsi” məhz belə bir şəraitdə - 1994-cü il sentyabrın 20-də imzalandı. Mürəkkəb tarixi şəraitdə iri neft şirkətlərinin Xəzərin Azərbaycan sektorunda əməkdaşlığa cəlb olunması Ümummilli lider Heydər Əliyevin müstəsna xidməti idi. Ulu öndər Öz nüfuzu və ciddi əsaslandırmaları sayəsində xarici neft şirkətlərini Azərbaycanın zəngin neft yataqlarının işlənməsinə sərmayə qoyuluşunun perspektivlərinə inandıra bildi.
Beləliklə, Xəzərin Azərbaycan sektorunda yataqların işlənməsi istiqamətində geniş fəaliyyətə start verildi. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə böyükhəcmli vəsaitlər daxil olub. Azərbaycanın xoşbəxtliyi ondadır ki, respublikamıza gələn neft gəlirlərindən səmərəli istifadə olunur. Belə ki, vəsaitlərin bir hissəsi ölkənin perspektiv inkişafı baxımdan zəruri olan iri infrastruktur layihələrinin icrasına, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və digər belə məqsədlərə yönəldilir, digər qismi isə Dövlət Neft Fondunda toplanır. Hazırda Azərbaycan təxminən 44 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin önəmini belə səciyyələndirib: “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən il Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür.
Azərbaycan transmilli şirkətlərlə əməkdaşlığı perspektivdə də davam etdirəcək. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Bundan başqa, yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir
Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır.
Xatırladaq ki, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə böyük həcmlərdə sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini Avropanın nəhəng infrastruktur layihəsi kimi səciyyələndirərək deyib: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri, əminəm ki, bunu təsdiqləyəcək”.
Azərbaycanın müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Eyni zamanda, mənbələrin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq.
Enerji layihələrinin icrası çərçivəsində nümunəvi regional və qlobal əməkdaşlıq formatı yaranıb
Beynəlxalq əməkdaşlıq bəhs olunan enerji layihələrinin uğurla icra edilməsində əsas amillərdən biri qismində çıxış edib. Burada, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq lazım gəlir. Enerji layihələrinin icrası çərçivəsində Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Enerji layihələrinin ərsəyə gəlməsində Amerika Birləşmiş Ştatları hökumətinin böyük köməyi olub. Ümumiyyətlə, ABŞ Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan əksər layihələrə həm siyasi, həm də mənəvi və maliyyə cəhətdən dəstək göstərib.
Böyük Britaniyanı təmsil edən BP şirkəti indiyədək Azərbaycanda reallaşdırılan enerji layihələrinin əsas investorlarından biri qismində çıxış edib. Eyni zamanda, irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya hökuməti həmişə Azərbaycanın yanında olub. Bu əməkdaşlıq davam edir. Cari ildə Londonda Baş nazir xanım Meyin və Prezident İlham Əliyevin iştirakı ilə BP və SOCAR arasında növbəti enerji müqaviləsi imzalanıb. Bu, iki ölkə arasında strateji əlaqələrin yüksək səviyyədə olduğunu əks etdirir. Böyük Britaniya hökuməti Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə də öz dəstəyini göstərib.
Bu layihələrin həyata keçirilməsində maliyyə institutlarının böyük dəstəyini xüsusi qeyd etmək lazımdır. Onlar Azərbaycana inanır və öz maliyyə resurslarını ayırırlar.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur.
Xatırladaq ki, “Əsrin müqaviləsi”nə altı ölkəni təmsil edən 11 transmilli şirkət cəlb edilmişdi. Cənub Qaz Dəhlizinin icrasında isə yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30