Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

24.07.2018 [09:18]

Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfədir
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan yeni geosiyasi şəraitdə özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Bu, ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Azərbaycanın xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. İkitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli layihələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelərə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar.
Bütövlükdə, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bununla yanaşı, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Azərbaycan, eyni zamanda beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Fransa Azərbaycanı etibarlı tərəfdaş olaraq dəyərləndirir və ölkəmizlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir
Azərbaycanın xarici siyasət kursunda Fransa Respublikası ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Fransa da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Ümumiyyətlə, Azərbaycan dünyada, Avropada, o cümlədən Fransada etibarlı tərəfdaş kimi tanınır.
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Qeyd edək ki, səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib. Ümumiyyətlə, bu səfər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb.
Prezident İlham Əliyevin səfərinə yüksək diqqət göstərilməsi dövlət başçısının simasında ölkəmizə böyük etimadın bariz nümunəsidir
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfədir. Azərbaycan Prezidentinin səfərinə göstərilmiş yüksək diqqət dövlətimizin başçısının simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Bütövlükdə, Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr tərəflər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Təqdirəlayiq haldır ki, Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri bu ölkənin biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir.
Yeri gəlmişkən, iyulun 20-də Parisdə, Yelisey Sarayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilmiş nahar çərçivəsində aparılan müzakirələrdə bütün bu məsələlər diqqət mərkəzində olub. Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır. Dövlətimizin başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin aparıldığını qeyd edib. Bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulanıb. Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü zamanı da tərəflər arasında əməkdaşlığın əhəmiyyəti və perspektivləri geniş müzakirə olunub. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Dövlətimizin başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd edib, Azərbaycan ilə Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını deyib. Prezident İlham Əliyev Azərbaycan ilə Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır. Görüşdə, həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşündə də səfərin əhəmiyyəti xüsusi olaraq nəzərə çatdırılıb. Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu deyib. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışıb, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Prezident İlham Əliyev isə Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə edərək qeyd edib ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Görüşdə vurğulanıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib. Vurğulanıb ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır. Söhbət zamanı parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırılıb.
2,3 milyard dollarlıq anlaşmalar Azərbaycanın həm Fransa, həm də Aİ ölkələri ilə iqtisadi əlaqələrinin inkişafına əhəmiyyətli töhfələr verəcək
Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün mühüm əhəmiyyətə malikdir. Səfər əsnasında Prezident İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler, “CIFAL” qrupunun prezidenti Jil Remi,”IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Wilmotte & Associes Architectes” şirkətinin icraçı direktoru xanım Borina Andriye, “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu və s. ilə görüşlər keçirib. Yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından olan şirkətlərin rəhbərləri ilə görüş nəticəsində 2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.
Yeri gəlmişkən, bəhs olunan səfər çərçivəsində müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, tərəflər arasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı haqqında Anlaşma Memorandumu, “Azərbaycan Hava Yolları” QSC və “Modern Construction Group”, “Thales” şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolakasiya sisteminin quraşdırılması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azərbaycan Hava Yolları” QSC-nin kibertəhlükəsizliyi üçün tam təhlilin hazırlanması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azeraeronaviqasiya” Hava Hərəkəti İdarəsində kibertəhlükəsizliyin təmini üçün tam təhlilin hazırlanması müqaviləsi və “Azərbaycan Hava Yolları” QSC ilə “Thales” şirkəti arasında uçuş heyətləri üçün inteqrasiya edilmiş brifinq sisteminin yaradılması üzrə Niyyət Məktubu imzalanıb.
Dövlətimizin başçısının Fransaya səfəri Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından strateji önəmə malikdir
Bu kontekstdə bir məqamı da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycan bölgədə sülh və təhlükəsizliyə müstəsna töhfələr verir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda mühüm reallıqlar və yeni əməkdaşlıq formatı yaradıb. Bundan başqa, əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropanın arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilib. Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələrindən bəhs edərkən ölkəmizin enerji təhlükəsizliyində rolunu da vurğulamaq gərəkdir. Azərbaycan öz milli maraqlarına müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Xüsusilə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir. Təsadüfi deyil ki, dünya siyasətində mühüm təsir mexanizmlərinə malik olan güc mərkəzləri, o cümlədən Avropa İttifaqı və bütövlükdə Qərb Azərbaycanla münasibətlərin inkişaf etdirilməsini strateji zərurət kimi dəyərləndirir. Birmənalı şəkildə ifadə olunur ki, Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi regional sabitlik və təhlükəsizliyə xidmət edir, yeni işbirliyi platformalarının yaradılmasını şərtləndirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri bəhs olunan qitənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Bütövlükdə, ekspertlərin qənaəti bundan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var. Bu səbəbdən optimist proqnozlar ifadə edilir. Bu baxımdan, tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı diqqətə çatdırılır. Avropa İttifaqı ölkələrinin Azərbaycanla nəqliyyat və energetika sahəsində əməkdaşlığı inkişaf etdirməsi istəyinin mütəmadi olaraq ifadə olunması da ölkəmiz tərəfindən bu kontekstdə həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsidir. Bəllidir ki, regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Bütün bunların nəticəsidir ki, Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir.
Bütövlükdə, Fransa Avropa İttifaqının aparıcı ölkələrindən biridir və Azərbaycan-Fransa münasibətlərinin inkişafı ölkəmizlə Aİ dövlətləri arasında əlaqələrin səmərəliliyinin artırılmasına müsbət və əhəmiyyətli töhfədir. Səfər zamanı aparılan danışıqlar, imzalanmış sazişlər bu əlaqələrin yeni müstəviyə yüksəlməsinə stimul verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30