Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir

16.08.2018 [08:57]

Aktauda qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafına xidmət göstərəcək
Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Yeri gəlmişkən, Xəzərin hüquqi statusu haqqında Konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri 1992-ci ildən etibarən keçirilir. Azərbaycan bu müddət ərzində Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib və bütün tərəflərin mənafelərini nəzərə alıb. Lakin müəyyən süni maneələr yekun statusla bağlı razılaşmanın əldə edilməsinə imkan verməyib. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və bununla da tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. 2010-cu ildə isə Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının III Zirvə toplantısı keçirilib və bu toplantı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfələr verib. Toplantıda “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb ki, bu da regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyətə malik olan saziş kimi qiymətləndirilib. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Rusiyanın paytaxtı Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Konvensiyanın razılaşdırılması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb. Cari ilin mart ayında isə İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub.
Əksər ekspertlərin də vurğuladıqları kimi, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə xidmət edəcək. Bu, eyni zamanda, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya tarixi sənəddir: “Konvensiyanın imzalanması tarixi bir hadisədir. Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri bu Konvensiyada öz əksini tapıb. Eləcə də Xəzəryanı ölkələr bundan sonra Xəzərdən istifadə olunmasında konvensiyanın tələblərini rəhbər tutacaq və ona uyğun hərəkət edəcəklər”.
Müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələrin, erməni lobbisinə yaxın dairələrin anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərdiklərini xatırladan millət vəkilinin sözlərinə görə, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib: “Onu da xüsusi olaraq qeyd edim ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı ölkələrin, eləcə də Azərbaycanın maraqlarına uyğundur”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya beynəlxalq hüquqi statusu olan sənəd kimi olduqca mühüm və tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Xəzərin yalnız dinc məqsədlər üçün istifadə olunması, sülh, yaxın qonşuluq, dostluq və əməkdaşlıq dənizinə çevrilməsinin ön şərt kimi irəli sürülməsi də vacib şərtlərdən biridir: “Xəzər dənizində regionun ən böyük və müasir limanı Azərbaycana məxsusdur, həmçinin ölkəmiz nəqliyyat dəhlizlərinin diversifikasiyasında önəmli layihələrə imza atıb. Bu, Azərbaycanda nəqliyyat infrastrukturunun, o cümlədən gəmiçiliyin daha da inkişafı üçün mühüm əhəmiyyətə malikdir”.
E.Mirzəbəyli onu da bildirib ki, Konvensiyanın imzalanmasına aparan yolda Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, qətiyyət, milli maraqların uzlaşdırılmasına xidmət edən konstruktiv yanaşma xüsusilə qeyd olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi Konvensiyanın razılaşdırılması prosesində körpü rolunu oynayıb: “Bu baxımdan, dövlətimizin və təbii ki, Azərbaycan Prezidentinin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmasında və qəbul olunmasında müstəsna xidmətləri var. Konvensiyanın Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsziliyin qorunmasına, əməkdaşlığın genişləndirilməsinə yol açacağı, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin önəmini artıracağı şübhəsizdir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30