Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təşəkkürlər Bursa, təşəkkürlər Orxan qazinin torunları

Təşəkkürlər Bursa, təşəkkürlər Orxan qazinin torunları

17.10.2009 [15:10]

Türk xalqının səsi Bursada daha dolğun, daha açıq və daha konkret şəkildə eşidildi
Türk dünyası növbəti dəfə ağır sınaqlarla üzləşib. Türk birliyi, türk qardaşlığı olduqca ağrılı bir imtahana çəkilməkdədir. Bu imtahanı təşkil edənlərin əsas məqsədi “bir millət, iki dövlət” olan Türkiyə-Azərbaycan qardaşlığına zərər vurmaq, iki qardaş ölkəni bir-birindən incik salmaqdır. Lakin onlar bir məqamı unudublar. Bu, xalqlarımızın tarixin dərinliklərindən gələn bağlarla bir-birinə sıx bağlı olmasıdır. Bəli, hansı güclərin nə istəməsindən, kimin hansı planı necə reallaşdırmağa çalışmasından asılı olmayaraq ortada bir həqiqət, bir reallıq var- Türkiyə və Azərbaycan xalqlarının çəkici eyni zindana vurmaq, eyni taleni yaşamaq və dünya durduqca bir-birindən qardaş yardımını əsirgəməmək reallığı. Bu əvvələr də belə olub, indi də belədir və heç şübhəsiz gələcəkdə də belə olacaq. Hər halda oktyabrın 14-də Bursada yaşananlar belə deməyə əsas verir.
Məlumat üçün deyək ki, həmin tarixdə Bursanın Atatürk stadionunda Türkiyə və Ermənistan milli futbol komandaları arasında oyun oldu. Ermənistan prezidenti Serj Sərkisyanın da tamaşa etdiyi bu oyundan öncə və sonra yaşananlar isə Türkiyə-Azərbaycan qardaşlığına ziyan vuracaqlarını düşünən qüvvələrin nə qədər yanıldıqlarını ortaya qoydu. Daha doğrusu, matçdan bir neçə gün öncə Bursa valisi stadiona Azərbaycan bayrağının buraxılmasına yasaq qoysa da, bursalıların təzyiqlərinə tab gətirməyərək, sonradan qərarını ləğv etdi. Bununla belə, oyuna 5-6 saat qalmış FİFA Türkiyə və Ermənistan bayrağından başqa istənilən bayrağın stadionda dalğalandırılmasını yasaq etdi.
Bu proseslərə etiraz edən Azərbaycan Mədəniyyət Dərnəyi və “Hamımız Mehmetik” təşkilatı tərəfindən 10 min Azərbaycan bayrağı Bursa Atatürk stadionu qarşısında paylanılıb. Azərbaycan Mədəniyyət Dərnəyinin Bursa şöbəsinin müdiri Handan Askeran Ton isə yığmaların oyunu ilə əlaqədar yaradılan süni gərginliyi yersiz sayıb: “İki qardaş ölkə olan Türkiyə və Azərbaycanın bayraqlarının yan-yana dalğalanması heç kimi rahatsız etməməlidir”.
Türk qonaqpərvərliyini hər kəsə nümayiş etdirəcəklərini deyən Ton oktyabrın 14-də bursalıları ev və iş yerlərinə Türkiyə və Azərbaycan bayraqları asmağa çağırıb. O, Baş nazir Rəcəb Tayyib Ərdoğandan Fələstin məsələsinə göstərdiyi həssas münasibəti Azərbaycana da göstərməsini istəyib.
Və bursalılar bu çağırışa özlərinə layiq bir şəkildə cavab veriblər. Məlumatlara əsasən, həmin tarixdə bütün Bursa üçrəngli Azərbaycan bayraqlarına bürünüb. Evlərdə, küçə və meydanlarda, hətta ticarət obyektlərində belə Azərbaycan bayrağı dalğalanıb. Eyni zamanda, 3500 polisin nəzarət etməsinə, güclü yoxlanış tədbirlərinin reallaşdırılmasına baxmayaraq Azərbaycandan və Türkiyədən olan gənclər stadiona Azərbaycan bayraqlarını keçirməyə müvəffəq olublar. Oyun gedərkən Azərbaycan bayrağı stadionda bir neçə dəfə dalğalanıb. Stadionda matçı izləyən bursalıların bir qrupu Azərbaycana dəstək əlaməti olaraq “Azərbaycan, Azərbaycan” deyə qışqırıblar. Erməni azarkeşlərinin oyun başlarkən açdıqları böyükölçülü Ermənistan bayrağı isə türk azarkeşləri tərəfindən fitə basılıb.
Yerli mətbuatın məlumatına görə, oyundan əvvəl polis tərəfindən azarkeşlərdən Azərbaycan bayraqlarının toplanaraq, necə gəldi yerə atılması bursalıların kəskin etirazına səbəb olub. Bu vaxt, stadionun qarşısına yığılan biletsiz azarkeşlərin böyük bir qrupu əllərində Azərbaycan bayraqlarını dalğalandıraraq, ‘’Bursa burada, ermənilər içəridə’’ deyə şüarlar qışqıraraq, etirazlarını bildiriblər.
Nəhayət, erməni jurnalistləri ilə dolu avtobus daşa basılıb. Bir neçə erməni jurnalist avtobusla Atatürk stadionuna yaxınlaşarkən, stadion yolunda qəzəbli izdiham onları daşlayıb.
Bursa Atatürk stadionuna planerlə (küləyin gücü ilə hərəkət edən kiçik motorsuz təyyarə) Azərbaycan bayrağını endirmək planının qarşısı isə qabaqcadan alınıb. Bunu “Milliyet” qəzetinin nüfuzlu yazarı Taha Akyol yazıb. O, bildirib ki, FİFA tərəfindən Azərbaycan bayrağının yasaqlanmasından sonra Bursada Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü olan bir qrup gənc planer icarəyə götürərək bu planerlə stadionun ortasına enmək və Azərbaycan bayrağını açmağı planlaşdırıb. Lakin Bursa polisi və şəhər rəhbərliyi bundan xəbər tutaraq həmin gənclərin üzərində təsir gücü olan şəxslərlə əlaqə saxlayıb və bu niyyətdən vaz keçilməsini istəyib. Nəticədə aksiya baş tutmayıb.
Əslində, Bursada yaşananlar-söhbət, rəsmilər istisna olmaqla, 7-dən 77-yədək bütün bursalıların Azərbaycan bayrağına olan sevgi və Azərbaycan türklərinə göstərilən qardaş sədaqətindən gedir-təbiidir. çünki Bursada Osmanlı, türk ruhu yaşayır. Yəni, müasir Bursanın, müasir bursalıların Azərbaycan sevgisi əsrlərin o tayından gələn genetik bir sevgidir. Bu sevgi özündə bir də dünyaya idarəçilik dərsi keçmiş Osmanlı qüdrətini, dostunu düşmənindən ayırd edə bilən, düşmənin gözlərinin içinə baxmağa qadir olan Osmanlı cəsarətini, xoş günündə də, dar günündə də qardaşını tək buraxmayan Osmanlı sədaqətini cəmləşdirir. Bu ruhun daşıyıcıları olan bursalılara - Orxan qazinin torunlarına təşəkkürlər etmək yerinə düşər.
Onlar bu addımları ilə Osmanlı dövlətinin ilk paytaxtlarından biri olan, bu dövlətin siyasi, iqtisadi, ictimai, mədəni həyatında önəmli dərəcədə rol oynayan Bursanın müasir zaman kəsimində tarixə türklüyün məğlubiyyət rəmzi kimi düşməsinə imkan vermədilər.
Məlumat üçün deyək ki, Osmanlı dövlətinin qurucusu Osman qazi Bizans imperiyasının əlində olan Bursanı mühasirəyə alsa da, bu şəhəri ələ keçirə bilməyib. Daha doğrusu, 1314-cü ildə mühasirəyə alınarkən üç tərəfi osmanlılar tərəfindən tutulan Bursanın tamamilə Osmanlı nəzarətinə keçməsi üçün ömrünün vəfa etmədiyini görən Osman qazi oğlu Orxan qazini yanına çağıraraq ona “Bursanı fəth et” vəsiyyətini edir.
Atasının vəsiyyətinə əməl edən Orxan qazi bu işi bacarır. 1326-cı Bursaya doğru hərəkət edən Osmanlı ordusu həmin il aprelin 6-da şəhəri ələ keçirir. Orxan qazi atasının qəbrini Bursaya gətirdərək, orada dəfn edir. Beləliklə, Bursa Osmanlının paytaxtı olur.
Həmin vaxtdan etibarən təkcə Osmanlının deyil, ümumilikdə türk dünyasının həyatında mühüm rol oynayan Bursa oktyabrın 14-də düşmənə boyun əyməməklə, qardaşı yadlar ayağına verməməklə növbəti dəfə tarix yazdı. Hər halda işğalçı Ermənistanın dövlət başçısının Türkiyənin hakim dairələri tərəfindən necə qarşılanmasından asılı olmayaraq Bursada bir türk ruhu, bir Azərbaycan ruhu hiss edildi. İşğalçı ölkə rəhbərlərinin istəyinə uyub bayrağımızı stadiona buraxmaq istəməyənlər nəinki buna nail olmadılar, eyni zamanda, bütün Bursanın üçrəngli bayrağa büründüyünün şahidi oldular. Məhz buna görə də, bir daha “Təşəkkürlər Bursa, təşəkkürlər Orxan qazinin torunları!” - deyirik.
Və sonda bir məqamı da vurğulamağı vacib bildik. Son günlər Türkiyə ilə İsrail arasında gərginlik yaşanmaqdadır. Vəziyyət o dərəcədə gərginləşib ki, artıq yaxın keçmişin müttəfiqlərinin (İsrail və Türkiyənin-N.A) gələcəyin barışmaz rəqibləri olacağ təsəvvürü formalaşmaqdadır. Bu məsələdə kimin haqlı, kimin haqsız olmasını bir kənara qoyub, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyədə baş qaldıran İsrail böhranı ilə bağlı açıqlamasına toxunmaq istərdik. İsrailin “Anadolu Qartalı” hərbi təlimlərində iştirakının rəsmi Ankara tərəfindən əngəllənməsi səbəbinə aydınlıq gətirən Rəcəb Tayyib Ərdoğan “Türk xalqının səsinə qulaq verdik”, - deyib. Düzü, gözəl əsaslandırmadır. İstənilən iqtidar atdığı addımlarda ilk olaraq məhz ölkəsinin, xalqının maraq və istəklərini nəzərə almalıdır. Buna görə, Türkiyə Baş nazirini və onun rəhbərlik etdiyi iqtidarı alqışlamaq olar. Lakin bu alqışla yanaşı, AKP iqtidarının erməni məsələsində də “Türk xalqının səsinə qulaq verdik” deyərək, lazım olan addımı atacağına ümid edirik. Türk xalqının səsi isə Bursada daha dolğun, daha açıq və daha konkret şəkildə eşidildi.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1125 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30