Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq reytinq agentliklərinin proqnozlarına görə, Azərbaycan dinamik inkişafını davam etdirəcək

Beynəlxalq reytinq agentliklərinin proqnozlarına görə, Azərbaycan dinamik inkişafını davam etdirəcək

17.08.2018 [09:18]

Mütəxəssislər nüfuzlu beynəlxalq reytinq agentliklərinin 2018-2021-ci illərdə Azərbaycan iqtisadiyyatında 3 faizədək artım olacağı ilə bağlı proqnozlarının ölkəmizin müsbət reallıqlarını ifadə etdiyini bildirirlər
Hazırda müstəqil Azərbaycan öz inkişafının əlamətdar bir dövrünü yaşayır. Qısa müddətdə bütün parametrlər baxımından Cənubi Qafqaz coğrafiyasının lider dövlətinə çevrilən respublikamız regionda qlobal əhəmiyyət daşıyan müasir enerji və nəqliyyat infrastrukturunun yaradılmasında əsas rol oynayır, bütün irimiqyaslı layihələrin həyata keçirilməsinin moderatorluğunu öz üzərinə götürür. İqtisadi və maliyyə müstəqilliyini tam təmin etməsi ölkəmizin özünəinam hissini artırıb. Bu gün Azərbaycan kənardan heç kəsdən kömək gözləmədən öz hesabına yaşayır və milli maraqlarının keşiyində qətiyyətlə dayanır.
Son 15 ildə Azərbaycanın uğurlu inkişafını dəyərləndirən ekspertlər diqqəti nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarına yönəldərək bildirirlər ki, ölkəmizin müsbət reallıqları bu gün bütün dünyada yüksək qiymətləndirilir. Qəzetimizə danışan Milli Məclisin deputatı Aydın Hüseynov da bildirib ki, Azərbaycanın bir sıra spesifik cəhətləri ilə fərqlənən nümunəvi inkişaf modelinə bütün dünyada böyük maraq göstərilməsi respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin səmərəliliyinin təzahürüdür. “Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə, inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Beynəlxalq səviyyəli dəyərləndirmələrdə ölkəmiz yol infrastrukturunun inkişafına görə 36-cı, ümumi infrastrukturun inkişafına görə 26-cı, xalqın iqtidara dəstəyinə görə 20-ci yerdə qərarlaşıb. Bu rəqəmlər Azərbaycanın son 15 ildə hansı böyük uğurlara imza atdığını təsdiqləyir. Biz müqayisə aparsaq, görərik ki, son 15 ildə beynəlxalq miqyasda iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb”, - deyə Aydın Hüseynov vurğulayıb.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində yaranan münbit zəmin əsasında Azərbaycanın inkişafı davamlı səciyyə daşıyır. Buna adekvat olaraq biz beynəlxalq səviyyəli nüfuzlu reytinq agentliklərinin ölkəmizlə bağlı mütəmadi qaydada müsbət proqnozlar ifadə etmələrinin şahidi oluruq. Fikirlərinə davam edən A.Hüseynov diqqəti elə bu günlərdə yayılan Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, “Standard & Poor’s”, “Fitch Ratings”, “Moody’s” kimi beynəlxalq reytinq agentliklərinin hesabatlarına çəkib. Millət vəkili bildirib ki, bəhs olunan hesabatlarda ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir: “Standard & Poor’s” reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib, reytinqlər üzrə proqnoz müsbət qeyd edilib”.
Aydın Hüseynov həmçinin ölkəmizdə aparılan sosial siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin böyük önəm daşıdığını vurğulayıb. Bu xüsusda fikirlərini ifadə edən A.Hüseynov deyib: “Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda sosial layihələrin prioritetliyi daim təmin edilir. Respublikanın iqtisadi-maliyyə imkanlarının genişlənməsinə adekvat olaraq yeni sosial təşəbbüslər irəli sürülür və bu sahənin maliyyə təminatı daha da gücləndirilir. Sosial sahəyə, insanların rifahının yaxşılaşmasına göstərilən diqqət öz növbəsində ölkədə vətəndaş məmnunluğu yaradır. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsinə görə Azərbaycan 306,7 dollarla dördüncü yerdə qərarlaşıb ki, bu da kifayət qədər yüksək mövqedir”
“Son illərdə Azərbaycanda sürətli iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Böyükhəcmli dövlət əsaslı vəsait qoyuluşu hesabına ölkənin infrastruktur təminatı yüksək səviyyəyə qalxıb. Bütün ölkə boyu yeni generasiya gücləri yaradılıb, rahat yollar çəkilib, çoxlu sayda su, qazlaşdırma layihələri reallaşdırılb. Eyni zamanda, iqtisadiyyatın investisiya təminatı güclənib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə ölkəmizə müxtəlif mənbələrdən 230 milyard dollardan çox investisiyalar yönəldilib. Paralel şəkildə respublikamızın strateji valyuta ehtiyatları artaraq 44 milyard dollara çatıb. Bütün bunlar, həmçinin Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatlar ölkədə sosial-iqtisadi inkişaf üçün münbit zəmin formalaşmasını təmin edib”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov ifadə edib.
Millət vəkili bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq formalaşan baza üzərində milli iqtisadiyyatımızın dinamik templərlə inkişafının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsi qürurverici haldır: “Nüfuzlu reytinq agentlikləri öz hesabatlarını beynəlxalq səviyyədə qəbul edilən metodlara əsaslanaraq hazırlayırlar. Son olaraq respublikamız barədə müsbət proqnozlar “Moody’s”in yaydığı hesabatda yer alıb. “Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb. Qurum Azərbaycanda ÜDM-in artımını bu il 1,5 faiz, gələn il 3 faiz səviyyəsində proqnozlaşdırıb. Beynəlxalq reytinq agentliklərinin bu qəbildən olan dəyərləndirmələri ölkə vətəndaşlarında respublikamızın perspektivdə daha yüksək nailiyyətlər qazanacağına güclü inam formalaşdırır”.
E.Səlimov bildirib ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar verərkən ilk növbədə ölkəmizin müsbət reallıqlarına istinad ediblər: “Məsələn, “Moody’s”in hesabatında Azərbaycanın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar birjalarda neftin qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunub. Azərbaycan iqtisadiyyatının bu il 2 faiz artacağını proqnozlaşdıran “Fitch Ratings” bunun neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına baş verəcəyini əsaslandırıb. “Fitch Ratings”in hesabatında o da ifadə edilib ki, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi manatın sabit məzənnəsi qeyd edilib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı bildirilib”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30